Bu gün Azərbaycanda sovet totalitar rejiminin qurbanlarının anım günüdür. Artıq, 20 Yanvar 1990-cı ildəki qanlı hadisələrdən 30 il keçib. Hər il olduğu kimi minlərlə paytaxt sakini qəhrəmancasına həlak olan azərbaycanlıların xatirəsini yad etmək və məzarları üzərinə çiçəklər qoymaq üçün Bakıdakı Dağüstü Parkda yaradılan Şəhidlər Xiyabanına gəlirlər.

1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ Sovet rejiminə siyasi müxalifətin gücləndiyi Bakıya qoşun göndərdi. Əsgərlər qəddar davranırdılar və gecə ərzində 100-dən çox insan öldürüldü. Ölkə rəhbərliyi erməni əhalisinə təzyiq göstərməklə qoşun yeritməyə haqq qazandırdı, lakin, bu əslində kommunist hakimiyyətini qorumaq cəhdi idi.

Bütün bunlar 30 il əvvəl Azərbaycan paytaxtında necə başladı?

1989-cu ilin iyulunda Bakıda Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkilatı yarandı. Yenidənqurma dövrünün dərin siyasi böhranı və Qarabağ münaqişəsi ilə asanlaşdırılan milli hərəkatın ölkəmizdə başlanması sovet rejimini narahat etməyə bilməzdi. 1989-cu il dekabrın 31-də isə Naxçıvanda Sovet - İran sərhədi sökülərkən Moskva bunu "dövlət sərhədi haqqında qanun pozuntusu" hesab etdi.

1990-cı il yanvarın əvvəllərində müxalifət nümayəndələri kütləvi mitinqlər təşkil etməyə başladılar və mitinq tərəfdarları getdikcə daha da artırdı. Ali Şuraya seçkilər mart ayında keçirilməli idi və müxalifətin səs toplaya biləcəyi ehtimalı yüksək idi.

Yanvarın ortalarında Bakıda nümayişçilər Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirovun istefasını tələb etdilər. Ə. Vəzirovun Dağlıq Qarabağdakı azərbaycanlıların təhlükəsizliyini təmin edə bilməməsindən hiddətlənən etirazçılar Milli Mərkəzi Komitənin binasının önünə toplandılar və binaya daxil olan bütün keçidləri tutdular.

Yanvarın 19-da minlərlə insan mitinqə qatıldı. Bu vaxta qədər ölkənin bəzi bölgələri artıq de-fakto müxalifətin nəzarəti altında idi. O ərəfədə fabriklər dayandı və bir çox dükanlar bağlanmışdı. Bütün bunlar SSRİ Sovet rejimini narahat etmişdi.

Əsgərlər və hərbi texnika 20 yanvar gecəsi şəhərə girdilər. Xüsusilə bunun üçün əvvəllər Azərbaycanda fövqəladə vəziyyət rejimi tətbiq olundu, lakin yerli əhali bundan xəbər tutmadı - televiziya qülləsində elektrik təchizatı partladıqdan sonra televiziya yayımı yanvarın 19-da 19.30-da bağlandı.

Bir neçə gün əvvəl Sovet qoşunları Bakını üç istiqamətdən mühasirəyə almağa başlamışdılar və 19 yanvar axşamı hücuma hazır vəziyyətdə idilər. Şəhərə girəndə əsgərlər son dərəcə amansız davranırdılar. Moskva, 20 Yanvar gecəsi, guya, Azərbaycanda təzyiqlərə məruz qalan erməni əhalisini müdafiə etdiyini bildirdi. Ancaq yanvarın 26-da SSRİ Müdafiə naziri Dmitri Yazov hərbi əməliyyatın məqsədinin Azərbaycanda xalq tərəfindən Kommunist Partiyasının devrilməsinin qarşısını almaq cəhdi olduğunu etiraf etdi.

Sovet komandirləri daha sonra "40 min silahlıya" qarşı silah işlətdiklərini söyləsələr də, əslində əsgərlər silahsız insanlara atəş etdilər. İnsanların çoxusu qaçıb xilas olmağa çalışarkən arxadan güllə yağışına tutulublar. O zaman, “Qara Yanvar”ın qurbanlarını və səbəblərini araşdıran respublika komissiyası 131 ölü və 744 yaralının olduğunu bildirib.

Bakı küçələrində qoşun yeridiləndən bir gün sonra sovet əleyhinə bülletenlər və plakatlar görünməyə başladı. Mərkəzi Komitənin binasında “Sovet ordusu faşist ordusudur” kimi yazılar sərgilənirdir. Xalqın əzmkarlığı sarsılmamışdı və 22 yanvar 1990-cı ildə Sovet qoşunlarının qətl etdiyi qurbanları üçün kütləvi bir cənazə mərasimi keçirildi. Sovet hərbçiləri tərəfindən binaların damlarına quraşdırılmış pulemyotların sədaları altında təcavüz qurbanlarının dəfninə bir milyondan artıq insan toplanmışdı.

Artıq, 20 Yanvar Azərbaycanda Milli Hüzn Günü olaraq qeyd edilir. Hər il Azərbaycan xalqı və xaricdə yaşayan soydaşlarımız Şəhidlər Xiyabanını ziyarət gedərək şəhidlərin əziz xatirəsini yad edirlər.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, Azərbaycanın bütün şəhər və rayonlarında anım tədbirləri keçirilir. Həmən gün matəm əlaməti olaraq dövlət bayraqları endirilir.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə