Azərbaycanda karantin rejimi yenidən sərtləşdi - ŞƏRH

Prezident İlham Əliyev: “Karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”

Məlum olduğu kimi, sentyabrın 27-də saat 06:00 radələrində quduzlaşmış Ermənistanın Azərbaycana qarşı təxribatı artıq 44 –cü günü Tarixi Qələbə ilə başa çatdı. Çünki Azərbaycan haqqın, ədalətin bərpası uğrunda vuruşurdu. Bu "QƏLƏBƏ ZƏFƏRİ 44 gün davam edən və 30 illik həsrətə son" deyən - Ali Baş Komandandanımızın zəfər müjdəsidir!

Belə bir məqamda dünyanı ağuşuna alan "COVID-19"-a qarşı mübarizədə də bu qələbəyə nail olacağımız gün də gələcək. Ancaq bu "gözəgörünməz müharibədə" göstərilən qanunlara əməl olunarsa. Bu mübarizədə vətəndaşların karantin qaydalarına əməl etmələri bu "pandemiya müharibəsinə" qalib gəlməyin əsas yoludur və bu şərtləri ilə yaşamağa məcburdur. Reallıq odur ki, ani bir diqqətsizlik insanların həyatını sual altında qoya bilər. Çünki gözəgörünməz bəla çox təhlükəli, aqressivdir və hansısa səhv ağır nəticələr verə bilər.

Dövlət başçımız dünyanı ağuşuna alan koronavirus pandeminasının ilk günlərindən Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düşünülmüş düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb və məhz zamanında görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Ölkədə hansı vəziyyətin olmasından asılı olmayaraq vətəndaşlar karantin qaydalarına əməl etməlidir

Qeyd edək ki, son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

- Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır; Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır; 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır; 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır; 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Həmçinin, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Fəaliyyətinə icazə verilən sahələr: 1.hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; 2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; 3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; 4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; 5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; 6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; 7. kütləvi informasiya vasitələrinin fəaliyyəti; 8. mühafizə xidmətləri.

FHN əhaliyə müraciəti:

Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciətində bildirir ki, son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayət edər: bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin; başqa əxslərlə minimum iki metr sosial məsafə saxlayın, əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin.

Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!

Açıq havada qoruyucu maska taxmayanlar da cərimələnəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərara əsasən, bu gündən Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub.

lkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Beləliklə, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunub. Bununla da, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Belə ki, Azərbaycanda noyabrın 21-dən açıq havada maskadan istifadə etməyənlər cərimə olunacaqlar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, açıq havada maska taxmaq mütləq vacibdir: “Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, pandemiya dövründə antibiotiklərdən səhv istifadə edilməsi ehtiyacı olan insanların bu dərmanlara əl çatanlığını ləngidə bilər: “COVID-19-a qarşı effektiv müalicə yoxdur. Pandemiya dövründə antimikrob dərmanlardan istifadə bu dərmanlara qarşı davamlılığın yaranmasına səbəb ola bilər. Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır. Koronavirusa yoluxmuş xəstələrin xəstənaya yerləşdirmə göstəricisinə baxsaq, xəstələrin 8 faizində bakterial və ya göbələk infeksiyasının olduğunu görərik. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəlikdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil. Ağır simptomlıu bakterial infeksiyanın müalicəsində antibiotik müalicəsi tövsiyyə edilir”.

Əlbəttə ki, unutmaq lazım deyil ki, biz beş ilə işğal olunmuş Vətən torpaqlarını cəmi 44 günə azad etmiş bir xalqıq. Necə ki, Vətən müharibəsində zəfər qazanmaq üçün bizim güclü ordumuz, polad iradəli Ali Baş Komandanımız və öz Komandanının arxasınca sona qədər getməyə hazır olan yenilməz xalqımız vardı, eynilə bu gün də koronavirusla mübarizədən qalib çıxmaq üçün bizim ən müasir avadanlıq və preparatlarla təchiz olunmuş səhiyyəmiz, fədakar həkimlərimiz, hər zaman öz xalqının qayğısına qalan Prezidentimiz və öz Prezidentinin ətrafında sıx birləşən millətimiz var. Bunun üçün isə, birliyimizdə, həmrəyliyimiz olmaqla, hər bir kəs özündə məsuliyyətli olmalıdır. Ona görə də hamıya hər yerdə tibbi maskanı taxmağını tövsüyyə edirik. Bu, ən azından sizin sağlamlığınız üçün vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, “Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.

Bəli, biz buna ancaq karantin rejiminin qanunlarına əməl etməklə nail ola bilərik.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə