18 Oktyabr Müstəqilliyin Bərpası Günü - MƏQALƏ

Müstəqillik! Tarixən bir çox xalqın can atdığı, uğrunda döyüşdüyü, qan tökdüyü, bəzən əldə etdiyi, bir çox hallarda nail ola bilmədiyi tarixi hadisədir.

Biz azərbaycanlılarda isə müstəqillik sadəcə tarixi bir hadisə deyil. Bu bizdə bir azadlıq eşqidir, suverenlik sevdasıdır. Tariximizin istənilən səhifələri ya müstəqillik uğrunda mübarizə, ya da müstəqilliyi əldə etmiş qızıl tarixlə doludur. Biz istədiyimizi ala bilən, müstəqilliyi nəyin hesabına olursa olsun – qanlı döyüşlər, böyük mübarizələr sayəsində əldə edən bir xalq olduq həmişə. Cümhuriyyət şəhidlərinin yanına 20 Yanvar şəhidlərini qoyaraq əldə etdik, qazandıq müstəqilliyi. Biz müstəqilliyi söz kimi deyil, termin kimi deyil, yaşam tərzi kimi sevdik, qoruduq, yaşatdıq.

1991-ci il 18 Oktyabr! Azərbaycan Respublikasının Müstəqilliyininin Bərpası Günü. 70 illik əsarətdən sonra xalq yenidən öz müstəqilliyinə qovuşmuşdu, öz dövlətçilik ənənələrini bərpa etmişdi. Lakin həmin zaman Azərbaycan çətin sınaqlar, böyük problemlər içində çabalayırdı. Bunlar bir neçə günə həll oluna bilən problemlər deyildi. Müstəqilliyin ilk illəri həqiqətən çox çətin idi. Bir tərəfdən müstəmləkə iqtisadiyyatından müstəqil iqtisadiyyata keçə bilməyən çökmüş iqtisadiyyat, xalqın fəlakət dolu maddi durumu, digər tərəfdən Qarabağda erməni hərbi birləşmələrinin təcavüzünün başlanması, kəndlərin, rayonların işğalı, faciələr, məcburi köçkünlər, onların yerləşdirilmə çətinlikləri, bütün bunlar azmış kimi Gəncə hərbi qiyamı, ölkənin şimal bölgəsindəki separatçı ünsürlər “Ləzgistan dövləti” yaratmaq istəkləri, cənub bölgəsində “Talış-Muğan Respublikası” yaratmağa çalışanlar və üstəgəl hakimiyyətsizlik problemi böyük çətinlik törədirdi. Respublika rəhbərliyinin doğru düzgün insanların əlində olmaması, ilk rəhbərlərin xalqın mənafeyini deyil, öz mənafelərini güdməsi və digər problemlər. Sadalayarkən belə bu qədər çətindirsə yoluna qoyula bilməyi nə qədər ağır olar. Məhz bu yerdə Ulu Öndər Heydər Əliyevin hamımızın əzbər bildiyi bir kəlamı qeyd etmək yerinə düşər: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Xalq öz çıxış yolunu bilirdi. Xalq 1969-82-ci illərini unutmamışdı, respublika doğru düzgün rəhbərliyini, xalq öz dahi şəxsiyyətini gözləyirdi. Bütün çıxış yolları bir şəxsiyyəti göstərirdi, xalqın əsas inam yeri, güc yeri Heydər Əliyevi. Elə Ulu Heydərin də əsas gücü xalq idi. Bunu Heydər Əliyevin öz sözləri ilə desək: “Xalq mənim gücüm, dayağım və inamımdır”. Xalq və Heydər gücü, məhz bu birlik gənc Azərbaycan Respublikasının çıxış yolu idi, pənahı idi. Azərbaycanlı olması ilə həmişə fəxr edən bu böyük dahi rəhbər öz əməlləri və fəaliyyəti ilə Azərbaycanda əsl müstəqilliyin bərqərar olmasını təmin etdi. Onun bu sahədə fəaliyyətini təkcə siyasi məsələlərlə məhdudlaşdırmaq olmaz. Çünki bura həm də iqtisadi, hərbi, sosial, mədəni və başqa sahələr də daxildir. Müstəqilliyin gücləndirilməsi Heydər Əliyevin həyat amalı idi. Elə Ulu Öndərin öz sözləri ilə desək: “Mənim üçün həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”. Bax beləcə addım-addım quruldu, yaradıldı Azərbaycan.

İndi Azərbaycanın müstəqilliyindən 30 il keçir. İstər 30 il, istərsə də 300 il keçsin müstəqilliyin ilk illəri- 1991 oktyabrdan 1993 iyun ayınadək olan dövr tariximizdə hər zaman acınacaqlı bir mərhələ kimi yad olunacaq. Həmin bu tarixi dövr kəsiyinin tarixi analizini möhtərəm prezidentimiz cənab İlham Əliyevin analitik izahında baxaq. Prezidentimiz 2016-cı il 17 oktyabr tarixində müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çox maraqlı izahat verərək bildirdi ki, “Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993 cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdi. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Qarabağdan qovulurdular”. Həmin dövr üçün Prezident daha sonra qeyd edir ki, “o illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, cəmiyyətdə milli həmrəylik , milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altında düşməsindən istifadə edərək – halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı”.

Prezident ikinci mərhələyə aydınlıq gətirərək qeyd edir ki, “ 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətinə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində silahlı adamlar dəstə-dəstə gəzirdi, insanlar incidilirdi. Baxmayaraq ki, Ermənistanla qanlı döyüşlər gedirdi” deyə qeyd edirdi Prezident.

Elə həmin nitqində Prezident çox maraqlı sintez apararaq 1920-ci il müstəqilliyin itirilməsi ilə bu dövrün oxşar hadisələrindən qeyd edir ki, “Cəmi bir il ərzində AXC-Musavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik – 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi” deyə qeyd edən Prezidentimiz oxşar hadisələri bu şəkildə göstərir.

Xoşbəxtlikdən Heydər Əliyev və onun layiqli davamçısı, tariximizin böyük sərkərdəsi İlham Əliyevin gəlməsi, onların dayanıqlı quruculuq və müstəqilliyi möhkəmləndirilməsi işləri Azərbaycanı müstəqillikdən 30 il sonra qalib dövrə gətirib çıxardı. “Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik” deyən Prezidentimiz bir çox məsələlərdə imza atıb, nida qoyduğu kimi müstəqilliyin əbədiləşdirilməsində də öz sözünü deyə bilən və işini görə bilən qəhrəmandır. Yaxın tarix , 44 günlük qalibiyyət bu qəhrəmanlığın hələ bir nümunəsidir.

Yeni adınla, Müstəqilliyin Bərpası Günü adınla çox yaşa Azərbaycan!

30 illik qalib müstəqilliyin mübarək Azərbaycan!

Böyük lider sərkərdənlə, xalqınla, ordunla hələ çox uğurlara imza atacaqsan Azərbaycan!

Müstəqilliyin Bərpası Gününüz mübarək olsun.

Şəhrəbanu Ağalarova

Bütün xəbərlər Facebook səhifəmizdə