Hər bir insan dünyaya göz açmadan öncə Tanrı onun alnına taleyini yazır və çiyninə məsul bir missiya yükləyir. Lakin bəzi seçilmiş insanları Allah bir neçə missiya ilə taclandırır. Bu fərq də hər insana nəsib olmur. İllərin axışı, tarix və zaman kimin bu taca layiq olduğunu sübut edir. Bəli, Heydər Əliyev məhz o seçilmiş bəndələrdən idi. O mənada ki, Heydər Əliyev sadəcə müstəqil Azərbaycanı qurmaqla kifayətlənməyib, xalqına özündən sonra da yaratdığı, memarı olduğu Azərbaycanı layiqli şəkildə idarə edəcək miras qoyub.

Heydər Əliyevin Azərbaycan üçün əvəzsiz və fədakarcasına xidmətləri onu həyatı bahasına başa gəldi. Çünki o bütöv bir insan ömrünü, taleyini xalqına, millətinə həsr etdi. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni bir dövrün təməli qoyuldu, respublikamızda əsaslı intibah prosesi başladı. Ulu öndərin təşəbbüskarlığı, iradəsi, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasında önə çıxardı. Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan o illərdə sürətlə inkişaf etməyə başladı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı və çoxşaxəli islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində həm də gələcək müstəqilliyin təmin olunması üçün əsaslı qığılcım rolunu oynadı.

Şəhərlərdə, rayonlarda, hətta kəndlərdə əsaslı inkişafın təməli qoyuldu. Qısa müddət ərzində yeni istehsal və sənaye müəssisələri yaradıldı. İnsanların sosial təminatı, mədəni-intellektual səviyyəsi yüksəldi. Ulu öndərin təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu. Bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları üçün tutarlı zəmin yaradıldı.

Müasir Azərbaycan tarixinin hər şanlı səhifəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixin bu unudulmaz vərəqlərindən biri də 14 iyuldur. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan müstəqil ve suveren ölkə kimi çıxış etməyə başladı. Ard-arda nailiyyətlər əldə olundu. 1993-cü ilin sonu – 1994-cü ilin əvvəllərində Azərbaycan Ordusunun cəbhədəki uğurlarına buna ən başlıca nümunədir. Bunun ardınca ölkənin çökmüş iqtisadiyyatını bərpa etmək üçün təməl prinsip xarici investorların cəlb edilməsi idisə, Ümummili lider 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsinə nail olmaqla bunu təmin etdi. Elə həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin bağlandı və müharibədən çıxan, uçqunlar altından xilas olan bir ölkəyə yeni nəfəs verildi. Beləliklə də, Azərbaycan xarici sərmayəçilər üçün əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi.

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu Öndər Heydər Əliyev bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Bu sözlər hər bir Azərbaycan vətəndaşının zehninə həkk olunmuşdur, böyükdən-kiçiyə hər kəs üçün yaddaş kitabçası rolunu oynayır. Bu fikirlər insan ömrünün özünü xalqına, millətinə, dövlətinə, onun parlaq gələcəyinə ruhlandıran əsas düstur, onu işıqlı sabahlara səsləyən ən başlıca şüarlardan biridir. Heydər Əliyev öz varlığı ilə düşüncələrdə yeni bir çıraq yandırmış dahi şəxsiyyətdir.
“Heydər Əliyev Azərbaycan və dünya üçün kimdir?” sualına ayrılıqda cavab axtarsaq görərik ki, bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidirsə, dünya üçün Azərbaycanı kökündən tanımağın, Azərbaycanın qüdrətini dərk etməyin ən düzgün vasitəsidir.

Bu gün atılan addımlar Heydər Əliyevin adı ilə bağlıdır, əldə olunan uğurlar onun siyasi məktəbinin bəhrəsidir. Dövlət quruculuğu, gənclər siyasəti, enerji təhlükəsizliyi siyasəti, demokratik seçki prosesinin müəyyənləşdirilməsi onun siyasi uzaqgörənliyinin məhsuludur. Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalandığı dövrdə–1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə Ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Bu müqavilənin imzalanması ilə Ulu öndər Heydər Əliyev xalqın öz təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnu təmin etdi. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Beləliklə də Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Ölkəmizdə güclü və modern ordu quruculuğuna başlanıldı. Bu sahədə də vacib nailiyyətlər əldə edildi. Heydər Əliyev dünyanın bir çox nüfuzlu xarici ölkələrində səfərlərdə oldu. Getdiyi hər ölkədə Azərbaycan həqiqətlərini geniş beynəlxalq ictimaiyyətə çatdırdı. Elə bunun nəticəsi idi ki, 1996-cı ilin dekabrında Lissabon sammitində Azərbaycanın Qarabağ üzərində suveren hüququ beynəlxalq miqyasda tam qəbul olundu. Heydər Əliyev böyük müdrikliklə dövlətin əsas təsisatlarını yaratmağa başladı. 1995-ci ildə ölkə Konstitusiyasının qəbulu hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin baza prinsiplərini müəyyənləşdirdi. Əsas Qanunun qəbulundan sonra ictimai həyatın bütün sahələrində köklü islahatların aparılmasına başlanıldı. Paralel olaraq ölkəni iqtisadi böhrandan çıxarmaq üçün iqtisadiyyatda struktur islahatları aparıldı. Dövlət əmlakının özəlləşdirilməsi prosesinə başlanıldı. Sahibkarlığın inkişafı məqsədilə ciddi qanunverici baza formalaşdırıldı. Müvafiq dövlət proqramları qəbul olundu. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq aqrar sektorda islahatlar həyata keçirildi. Torpaq əsl sahibinə - kəndliyə qaytarıldı.

Hər bir cəmiyyətin və dövlətin inkişafı üçün əsas və başlıca meyarlardan biri də demokratik seçki prinsipidir ki, bu prinsipin müəyyənləşdirilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda xalqın azad, demokratik seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ təsbit olunmuşdur. Bu sənədin 1991-ci ildə qəbul olunmasına baxmayaraq, Azərbaycanda demokratik seçkilərin keçirilməsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Belə ki, Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq, ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün başlıca prioritetləri müəyyənləşdirdi.

Azərbaycan bu gün də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir, güclənir, dünyanın nüfuzlu ölkələri ilə eyni cərgədə dayanır. Dünya miqyasındakı uğurlarımızın gündən-günə artması bir daha sübut edir ki, ulu öndər bizim üçün ən mükəmməl, ən sərfəli siyasi kurs və dövlət idarəçiliyi prinsipləri yaratmışdır.
Bu gün cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısıdır. 1990-cı illərin tarixin uçqunlarının altında qalmış Azərbaycanı, onun qələbə məşəlini zirvələrə qaldıran Ümumilli lider Heydər Əliyev oldu, o məşəli zirvədə böyük bir əzmkarlıqla və daim parlaq yanmasını təmin etməklə tutan cənab Prezident İlham Əliyevdir. Ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs nəticəsində bu gün Azərbaycan həyəcanla və təşvişlə “Sabah necə olacaq?” sualına yox, “Gələcəyimi necə daha parlaq edə bilərəm?” – sualına əminliklə cavab axtarır.

Şəbnəm HƏSƏNOVA
Politoloq

Bütün xəbərlər Facebook səhifəmizdə