Fazil Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Bu sənət məbədində Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltəraşlığın sirlərini öyrənib.

Fazil Nəcəfov 1961-ci ildə V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 60-cı illərdən sərgilərdə iştirak edən rəssamın “İzahat” adlı heykəl kompozisiyası, daha sonra isə “Neftçi” əsəri ictimaiyyətin diqqətini cəlb edib.

Heykəltəraşın emalatxanasında “Qara ay“, “Korlar“, “Mələk“, “Həyatın mərtəbələri“, “Zamanın sədası“, “Söhbət“, “İstirahət edən qoca“, “Minillik insan“, “İbadət“, “Əkizlər“, “Fontan“ kimi nümunələr var.

Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanına əsasən Fazil Nəcəfov Azərbaycan Respublikasının Xalq Rəssamı adına layiq görülmüşdür.

2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır.

2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə