Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşdi

Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşir. SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Həçminin layihədə Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağan edilir.

Layihədə o da qeyd olunur ki, transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılacaq. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəsisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...