MTN Akademiyasında Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunan tədbir keçirilib

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunan tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin və keçmiş Sovet imperiyasının 366-cı motoatıcı alayının Xocalının dinc sakinlərini, qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirməsindən, faciənin nəticələrindən ətraflı danışıb.

 

İ.Allahverdiyev akademiyanın zabit və kursant heyətini erməni təcavüzünün günahsız qurbanlarının qisasını almağa, itirilən torpaqların geri qaytarılması uğrunda həlledici mübarizəyə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin əmrinə hər an hazır olmağa çağırıb. Tədbirdə çıxış edən kursantlar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarını, bütün Azərbaycan gəncləri kimi, Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

 

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunan sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə