Beynəlxalq hüquqa zidd olan münaqişə

Münaqişəsinin beynəlxalq hüquqi aspektləri Ermənistanın ölkəmizə qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüquqa ziddir. BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur. Ermənistan münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının tərəf kimi iştirakının təmin olunmasını istəyir.

1990-cı ilin yanvarından Azərbaycana hərbi təcavüz başlayan Ermənistan döyüş silahları ilə təmin olunmuş Mİ-8 mülki vertolyotlarından istifadə edərək Dağlıq Qarabağın şimal sərhədlərinə yaxın Goranboy rayonunu kəndlərini atəşə tutdu.

Sovet imperiyasında baş verən ciddi böhrandan ermənilər istifadə etdilər.

- Ermənistan Dağlıq Qarabağ üzərində nəzarəti ələ almaq üçun ciddi fəailiyyətə başladı;

- 1991-ci il sentyabrın 2-də “Dağlıq Qarabağ Respublikası” deyilən qondarma qurum yaratdılar.

- Dağlıq Qarabağda 15 min nəfərlik erməni silahlı dəstələrindən ibarət “özünümüdafiə qüvvələri” yaradıldı.

Azərbaycan buna cavab olaraq onun muxtariyyətini ləğv edi.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin dünyaya inteqrasiyasının və ümumi inkişafının şərtlərini müəyyənləşdirəcək əsas faktor kimi çıxış edir. Respublikada həyata keçirilmiş islahatların uğurlu nəticələri dövlətçiliyin möhkəmləndirilməsinə, sabitliyin davamlı xarakter almasma, iqtisadi sahədə ciddi nailiyyətlərə gətirib çıxarmışdır. İndi Azərbaycanm beynəlxalq aləmdə böyük nüfuzu var, o, Cənubi Qafqazın ən mühüm ölkəsi kimi tanınmaqdadır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai həyatın bütün sferalarında tərəqqiyə stimul yaradan dəyişikliklərin baş verməsi Azərbaycanın beynəlxalq nüfuzuna da əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bununla belə, əldə olunmuş uğurlarla yanaşı, hələ həllini gözləyən problemlər də mövcuddur. İctimai rəydə belə qənaət formalaşmışdır ki, bu problemlərin həllinə imkan yaradan iqtisadi və intellektual potensial var və Heydər Əliyev siyasi kursunun davam etməsi ölkənin gələcək rifahının ən etibarlı təminatçısıdır. Bu qənaət yalnız sosial-iqtisadi problemlərə münasibətdə özünü göstərmir, həm də Azərbaycanın hər bir vətəndaşını eyni dərəcədə narahat edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair cəmiyyətin ümumi gözləntilərində də açıq-aydın nəzərə çarpır. Bu münaqişənin tarixi, müxtəlif inkişaf mərhələləri və həlli prosesində ortaya çıxan çətinliklər onun nə qədər mürəkkəb və ziddiyyətli bir xarakter daşıdığmı açıq-aydın nümayiş etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli indi regionun ən mühüm və prioritet məsələlərindən birinə çevrilib. Azərbaycan neçə ildir ki, bu problemin psixoloji və siyasi təsiri altmda yaşayır. Bir milyondan çox insan qaçqın düşüb, məcburi köçkünə çevrilib. Amma Qarabağ məsələsinin ağrılı nəticələri təkcə statistikada öz əksini tapmır. Bu, yalnız prosesin ümumi və görünən tərəfləridir. Məsələnin bir qədər dərinliyinə vardıqda, əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gerçək nəticələri daha ağır və [7-8] faciəlidir. Bu münaqişə Azərbaycan xalqı üçün Xocalı faciəsi deməkdir. Bu münaqişə hamının yaddaşında Şuşanın işğalı kimi ağrılı bir məğlubiyyətin acınacaqlı simptomlarını daşıyır. Bu münaqişənin mahiyyəti torpaqların itirilməsi faktından daha böyük bir anlayışı özündə ehtiva edir. Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış sarsılmaz iradəsi və əzmkarlığı, müvəqqəti də olsa, məhz bu münaqişə zamanı sındırıldı və onu bərpa etmək üçün çox böyük əzab və əziyyətlər çəkildi. Problemin ziddiyyətli və mürəkkəb xarakteri həm də ondan irəli gəlir ki, zaman keçdikcə onun aradan qaldırılmasını müəyyənləşdirən şərtlərin də mahiyyəti dəyişir. Yeni dövrün ədalət anlayışma heç bir dəxli olmayan reallıqları bizi daha çətin və çıxılmaz vəziyyətlərə sürükləyir.

Bütün bunlara baxmayaraq, Azərbaycanda Dağlıq Qarabağın hökmən azad olunacağına inananlar əksəriyyət təşkil edir. İndi münaqişənin həllı elə bir mərhələyə gəlib çatıb ki, burada beynəlxalq ictimaiyyətin mövqeyi kifayət qədər mühüm rol oynamaq imkanındadır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonra bu istiqamətdə apardığı siyasət məhz dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının tələb etdiyi ədalət müstəvisində birləşdirməyə yönəlmişdir. Ötən dövrdə sozügedən istiqamətdə bir çox mühüm addımlar atılıb – həm iqtisadi, həm də siyasi mənada. Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, dünyanın qüdrətli dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması, ayrı-ayrı beynəlxalq təşkilatlarla aparılan uğurlu diplomatik iş nəticəsində bu gün Ermənistanın təcavüzkar olması faktı rəsmi və ya qeyri-rəsmi şəkildə etiraf edilməkdədir. Amma bütün bu nailiyyətlər "ikili standartlar" amilinin aradan qaldırılmasına, hələ ki, gətirib çıxara bilməyib. Azərbaycan sülhsevər siyasəti ilə Ermənistanın konstruktiv mövqe nümayiş etdirməyə heç vəchlə hazır olmadığını dəfələrlə sübuta yetirib. Bu siyasət davam edir və davam edəcəkdir. Çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin şərtlərindən biri də məhz beynəlxalq ictimaiyyəti münaqişənin mahiyyəti ilə bağlı obyektiv şəkildə məlumatlandırmaqdan ibarətdir. Hətta bu gün çox aktual olan müharibə variantının reallaşacağı təqdirdə belə bu, Azərbaycana lazımdır. Çünki hərbi əməliyyatlara başlamazdan əvvəl atılacaq istənilən addımın ədalətli olduğuna dünyanı inandırmaq vacibdir. Planetimizin real güc mərkəzlərinin mövqeyini nəzərə almadan heç bir qəti tədbirə əl atmaq mümkün deyildir. Nə qədər ağrılı olsa da, bu, tarixi reallıqdır və onun diktə etdiyi şərtlərdən kənara çıxmaq olmaz.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə geniş müzakirələr aparılmışdır. Həmin müzakirələr zamanı böyük öndərimiz geniş və məzmunlu nitq söyləyərək münaqişənin mahiyyəti barədə ətraflı təsəvvürlərin formalaşmasına xidmət edən məqamlara aydınlıq gətirdi: "Nə üçün belə oldu? Ona görə yox ki, Azərbaycan xalqı ermənilərdən gücsüzdür. Yox. Bizim çoxəsrlik tariximiz Azərbaycan xalqının nəyə qadir olduğunu nümayiş etdirir. Birincisi, ona görə ki, ermənilər, Ermənistan bu məsələyə uzun müddət hazırlıq görmüşdür. Amma Azərbaycanda bu məsələ unudulmuşdu. Həmin o illər unudulmuşdu. İkincisi, bu münaqişə başlayan zaman, yəni Ermənistanın torpaq iddiası meydana çıxandan sonra ermənilər hamısı - həm Ermənistanda, həm də dünyanın hər yerində yaşayan ermənilər bütün daxili ziddiyyətləri, münasibətləri unutdular, hamısı birləşdi. Hamısı “miatsum” ideyası ətrafında birləşdi və gücünü bir yerə yığıb bizi bugünkü günə gətirdi. Onlardan fərqli olaraq, Azərbaycanda bu hadisə başlayan zaman xalqımız birləşə bilmədi, xalqa rəhbərlik edən adamlar səbatsızlıq etdi və bir-iki ildən sonra artıq Dağlıq Qarabağ məsələsi unuduldu.

Azərbaycanda daxili çəkişmələr, vuruşmalar, hakimiyyət mübarizəsi başladı. Ona görə də belə bir vəziyyətdə ermənilər asanlıqla Azərbaycan torpaqlarını işğal etdilər".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın həyatında mühüm problem kimi hələ də öz aktuallığını saxlamaqdadır. Əslində bu, tamamilə təbiidir. Regionda baş verən mühüm dəyişikliklər fonunda münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi situasiyaya mənfi təsir göstərməklə yanaşı, həm də burada maraqları olan dövlətlərin münasibətlərində həlledici faktor rolunu oynayır.

Məsələ artıq bir neçə ildir regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. Amma hələ də prosesə real təsir imkanlarına malik qüvvələr (söhbət həm nüfuzlu beynəlxalq təşkilatlardan, həm də ayrı-ayrı dövlətlərdən gedir) problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Əlbəttə, burada müxtəlif faktorların təsirini nəzərə almaq vacibdir, amma istənilən halda münaqişə həll edilməlidir və bunun yalnız bir yolu var: beynəlxalq hüquq normaları.

Yuxarıda sadaladığımız faktlar münaqişənin Azərbaycanın milli mənafelərini təmin edən prinsiplər əsasında həllinə istiqamətlənmiş konseptual fəaliyyət prosesinin ayrı-ayrı detallarıdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda çox şey dəyişib, o cümlədən Ermənistanın təcavüzkarlıq aktının aradan qaldırılması sahəsində də. AXC-Müsavat iqtidarı dövründə yerləşdiyi coğrafi regionda belə öz iradəsini nümayiş etdirmək imkanına malik olmayan Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilib.

Ötən illər ərzində ölkəmiz Avropa Şurası kimi mötəbər bir təşkilatda tamhüquqlu üzv statusu ilə təmsil olunmaq imkanı qazandı və Qarabağ probleminin səbəb və nəticələri haqqında dünya ictimai rəyində obyektiv təsəvvür toplusu formalaşdırmaq üçün bu tribunadan maksimum səmərəli istifadə edə bildi. Bu da bir cəbhədir və indi tərəddüdsüz söyləməyə əsasımız var ki, bu cəbhədəki döyüşlərdə Ermənistan Azərbaycana məğlub olub.

1994-cü ildə regionun iqtisadi perspektivini müəyyənləşdirən "Əsrin müqaviləsi" imzalandı və 2002-ci ildə bir çoxlarının əfsanə adlandırdığı Bakı-Tbilisi-Ceyhanın təməl daşı qoyuldu. Ermənistan dünyanın ən qüdrətli dövlətlərinin iştirak etdiyi bu layihədən kənarda qalıb və deməli, daha bir döyüşü uduzub.

Azərbaycan Türkiyə və Gürcüstanla üçtərəfli qarşılıqlı təhlükəsizlik paktı imzalayıb və Ermənistanı faktiki olaraq üç strateji müttəfiqin əhatəsində yaşamaq gerçəkliyi ilə üz-üzə qoyub. Ermənistan bu cəbhədə də tək qalıb.

ABŞ Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin qüvvəsinin dayandırılması müddətini uzadır. Əvəzində Ermənistanı terrorizmi dəstəkləyən, insan alveri ilə məşğul olan ölkələr sırasında göstərir. ABŞ Dövlət Departamentinin hesabatında Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilir və Ermənistan tərəfindən işğal olunduğu qeyd edilir. Ermənistana ayrılan maliyyə yardımlarının həcmi ilbəil azaldılır. Prezident Corc Buş çıxışlarında Azərbaycan torpaqlarının işğal edilməsi faktından narahatlığını bildirir. Bu da Azərbaycanın qələbəsidir.

Azərbaycan iqtisadi göstəricilərinə görə postsovet məkanında ən qüdrətli ölkələrdən birinə çevrilməkdədir. Ermənistan isə xarici borcların müqabilində dövlət əhəmiyyətli müəssisələrini girov qoymaq məcburiyyətində qalıb. Azərbaycan ictimai-siyasi sabitlik, demokratiyanın inkişafı və daxili təhlükəsizlik baxımından Cənubi Qafqazın ən etibarlı ölkəsinə çevrilib. Ermənistanda isə terror siyasi həyatın adi atributudur.

Elə buna görə də tam əminliklə söyləmək olar ki, sülh danışıqlarının davam etdirilməsi və uğurla nəticələnməsi bəlkə də Azərbaycandan çox Ermənistana lazımdır. Bu, həm ölkənin daxili ictimai-siyasi vəziyyəti, həm də regionun mühüm dəyişikliklər astanasında olması faktı ilə əlaqədardır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhanla öz neftini dünya bazarlarına çıxarmağa başlaması yeni iqtisadi yüksəliş və yeni siyasi situasiya deməkdir. Bu proses, şübhəsiz ki, Ermənistanın xeyrinə deyil - nə iqtisadi, nə də siyasi baxımdan.

Azərbaycanın iqtisadi potensialını günü-gündən artırması təcavüzkar tərəfi danışıqlar prosesində daha uğursuz vəziyyətə salır. Üstəlik, ölkənin özünün daxilində mövcud olan problemləri də nəzərə alsaq, Yerevanın durumunu təsəvvür etmək çətin deyil.

Bütün bu amillər Azərbaycanın danışıqlarda öz şərtlərini diktə etmək imkanlarını artırır. Münaqişənin ədalətli həllinə nail olmaq üçün hər gün əvvəlkindən daha əlverişli şərait yaranır və görünür elə buna görə də prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın tələsmədiyini dəfələrlə vurğulayıb. Andiçmə mərasimindəki nitqində cənab prezident demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsip, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdaşı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursaolsun, azad edəcəkdir".

Vahid Ömərov, f.ü.f.d. dosent

Bütün xəbərlər Facebook səhifəmizdə