Geyim mədəniyyətdi, yoxsa düşüncə tərzi - PAYTAXT SAKİNLƏRİ DANIŞDI - SORĞU

Hamımız səliqəli, zövqlə, dəbə uyğun geyinməyi sevirik və hər dəfə çalışırıq ki, bizə yaraşan, rahat geyim alaq. Müasir dəbə uyğun olmasa da, gərək bizə yaraşan geyimləri seçə bilək. Ancaq digər geyimlər çox vaxt qınaq obyektinə çevrilir. “İnsanı geyiminə görə qarşılayıb, savadına görə yola salarlar” deyə, atalarımız boşuna deməyib. Hər bir insan öz düşüncələrinə, həyat tərzinə görə geyinir. Geyimlərimiz bizim haqqımızda bizdən öncə məlumat verir. Uzun müddət eyni tərz insanda imici formalaşdırır. İnsanların imici, geyim forması onların daxili dünyası ilə sıx əlaqəlidir. Görəsən, insanlar geyim tərzi haqqında nə düşünürlər? SİA olaraq sorğu keçirdik:

Şəhər sakini Kənan Allahverdiyev: “Fikrimcə, geyimin əsas məqsədi insan səhhətini qorumaq və insanlar arasında müəyyən məsafə meydana gətirməkdir. Qadın və kişi geyimi geniş, rahat, təmiz, səliqəli görünməli, qıcıqlandırıcı rənglərdən uzaq olmalıdır. İnsan özünə yaraşanı bilməli və geyinməlidir. Əlbəttə, insan hər yerə istədiyini geyinə bilməz. Hər şəraitin öz geyimi olmalıdır. Digər tərəfdən insanlar da başqalarının fikirlərini normal dərəcədə qarşılamalı, kiməsə qarşı geyimə görə şiddətə, təhdidə əl atmamalıdırlar”.

Şəhər sakini Rəhimə Qüdrətova: “Biz, adətən, xoşlayırıq bizə aid olmayan işlərə qarışaq. Əgər hansısa geyim ölkəmizdə qadağan olunmayıbsa, bizim kimlərəsə nəsə söz deməyə ixtiyarımız yoxdur. Lakin bəzən elə eybəcərlikləri görürük ki, həmin geyimlər heç də gənclərə yaraşmır, əksinə, pis görünür və yaxud gənc qızlar bəzən elə makiyaj, saç düzümü edirlər ki, bu da onlara yaraşmır. Lakin həmin insana, onun ailəsinə bu xoş gələ bilər və başqasının bu məsələyə müdaxilə etməsi doğru deyil”.

Şəhər sakini Samir Vəliyev: “Məncə, bəzi insanlar onlara nəyin yaraşıb-yaraşmayacağını bilmirlər. İnsan gərək birinci öz zövqünü təyin etməyi bacarmalıdır ki, mağazaya da gedərkən ona uyğun geyimlər seçə bilsinlər. İndi də bəzi xanımlar dəbi açıq geyinməkdə bilirlər ancaq bu heç də yaxşı görünmür. Əksinə, mənim zövqümcə, onlar çox qıcıqlandırıcı və zövqsüz görünürlər. Əgər kənarda dayanıb özlərinə başqalarının gözü ilə baxsalar, məncə, həqiqətləri daha aydın görərlər”.

Şəhər sakini Aqil Ağalarlı: “Hər bir geyimin öz yeri var. Mini ətəyi gündəlik iş yerinə və dərsə geyinmək müasirlik sayılmır. İşin iş geyimi olmalıdır və yaxud idman geyimi ilə toya getmək insanı gülünc duruma sala bilər. Bəzi insanlar var ki, özləri dəbdən danışıb, dəbsiz geyinirlər. Mən onlara təklif edərdim ki, çox yox, bir dəfə modelyer dizaynerlə məsləhətləşib, bədən formalarına uyğun geyimlər haqqında məlumat alsınlar”.

Şəhər sakini Aytac Rüstəmova: “Mən fikir verirəm, istər iş qadınları, istərsə də evdar xanımlar çox zaman nə geyindiklərinin fərqində olmurlar. İş qadınlarının idman geyimlərində, evdar qadının ziyafət geyimləri ilə cəmiyyət arasına çıxması çox acınacaqlı bir vəziyyətdir. Qadınlarımızın çoxu qlamurluq etmək istəyində olduğu üçün bir-birinə uyğun olmayan geyimləri uyğunlaşdırmağa can atırlar. Əslində isə, qlamurluq qeyri-adilikdir. Qlamurluq toy köynəyi ilə idman şalvarı geyinmək demək deyil”.

Şəhər sakini Gülnaz Səfərova: “Paltar adamın psixologiyasını dəyişdirir. Elə bir paltar geyinərsiniz ki, özünüzü çox xoşbəxt, güclü hiss edərsiniz, amma tam əksinə, bir paltar geyinərsiniz ki, o da sizi yerin dibinə batırar. Hətta paltarların da bir dili var. İnsanlar geydiyi paltarlarla özünü güclü və ya gücsüz hiss edə bilər. Paltarlarımız duyğu dünyamızı, eyni zamanda başqalarının bizə qarşı fikirlərini dəyişə bilər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə