Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir - RƏSMİ

Bu gün Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

SİA-nın məlumatına görə, Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib.

Vitse spiker bildirib ki, müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.

Vitse-spiker vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.

Müzakirələrdən sonra qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə