Vətən müharibəsinin iştirakçıları dövlətin qayğısı ilə əhatə olunub

Keçmişi qələbələrlə zəngin olan Azərbaycanımıza cəsur döyüşçüləri, mətin sərkərdələri daim şan-şöhrət gətirmişdir. Belə döyüşçülər sırasında olan Cavidanlar, Babəklər, Şah İsmayıl Xətailər, Cavad xanlar, Səməd bəy Mehmandarovlar, Həzi Aslanovlar, Şirin Mirzəyevlər, Mübariz İbrahimovlar, Polad Həşimovlar bu millətin tarixinə qızıl hərflərlə həkk olunmuş, adlarına şeirlər, bayatılar, dastanlar yazılmışdır. Cənab Ali Baş Komandanımız İlham Əliyev də bu qüdrətli xalqın müzəffər sərkərdəsidir. Məhz onun başçılığı, onun əmri ilə bu xalq bütöv bir yumruq kimi birləşdi və 44 günlük müharibə dövrünün hər bir anında öz Komandanına, öz Ördusuna arxa-dayaq oldu. Ali Baş Komandanımızın çağırışı ilə 10 minlərlə gəncimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli nümayəndəliklərinə və idarələrinə müraciət edərək Qarabağımızın azadlığı uğrunda müharibəyə getmək üçün könüllü müraciətlər etdi.

27 sentyabr 2020-ci il tarixdə quduzlaşmış düşmənin növbəti təxribatı artıq səbr kasasını daşırdı və nəticədə cəmi 44 gün ərzində dünya hərb tarixinə, o cümlədən Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq "Dəmir Yumruq" əməliyyatı baş tutdu. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etdi. Beləliklə, xalqımızın şanlı tarixinə çevrilən "Dəmir Yumruq" əməliyyatı dünyaya Azərbaycan xalqının gücünü, dövlətin xalq ilə vəhdətini nümayiş etdirdi.

Şübhə yoxdur ki, qələbə hissi Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti, illərdir apardığı Ordu quruculuğu və vətənpərvər gənc nəsil yetişdirmə ideologiyası nəticəsində yaşandı. Ölkə başçımızın da dediyi kimi Qələbəni, Azərbaycan əsgəri, Azərbaycan zabiti təmin etdi. Həmin əsgərlər ki, 2003-cü ildə balaca uşaqlar idi. O uşaqların hər biri həyatlarının hər anında vətən sevgisi ilə böyümüş, ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın düşmən işğalından qurtulması üçün canını belə gözünü qırpmadan verəcək vətənpərvər, qeyrətli həyat yolu seçmişlər. Və bunun məntiqi nəticəsi olaraq onlar düşmənin üstünə gözü bağlı getmiş, nə ölümdən, nə sağlamlığını itirməkdən qorxmamış, vətən torpağına qan axıtmağı şərəf bilmişlər. Qələbəmiz möhtəşəmdir, lakin hər şeyin bir bədəli olduğu kimi bu qələbənində böyük bədəlləri var idi. Yüzlərə qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Ancaq əminliklə deyə bilərəm ki, onlar heç vaxt unudulmur və unudulmayacaq. Onlar daim həm xalq, həm də dövlət tərəfindən qayğı ilə əhatə olunacaqlar.

Cənab Ali Baş Komandanımızın Şəhid ailələrinə, qazilərimizə və Vətən Müharibəsi iştirakçılarına diqqət və qayğısının nəticəsidir ki, müharibədən qısa bir vaxt sonra əsas fəaliyyət istiqaməti şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi, həyat və məişət şəraitlərinin yaxşılaşdırılması olan "YAŞAT" fondu yaradıldı. Bu fond həm də dövlətlə xalqın birliyinin sübutudur. "YAŞAT" Fonduna könüllü surətdə dünyanın hər yerindən humanitar yardımlar və pul ianələri köçürülür. Fond, qazi və şəhid ailələri ilə mütəmmadi görüşlər keçirir, onların əsas problemlərinin aradan qaldırılması üçün durmadan fəaliyyət göstərir.

