Fəvvarələr meydanında Yeni il abu-havası hökm sürür - VİDEOREPORTAJ

Dekabrın 1-də “Nargis” Fondunun təşkil etdiyi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Bakının sakinləri və qonaqları üçün öz qapılarını açdı. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. SİA xeyriyyə yarmarkasından hazırladığı reportajı təqdim edir.

Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Yeni il sehrini birlikdə kəşf edə bilərlər.

Yarmarkada fəaliyyət göstərən mağaza sahibləri və vətəndaşların yarmarka barəsində fikirlərini öyrəndik.

Sübhan İslamov: “Yarmarkaya maraq hər il olduğu kimi bu il də yüksək səviyyədədir. Həftə sonları isə demək olar ki, yarmarkaya insan axını olur. Bizim burada yerləşən mağazamızda kiçik qar yürəciklər, uşaqlar üçün yeni il tacları və bir sıra əl işləri satılır. Mağazamıza isə maraq qənaətbəxşdir”.

Bakı sakini Elxan Teymur: Azərbaycan brendi olan “Azərçay”-dan içən Elxan bəy qeyd edir ki, çay çox dadlıdır: “Dünyada ən dadlı çay Azərbaycan çayıdır. Yarmarkada abu-hava çox gözəldir. Yeni ilin gəlişini burada hiss etmək olur. Son bir il bizim üçün çox çətin keçib. Lakin arzu edirəm ki, üzümüzə gələn illər daha xoşbəxt illər kimi bizi qarşılasın və yaddaşımıza da o cür həkk olunsun. Hər kəsə gələn bu yeni ildə can sağlığı arzu edirəm”.

Göyçək Bağırzadə: “Biz burada kofe növlərinin satışını təşkil edirik. Mağazamızı yeni il abu-havasına uyğun olaraq oyuncaqlarla bəzəmişik və bu insanların marağını cəlb edir. Yarmarkaya maraq çox yüksəkdir. Əylənmək, şəkil çəkdirmək və yeni il abu-havasını hiss etmək istəyən hər kəs bura gəlir. Biz də şəhər sakinlərini yarmarkamıza dəvət edirik”.

Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən “Soyuq Əllər, İsti Ürək” qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz “Soyuq Əllər, İsti Ürək” yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi saytı və sosial şəbəkələrində paylaşılır.

2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbilə təxirə salındı. Bütün çətinliklərə və maneələrə baxmayaraq, “Nargis” Fondu qeydiyyata aldığı ailələrə kömək etməyə davam etdi, bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərin və şəxsən Fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərildi. Qeyd edək ki, karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.

71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci ilin yanvar ayının 15-dək davam edəcək. Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlib Yeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik! Havalar soyuq olsa da, qəlblərimiz daim isti olsun!

Fondun fəaliyyətı barədə ətraflı məlumat və “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri rəsmi sosial şəbəkə resurslarından əldə etmək mümkündür.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə