DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi QHT-lərlə görüş keçirib TƏDBİR

Oktyabrın 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Görüş zamanı Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov torpaqlarımızın erməni terrorçularından təmizlənməsi uğrunda ordumuzun apardığı uğurlarından, əldə edilən qələbələrdən bəhs edib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin beynəlxalq arenada əldə etdiyi diplomatik nailiyyətlərindən danışıb. Vurğulanıb ki, tarixlər boyu Azərbaycan xalqının humanistliyi, tolerantlığı və qonaqpərvərliyindən sui-istifadə edərək özlərinə heçdən dövlət yaradan köçəri və quldur erməni tayfaları, onların başlarında dayanan savadsız liderləri hər gün rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri tərəfindən yerlərində otuzdurulurlar. Hər gün yeni ərazilərimiz düşmən tapdağından azad edilərək, torpaqlarımıza Azərbaycanın müqəddəs, şanlı üçrəngli bayrağı sancılır. Bütün bunlar isə bilavasitə xalqının böyük oğlu, mütərəqqi lideri, qətiyyətli və əzmkar sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev cənablarının sarsılmaz iradəsinin məntiqi, bariz nəticəsidir.

Görüşdə iştirak edən Baş İdarənin rəis müavini, polis pokovniki Samir Zeynalov da öz növbəsində qeyd edib ki, qazanılan hər bir qələbə növbəti qələbələrə doğru atılan inamlı addımdır.

Polis polkovniki həmçinin bildirib ki, Azərbaycanda DİN tərəfindən də bir sıra məsələlər diqqətdə saxlanılır və eyni zamanda xalqın, vətəndaşların təhlükəsizlikləri istiqamətində lazımi, müvafiq addımlar atılmaqdadır. Belə ki, həyata keçirilən işlərdən biri də insan alverinə qarşı aparılan mübarizədir. Samir Zeynalov çıxışı əsnasında qeyd edib ki, bu sahədə görülən işlər müsbət nəticələrini göstərir, nailiyyətlər əldə olunur. İnsan alverinə qarşı mübarizə daim nəzər dairəsində saxlanılır, habelə bu tip cinayət hallarının aradan qaldırılması istiqamətində polis orqanları öz töhfələrini verməkdədir.

Görüş zamanı QHT-lərin insan alveri ilə mübarizə istiqamətində dövlətə dəstəyindən danışılıb, layihələr barədə məlumatlar verilib.

Sonda görüş iştirakçıları mövzu ətrafında fikir mübadilələri aparıb, ideya və təkliflərini bölüşüblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...