Dövlətimizin qayğısı sadəcə şəhid və ya qazi ailələri ilə məhdudlaşmır. Eyni zamanda müharibədən əziyyət çəkmiş mülki vətəndaşlar da dövlətimizin güclü qayğısını hiss edirlər. Onların hər biri zərər görmüş əmlakları, mülkləri üçün maliyyə yardımları ilə təmin olunur və sosial ehtiyaclarının təmin olunması istiqamətində işlər görülür.

Hər zaman xalqının rifahını düşünən Cənab Ali Baş Komandan İlham Əliyev 7 yanvar 2021-ci tarixli fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturlarında Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması barədə göstəriş vermişdir. Bu şöbələrin əsas məqsədi Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial problemlərinin dövlət tərəfindən tez bir zamanda aradan qaldırılmasıdır. Bu istiqamətdə görülən işlərdən biri də aparılan döyüş əməliyyatlarında xəsarət almış hərbi qulluqçularımızın tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli üçün xüsusi komissiyanın yaradılmasıdır. Həmçinin, dövlətimiz tərəfindən təmənnasız olaraq müharibə iştirakçılarına və şəhid ailələrinə psixoloji yardımın təşkil edilməsi üçün də komissiya yaradılmışdır.

Qeyd etmək istərdim ki, mən də 44 günlük "Dəmir Yumruq" əməliyyatlarının iştirakçısıyam və bununla fəxr edirəm. Deyə bilərəm ki, müharibə sonrası bəzi xırda problemlərlə rastlaşsam da dövlətimizin bu mövzuda həssaslığının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində yaradılmış komissiyasında şahidi oldum. Mövcud problemin qısa zamanda həlli mənə və komissiyaya müraciət edən müharibə iştirakçılarına qarşı münasibət Dövlətin bu kateqoriyadan olan insanlara xüsusi diqqətinin göstəricisi idi.

Bütün bu göstəricilər dövlət siyasətinin əsasında Azərbaycan xalqının suverenliyinin, rifahının, müstəqil və dinamik inkişafının olduğunun bariz göstəricisidir. Ali Baş Komandanımızın düşünülmüş, dəqiq daxili və xarici siyasətinin nəticəsi olaraq bu gün müzəffər Ordumuz, suveren dövlətimiz, bütöv Azərbaycanımız, firavan həyatımız var. Bəli, Azərbaycan illərdir ki, hər səviyyədə bu günlərə hazırlaşırdı. Hər strukturda torpaqlarımızın azadlığına hesablanmış işlər görülür, həm müharibə dövründə, həm də müharibədən sonra olacaqlarla bağlı işlər aparılırdı. Və bugün bu işlər öz nəticəsini göstərir.

Sonda bir daha bildirmək istərdim ki, xalqımızın birliyi onun gücündədir. Bu gücü nümayiş etdirən isə Ali Baş Komandanın düzgün siyasətidir. Şübhə yoxdur ki, 44 günlük müharibə dövründə olduğu kimi bundan sonra da Azərbaycan xalqı daim Ali Baş Komandanının, Orusunun arxasında, müharibədən zərər çəkmiş vətəndaşlarımızın yanında olacaqdır. Azərbaycan xalqını birliyini sübut edərək Azərbaycanı bütöv edən bu sözlər: "Qarabağ Azaddır! Qarabağ Azərbaycandır!" tarix boyu dillərdən düşməyəcək, Şəhidlərimiz qazilərimiz heç vaxt unudulmayacaq, daim qəlblərimizdə yaşayacaqdır! Yaşasın Azərbaycan!

Süpay Məmmədov

Pirallahı rayon sakini, Vətən Müharibəsi iştirakçısı

Bütün xəbərlər Facebook səhifəmizdə