Telefon münasibətləri necə məhv edir? ARAŞDIRMA

Hamı bilir ki, həyatımızın böyük bir hissəsini ağıllı telefonlar ələ keçirib. Telefonla həyatınızdakı insandan daha çox vaxt keçirirsinizsə, bu, həyəcan təbili çalır. SİA araşdırma apararaq münasibətləri məhv edən mobil telefon vərdişlərini təqdim edir:

1. Nəyə güldüyünüzü qarşı tərəfə göstərməmək

Əgər sevgiliniz telefonu ilə çox əylənirsə, maraqlanmağa haqqınız var. Bu, özünüzü etibarsız və qısqanc hiss etdirə bilər. Telefonunuzda gördüklərinizi ortağınızla paylaşmaq isə vəziyyəti düzəldə bilər. Birlikdə gülməkdən gözəl nə ola bilər?

2. Telefonu hər saniyə üstündə daşımaq

Bir otaqdan digərinə keçərkən də əlinizdə telefon aparsanız, ortağınız onlardan bir şey gizlətdiyinizi hiss edə bilər.

3. Hər bildirimi yoxlamaq istəyi

İstənilən vaxt cihazlarımıza məhdudiyyətsiz bildirişlər gələ bilər. Bunun üçün telefonu səssiz olaraq istifadə edə bilərsiniz.

4. İş saatları xaricində elektron poçtlara geri dönüş etmək

İşiniz bitdikdən bir neçə saat sonra da telefonla iş məktublarınıza və ya qrup söhbətlərinizə baxmağı dayandırmalısınız. İş haqqında düşünmədən ortağınızla xoş vaxt keçirməlisiniz.

5. Süfrədə oturarkən belə telefonla məşğul olmaq

Yemək zamanı smartfonlardan uzaq durmaq çox vacibdir. Telefonlarınızla bir -birinizlə keçirməli olduğunuz vaxtı keçirsəniz, münasibətlərinizdə ünsiyyət probleminiz olacaq. Bu, o deməkdir ki, uzunmüddətli əlaqələr sizin üçün bir xəyaldır.

Romantik bir səhnəni ağıllı telefonunuzu cibinizdən çıxarmaqdan daha sürətli heç nə öldürmür. Araşdırmalara görə, telefonunuza bağlı olmaq, sevdiyiniz insanla əlaqənizi korlayır.

Cib telefonlarının əlaqələrə necə təsir etdiyinə dair bir çox araşdırma aparılıb. Bəziləri bunun müsbət təsir göstərdiyini irəli sürürlər - zəng etmək və mesaj yazmaqla bir tərəfdaşla asan, yaxın təmasda olmaq insanları münasibətlərində daha xoşbəxt və daha etibarlı edir. Digər araşdırmalar cib telefonlarının qaranlıq tərəfini ortaya qoyur. Ancaq ağıllı telefonlar, bizi dünyaya bağlayır.

Psixoloq Mahuxanım Teymurova məsələnin psixoloji yanlarına toxunub: “Telefondan asılılıq günümüzün ən böyük problemlərindəndir. Bu problem istər ailə daxilində, istər iki dost arasında, istərsə də iki sevgili arasında müşahidə oluna bilir.

Telefondan asılılıq halı nomofobiya (Nomofobia-No mobile Phone phobia) adlanır. Nomofobiyası olan adam telefonunu hər zaman gözlərinin önündə görmək istəyir. Nomofobiyası olan şəxslər internet bağlantısının kəsiləcəyindən və ya internet paketinin tükənəcəyindən qorxur. Ən çox rast gəlinən hallardan biri, adapterlərinin bitməsidir. Onlar liftə girəndə telefonunu təkrar -təkrar yoxlayırlar. Adapterləri 30 faizdən aşağı düşəndə ​​narahat olmağa başlayır. Bu və buna bənzər simptomları olan insanlar nomofobiyadan əziyyət çəkir.

Nomofobiyanın müalicəsi varmı?

Bəli. Müalicə zamanı məruz qalma terapiyasından da istifadə oluna bilər. Məsələn, bir müddət telefonsuz olmağı istəyə bilər. Əlbəttə ki, birdən-birə buna məruz qoyanda ilk dəfə edə bilməyə bilər. Lakin əgər kiçik zamanla başlasa, bu zaman bacarması daha çox mümkündür. Edilən bir araşdırmaya görə, 18-24 yaş arası gənclərin yüzdə 76-sı "Telefonunuzu itirsəniz nə edərdiniz?" sualına cavab olaraq narahatlıq yaşayacaqlarını bildiriblər. Texnologiya inkişaf etdikcə bu cür yeni fobiyalarla qarşılaşmaq mümkündür. Ancaq bu narahatlıq vəziyyətinin daha da irəli getməməsi üçün müalicə edilməlidir. Müalicə olunmadıqda nomofobiyası olan şəxslərdə sosial fobiya və digər psixoloji problemlər ola bilər”.

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı da münasibət bildirib: “Son illərdə əhali, xüsusən də gənclər, yeniyetmələr və hətta uşaqlar arasında psixoloji deyə biləcəyimiz bir xəstəlik yaranıb. Bu da telefonamaniya və smartfonamaniyadır. Çünki artıq bütün maraqlı, əyləncəli informativ məsələlər hamısı bir balaca cihazda cəmləşib və hərənin əlində də belə bir smartfon var. Uşaqlar, yeniyetmələr, gənclər üçün bu daha cəlbedicidir. Çünki oradan həm əlaqələr saxlaya bilirlər, həm maraqlı, əyləncəli oyunlar tapırlar. İnternetdən isə müxtəlif lazım olan informasiyalar əldə edirlər. Beləliklə, bütün günü bu aparatdan asılı vəziyyətdə qalırlar.

Artıq fikir veririk ki, ənənəvi uşaq oyunları, deyək ki, idman yarışları, həyət oyunları, söhbətlər, müzakirələr arxa plana keçib. Hər kəs əlində bir dənə smartfon virtual dünyaya qapılıb. Bu çox təhlükəli psixoloji bir problemdir. Əlbəttə ki, bu texnologiyadan lazım olan həddə istifadə etmək olar, informasiya almaq, əlaqələr qurmaq, məlumat, bilik toplamaq üçün, hətta istirahət üçün kinoya baxmaq olar, musiqilərə qulaq asmaq olar. Amma, bu gün ərzində, gecələr hətta davamlı şəkildə olarsa, həm fizioloji, həm də psixoloji cəhətdən çox ciddi problemlər yaranacaq. Ona görə də valideynlər xüsusilə buna diqqətli olmalıdır, azyaşlı uşaqların əlinə bahalı smartfonları verib onları nəzarətsiz bir dünyaya buraxırlar, hansı ki, o dünyada, internet dünyasında çox təhlükəli, qorxunc, intihara sürükləyən belə materiallar mövcuddur. Psixotron terror elementləri var, uşaqların psixologiyasına çox ağır travmalar vura bilən, onların fikrində, şüurunda anormal vəziyyətlər yarada bilən materiallarla doludur. Ona görə hesab edirəm ki, xüsusən uşaq və yeniyetmələrə nəzarət ciddi olmalıdır. Onlar bütün günü telefonla, internetlə məşğul olmamalıdır.

Qaldı ki gənclər, orta yaşlılar və digərləri, onlar da heç olmasa vacib məsələlərdə bundan istifadə etsələr yaxşı olar. Məsələn, elə peşələr var ki, onlar bütün günü internetdə, kompüterdə, televizorda, telefonda məşğul olmaq ehtiyacı yoxdur. Ancaq jurnalistləri istisna etmək olar, jurnalistin işi məhz bununla bağlıdır və o gün ərzində çox vaxt bu telefon, internet, kompüter vasitəsilə işini aparır. Amma digər sahələrdə buna ehtiyac yoxdur. Sadəcə əlaqələrini qonşuları, dostları, qohumları ilə danışıqlar, yazışmalar və internetdə lazımlı materiallar, xəbərlər, informasiyalar hər hansı bir kinolara baxmaq məqsədilə gündə bir neçə saat istifadə edə bilər. Bundan artıq olması artıq ciddi psixoloji bir problem, xəstəlikdir. Bunun da axırı yaxşı qutarmır, getdikcə şiddətlənir, narkotik asılılığı kimi bir şey olur və çox ciddi problemlər yaranır. Ona görə də bu məsələyə bir qədər böyüklər nəzarət etməlivə uşaqlara da nəzarət etməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...