Telefondakı oyunlar uşaqlara necə təsir edir? - ARAŞDIRMA

Müasir cəmiyyətdə valideynlərin və pedaqoqların ən böyük narahatlığı rəqəmsal əsrdə doğulan yeni nəslin internetdən və xüsusilə, rəqəmsal oyunlardan istifadə etməsidir. Rəqəmsal oyunların zorakı məzmunu ilə bağlı ilk müzakirələr 1976-cı ildə başlamış və 1980-ci illərdən etibarən video və kompüter oyunları ilə bağlı araşdırmalarda əhəmiyyətli artım olmuşdur.

Rəqəmsal oyunlarda, həyatda olduğu kimi, müəyyən bir standart yoxdur, yəni yaxşı və ya pis keyfiyyətli oyunlar buraxıla bilər. Burada vacib olan odur ki, oyunçular düzgün seçim, düzgün vaxt və düzgün yaşla bu oyunlara üstünlük verirlər. Rəqəmsal oyunlar öyrənmə, diqqət və vizuallıqda dəyişikliklərə səbəb olur. Bu baxımdan, rəqəmsal oyunlar 5 duyğu orqanımıza əsaslı şəkildə təsir edir.

Bir neçə il əvvələ qədər valideynlər və texnoloji cihazlar arasında demək olar ki, soyuq müharibə gedirdi. Oyun və texnologiya asılılığının riskləri ilə bağlı haqlı narahatlıqları olan valideynlər, uşaqlarını texnologiyadan uzaq tutmaq istəyirdilər. Bu gün bütün valideynlər texnologiyadan kömək alırlar ki, övladları öyrənmə bacarıqlarını təkmilləşdirsinlər və təhsildən geri qalmasınlar. Bu vəziyyətdə uşaqlarımız risk altındadırmı?

Şüurlu istifadəçilər üçün risk yoxdur

Uşaqlar üçün faydalı texnologiya hərəkətləri illər əvvəl başlasa da, xüsusilə, pandemiya zamanı texnologiya təhlükə deyil, zərurətə çevrilib. Əlbəttə ki, şüurlu istifadəçi olmaq çox vacibdir. Uşaq inkişafı mütəxəssisləri texnologiyanı qadağan etmək əvəzinə, uşağın yaşına uyğun gündəlik ekran vaxtını nəzərə alaraq, yaşına uyğun məzmunun istehlak edilməsini tövsiyə edir. Məsələn, maarifləndirici oyunlar uşaqların idrak bacarıqlarının inkişafına böyük töhfə verir.

Valideynlərin işi var

Mütəxəssislər xəbərdarlıq edir ki, kəşfiyyat oyunları adı altında təqdim olunan hər məzmuna etibar etmək olmaz. Oyunda zərərli məzmunun olmadığına və etibarlı olduğuna əmin olmaq lazımdır. Faydalı və etibarlı oyunları misal göstərmək üçün deyə bilərik ki, “MentalUP Educational Intelligence Game” bunun üçün mükəmməldir. Valideynlər və uşaqlar belə etibarlı oyunlara üstünlük verməlidirlər.

Hansı oyunlar və proqramlar zərərlidir?

Hər bir valideyn, ilk növbədə, uşağın oynamaq istədiyi oyunu şəxsən yoxlamalı və onun tərkibində uşağa zərərli elementlərin olub-olmadığını müşahidə etməlidir. Qorxu, şiddət, jarqon və mənfi davranışları təşviq edən elementləri ehtiva edən oyunlar uşaqlar üçün uyğun deyil. Eyni şəkildə, onlayn yazışmalar təklif edən və ya üçüncü tərəfin reklamlarına xidmət edən oyunlar və proqramlar uşaqlar üçün uyğun deyil. Yuxarıda qeyd olunan mənfi elementləri ehtiva etməyən, lakin heç bir faydası olmayan oyun və ya proqramlar varmı? Təbii ki, var və belə oyunlarla uşağın ekran qarşısında lazımsız vaxt keçirməsinə səbəb ola bilər. Odur ki, onun təkcə zərərsiz deyil, həm də faydalı olmasına diqqət yetirməliyik.

Doğru oyunu necə seçmək olar?

Rahatlıq üçün tövsiyə olunan təhsil proqramlarına müraciət etmək faydalı ola bilər. Təbii ki, tövsiyələrin sahənin mütəxəssisləri və ya nüfuzlu təhsil müəssisələri tərəfindən verilməsi çox vacibdir.

Məsələn, yuxarıda paylaşdığımız “MentalUP Educational Intelligence Game” Vaşinqton Universitetindən və dünyanın bir çox aparıcı təhsil müəssisələrindən tam qiymət aldı. Xüsusilə, UCL (University College London) akademikləri tərəfindən aparılan akademik araşdırmaların nəticələri çox təəccüblü idi: “MentalUP” tədqiqata daxil olan uşaqların diqqət bacarıqlarını böyük ölçüdə artıra bildi. Eynilə, hər bir valideyn etibarlı mənbələrdə qısa bir araşdırma edərək düzgün oyunlara çata bilər.

Fiziki oyunların uşaqlara müsbət təsirləri bunlardır:

Fiziki İnkişafa Təsirləri

Hərəkətli aktiv oyunlar zamanı uşağın müxtəlif əzələləri (böyük-kiçik) daralma və uzanma halındadır. Ürək döyüntüsü, qan dövranının sürəti və tənəffüs normadan yüksəkdir. Bunun nəticəsində artan və dərinləşən tənəffüs sayəsində bol oksigen havadan qana keçir. Bundan əlavə, daha sürətli qan dövranı toxumalara daha çox qida daşımağa kömək edir. Oyun zamanı bəzi təkrarlarla əzələlər həmin hərəkəti yadda saxlayır.

Balans oyunları, toplarla işləmək və buna bənzər oyunlar uşağı xarici mühitə naşı olmaqdan xilas edir. Qarşısına çıxacaq maneəni asanlıqla dəf etmək imkanı verir. Eyni zamanda, gücündən yerində və vaxtında istifadə etmək imkanı verir.

Psixomotor İnkişafa Təsirləri

Bəzi uşaqlar ən asan hərəkətləri və oyunları edə bilməyəcəklərini düşünərək qorxur və utancaq olurlar. İradəsindən düzgün istifadə edə bilmir. Uşağın əzələlərində və sinirlərində pozulma yoxdur. Gəzinti və qaçış normaldır. Ancaq heç vaxt görmədiyi və sınamadığı oyunda çətinlik çəkir. Bu istiqamətdə psixomotor inkişafda təsirli olacaq bir sıra oyunlar var. Məsələn, gəzinti və qaçış uşaqlar üçün asan fəaliyyətdir. Ancaq bütün uşaqlar geriyə doğru getməyə cəsarət etmirlər. Əgər uşağın iradəsi oyun vasitəsilə güclənərsə, qorxu öz-özünə yox olar. Oyunun verdiyi sevinc, qələbə, uğur kimi müsbət emosiyalar uşağın iradəsini artıracaq.

Emosional İnkişafa Təsirləri

Uşaq canlı və aktiv varlıqdır. Onun da həyatında daxili aləmi var. Məqsəd uşağın daxili aləminə daxil olmaq, onun hisslərini tanımaq və onu müsbət davranış və emosiyalara yönəltməkdir. Bunun üçün öyrədici oyunlar çox təsirlidir. Uşağın vəzifə hissini oyatmaq, məsuliyyət hissi qazanmaq, sosial bacarıqlar, anlayışlar, duyğular və bir çox şeyləri oyun vasitəsilə əldə etmək üçün ən təsirli üsuldur.

Sosial İnkişafa Təsirləri

3-6 yaşlı uşaqların şüuru, öz mühakimələri hələ yetişməyib. Bu səbəbdən cəmiyyətin qaydalarını nəsihət verəcək şəkildə izah etmək uyğun olmaya bilər. Cəmiyyətin qaydalarını uşağın mənimsəməsində oyun çox təsirlidir. Məsələn, evcilik oyunu yaxşı bir nümunədir. Bu oyunda uşaqlar arasında rollar bölüşdürülür, hər kəs tutduğu rola (ana, ata, uşaq və s.) uyğun hərəkət edir. Beləliklə, uşaqlar valideynlərini təqlid edərək, oyunda yaşayaraq kiçik sosial həyata girir və qarşılıqlı münasibətlərin nə olduğunu öyrənirlər.

Ağıl və Nitq İnkişafına Təsirləri

Uşağın zehni və dil inkişafına müsbət təsir edən, təfəkkür və təxəyyülünü artıran oyunlar tətbiq edilməlidir. Gördüklərini tanımaq, yaddaşında saxlamaq, gördüyü şəkilləri danışmaq, oxuduğu qısa nağılları dinləmək və sadə suallara cavab vermək, izlədiyi cizgi filmlərini danışmaq, saymaq, rəngləri tanımaq, əşyaların köməyi ilə anlayışları öyrənmək kimi bacarıqlar inkişaf etdikdə uşağın öyrənməsi asanlaşır. Bundan əlavə, uşağın gündəlik həyatından hissələri söyləmək, danışmaq, onları dramatikləşdirmək kimi oyunlar uşağın ana dilinin inkişafında çox təsirlidir.

SİA rəqəmsal oyunların uşaqların gələcəyinə, tərbiyəsinə və psixologiyasına necə təsir etməsi barədə psixoloq və ekspertlərin fikirlərini öyrənib.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Azərbaycanın QHT sektorunun tanınmış təmsilçisi Gülayə Səfərova fikirlərini bu cür ifadə edib: “Mobil telefonlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Düzdür, bunun müsbət tərəfləri olduğunu danmasaq da, amma mənfi tərəfləri də çoxdur. Bəzi insanlarda, xüsusilə də gənclər və uşaqlar arasında mobil telefon asılılığı yaranıb ki, bu da ilk növbədə, onlara fiziki baxımdan mənfi təsir göstərir. Belə ki, uzun müddət telefonda oyun oynayan uşaqlar önə əyildikləri üçün onurğalarına yük düşür, bu onların bədən duruşlarında yavaş-yavaş problemə çevrilir. Onların orqanizmləri radiasiyaya məruz qalır. Eyni zamanda onlarda yaddaş pozğunluğuna və zehni inkişafın ləngiməsinə gətirib çıxarır. Mobil telefonda uzun müddət oyun oynamaq uşaqların tərbiyəsinə də mənfi təsir göstərir, onlar çox vaxt əsəbi olurlar. Ən çox da onların əlindən telefon alındıqda bərkdən qışqırmaqla, valideynə cavab qaytarmaqla, nəyisə vurub sındırmaqla və s. digər müxtəlif vasitələrlə bunun "qisasını" almağa çalışırlar.

Bu gün internetdə uşaqların psixologiyasına mənfi təsir edən çoxlu sayda oyun var. Hətta şahidi də olmuşuq ki, bəzi oyunlar, xüsusilə də "Mavi balina" oyunu uşaqları intihar səviyyəsinə çatdırmağa da sövq etmişdi. Buna görə də valideynlər çalışmalıdırlar ki, uşaqlar asudə vaxtlarını daha faydalı işlərə sərf etsinlər. Onları maraqlarına uyğun dərnəklərə aparsınlar, dil kurslarına yazdırsınlar”.

Psixoloq Vüsalə Əmiraslanova məsələnin psixoloji yanlarına toxunub: “Uşaqlarda telefon oyunlarına maraq həmişə olub. Sadəcə, son dövrlər artıq bu onlayn təhsildən sonra uşaqlarda telefondan asılılıq yaranıb. Həm dərsləri, həm də ümumi oyunlarla bağlı uşaqlar orda müəyyən tanışlıqlar edirlər, bir-biri ilə tanış olurlar, oyunda qalib gəlirlər. Sonra müəyyən bir etapları var ki, onları keçirlər, hədiyyələr olur. Ona görə də onların maraqları günü-gündən artır.

