Alov Qüllələrində Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" fikri, "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub.

Prezident bu gün “Yeni klinika”nın açılışındakı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibətin əks olunacağını bildirmişdi.

Evdə qal Azərbaycan!

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. İnfeksiya yaşı 65-dən yuxarı olan şəxslər üçün daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid şəxslər qaydalara birmənalı şəkildə əməl etməli və bayıra çıxmamalıdırlar. Vətəndaşlar özləri sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməli, qohumlarını, qonşularını, tanıdıqları hər bir şəxsi xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırmalıdırlar. Bununla hər bir şəxs bu ciddi problemin öhdəsindən gəlməyə töhfə vermiş olacaqlar. Bütün bəşəriyyətin gələcəyinin ciddi təhdid altında olduğu bu günlərdə hər bir şəxs məsuliyyətlə davranmalı, qəbul edilmiş qaydaları pozmamalıdır. Yadda saxlamaq lazımdır ki, tətbiq olunmuş qadağalar yoluxma hallarını məhdudlaşdırmağa yönəlib.

Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda polis əməkdaşları səbr və təmkinlə insanlara qaydaları çatdırır, onları başa salmağa çalışırlar. Polisin üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da xalqımızın asayişi kimi, sağlamlığının da keşiyində gecə-gündüz çalışır, bu yolda öz sağlamlıqlarını da risk altına atırlar. Bu çətin və həlledici dövrdə heç bir şəxsin səhlənkarlığa, məsuliyyətsizliyə yol verməyə haqqı yoxdur. Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar mütləq məsuliyyətə cəlb edilməlidir. Məsuliyyət hissi bu gün nümayiş etdirilən həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır. Ona görə də hər bir vətəndaşımız həkimlərimizin, polis əməkdaşlarımızın bu fədakarlığını, yorulmaz səylərini örnək almalı, qəbul olunan qərarlara əməl etməli, koronavirusla mübarizədə ən başlıca vasitə kimi özünü təcrid etməli, evdə qalmalıdır. Yalnız bu yolla koronavirusa qalib gəlmək mümkündür. Azərbaycan dövlətinin iqtisadi qüdrəti, həyata keçirdiyi qətiyyətli addımlar, fədakar həkimlərimizin yorulmaz səyləri, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik ölkəmizin bu mübarizədən də qalib çıxacağını deməyə qəti inam və güclü əsas yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə