Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək

Xüsusi xidmətləri olan və 46 təqvim günündən az olmayan əmək məzuniyyəti verilən işçilər sırasına ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin də aid edilməsi nəzərdə tutulur. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair nazirliyin hazırladığı yeni qanun layihəsində bununla bağlı təklif əksini tapır. Həmçinin təklifdə qeyd edilən işçilər sırasına başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş işçilərin də daxil edilməsi yer alıb.

Qeyd edək ki, Əmək Məcəlləsinin 120-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə