Sevgililərin əl-ələ tutmasına paytaxt sakinləri necə baxır? - SORĞU

"Elimizin adəti var, öyrən gəlin", el məsəlindən başqa bir də "ədəb kamil insanda olur" deyimi var. Kimin ədəbi varsa, deməli o kamil, yetkin, yetişmiş insandır. Azərbaycanda tarix boyu adət-ənənə, ədəb böyüklərdən bizə miras qalıb, gələcək nəsillər üçün qorunub saxlanılıb. Zaman dəyişsə də, müasir, zəmanə insanı yetişsə də adət-ənənəmizə sadiqlik həmişə olub. SİA-nın əməkdaşları maraqlı sorğu keçiriblər. Paytaxt sakinlərindən xüsusən də gənclərin ədəb-ərkan qaydalarına nə qədər əməl etdikləri barədə onların fikirlərini öyrəniblər. "Sevgililərin əl-ələ tutması ədəb qaydaları çərçivəsindədirmi", sualına fərqli cavablar verilib:

Paytaxt sakini Həqiqət Cəfərzadə: “Cütlüklərin şəhərdə əl-ələ gəzməsi və ya yaxud da yaxın münasibət qurmaları çox normaldır. Müasir dövrdür. Hər kəs istədiyi kimi hərəkət edə bilər. Qıraqdan onlara kiminsə nə isə deməsi düzgün deyil. Heç kim onlara qarışa bilməz”.

Paytaxt sakini Polad Eyvazov: “Bir cavan olaraq sevgililərə, cütlüklərə pis baxmıram. Amma bu o demək deyil ki, onlar cəmiyyətdə, hər kəsin gözləri qarşısında istədiklərini edə bilərlər. Hər şeyin bir həddi var”.

Paytaxt sakini Nurxanım Səmədova: “Sevmək ayıb bir şey deyil. Amma bəzən yaşlıların, qocaların yanında elə hərəkət edirlər ki, bu yolverilməzdir. Uşaqla parka çıxırıq, onlar da görüb, örnək götürürlər. Hər şeyin bir həddi-hüdudu var. Sevgi o demək deyil ki, küçədə necə istəyirsənsə, elə də hərəkət edəsən. Bu cür insanlara normal baxmıram”.

Paytaxt sakini Fərman Ağayev: “Bizim vaxtımızda belə deyildi. Hər kəs utanırdı, çəkinirdi. Böyük-kiçik sayırdılar. Amma indiki gənclər elə deyil. Yaşlıların, uşaqların gözləri qarşısında hər hoqqadan çıxırlar. Müasirlik adı altında hər şey edirlər. Bunların heç biri bizim adət-ənənəmizə uyğun deyil”.

Paytaxt sakini Kəmalə Nəsirova: “Sevgi Allahın göndərdiyi bir hədiyyədir. O da hər adama qismət olmur. Şəhərdəki cütlüklərə münasibətim əlbəttə ki, çox yaxşıdır. Müasir dövrdür. Sevgililər əl-ələ tutuşmalıdır, gəzməlidir”.

Paytaxt sakini Həsən Bahadırov: “Məncə, sevgililərin birlikdə gəzməsi, əl-ələ tutmaları normal haldır. Hər kəsin öz düşüncəsi var. Heç kim heç kimə qarışa bilməz. Amma yenə də normanı gözləsələr daha yaxşı ola bilər”.

Paytaxt sakini Nisə Abdullayeva: “Sevgililərin şəhərdə birlikdə gəzməsi, əl-ələ tutması və yaxud da hər kəsin içərisində yaxın münasibətdə olmaları düzgün deyil. Hər şeyin bir həddi-hüdudu olmalıdır. Biz də cavan olmuşuq. Cəmiyyətin, yaşlıların, uşaqların içərisində başqa hərəkətləri nümayiş etdirmək düzgün deyil. Əgər nişanlıdılarsa, bu hal normal qarşılana bilər”.

Paytaxt sakini Həsən Həsənli: “Kim necə istəyirsə, elə də hərəkət edə bilər və buna da heç kim qarışa bilməz. Artıq müasir dövrdür. Təbii ki, gənclərin, sevgililərin, şəhərdə əl-ələ tutması, bir-birilərinə yaxın münasibət göstərmələri çox normaldır”.

Paytaxt sakini Zenfira Sadıqova: “Şəhərdəki cütlüklərə normal baxıram. Kim hansı tərbiyəni alıbsa, onu da nümayiş etdirir. Məncə bu normal haldır. Çünki müasir dövrdür. Demək olar ki. bütün ölkələrdə sevgililər, cütlüklər əl-ələ gəzirlər, hər kəsin içərisində yaxın münasibət nümyaiş etdirirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...