Əslində, oyunlar uşağın gələcəyinə çox mənfi təsir göstərir. Lakin həm də müsbət təsiri var. Mənfi təsiri ondan ibarətdir ki, asılılıq yaradır, əgər aqressiv oyunlardırsa aqressiyanı artırır, yox əgər aqressiv oyunlar deyilsə, daha çox dedaktiv oyunlardırsa, bu, daha çox onlarda intellektual səviyyəni artırır. Amma hər şeydə bir müddət gözlənilməlidir. O müddətin çox olması, əslində, problem yaradır. Ümumi götürəndə oyunların o qədər də ziyanı yoxdur. Oyun oynayarkən düzgün oturuş qaydalarına riayət etməlidirlər, gözə çox yaxın olmamalıdır, dediyim kimi, saatlarla olmamalıdır, müəyyən bir ara verə-verə oynasalar onda ziyanını azaltmış olurlar.

Tərbiyəsinə təsiri ondan ibarətdir ki, valideyn birinci nəzarət etməlidir ki, hansı tipli oyundur. Yəni, nə tipdə oyundur, birbaşa tərbiyəsinə təsir edir, yoxsa yox. Qarşısı alınmaq üçün sadəcə uşaqlar rejimlə oynamalıdır, valideyn nəzarəti olmalıdır və onların marağına uyğun olsa da nəyin oynamalı olduqlarını, nəyin oynamalı olmadıqlarını onlara izah etmək lazımdır ki, fəsadlarını bilsinlər. Valideyn də ilk andan onun əlindən oyunu almaqdansa əvvəlcədən izah etsin və oynamağa düzgün oyun versin”.

SİA məsələ ilə bağlı azyaşlı uşaqların valideynlərinin də uşaqları haqqında olan fikirlərini öyrənib:

5 yaşlı Mehri İsmayılovanın valideyni: “Telefon uşaqların beyninə çox mənfi təsir edir. Hətta qızımın israrı nəticəsində ona yeni telefon da alıb vermişik. Mehri bağçaya gedir və bağçaya gedəndə ona telefon vermirəm. Bağçadan gələndən sonra yorulub yatır. Bağça nisbətən uşaqları telefondan uzaqlaşdırır.

Telefon uşağın yuxu rejiminə çox ciddi şəkildə təsir göstərir. Gecə yarısı yuxudan oyanıb telefon istəyir. Telefonla oynamayanda rahat şəkildə yuxusunu alıb yatır. O qədər telefonla oynayır ki, səhər oyananda gözləri ağrıyır.

Telefondakı oyunlar uşağı aqressiv edir. Maksimum çalışıb uşaqlara telefon verməməliyik. Amma məcbur olub veririk. Çünki ağlayır və heç başa düşmür”.

3 yaşlı Yusif Piriyevin valideyni: “Telefonla oynamağı hədsiz çox sevir. Ya bütün günü oyun oynayır, ya da çizgi filmlərə baxır. Bu da təbii ki, çox zərərlidir. Uzaqlaşdırmaq isə demək olar ki, mümkünsüzdür. Uşaqların əksəriyyəti bu vəziyyətdədir".

3 yaşlı Aybəniz İsmaylovanın valideyni: “Aybəniz evdə olanda bütün günü telefonla oynayır. Nəticədə də yuxu rejimi pozulub. Telefonu o qədər sevir ki, ona və 5 yaşlı bacısına yeni telefon alıb vermişik. Bütün günü telefona oyunlar yükləyir. Fiziki oyunlar artıq unudulub”.

4 yaşlı Rəhman Süleymanovun nənəsi: “Əvvəllər bizim vaxtımızda bir evə qonaq gedəndə bir-birimizə çəkdiyimiz şəkilləri, təzə kitablarımızı göstərərdik, pianinoda çalmağı öyrənərdik, şaşki, şahmat oynayardıq, uduzanın başına çırtma vurardıq, qaçıb həyətdə topla oynayardıq. Çox təəssüf ki indiki uşaqlar belə etmir. Mənim nəvəm Rəhman da belə uşaqlardandır. Rəhmanla evə gələn qonaq birlikdə sakit bir guşəyə çəkilərək telefona baxmaqla vaxtlarını keçirirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə