“Erkən nikahların qarşısının alınması” mövzusunda təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” adlı layihə çərçivəsində “Erkən nikahların qarşısının alınması” mövzusunda təlim keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlim iştirakçılarına Ailə Məcəlləsinə əsasən nikaha daxil olan qadınlar üçün minimum yaş həddi, valideynlik hüquqları və onların məsuliyyəti, Cinayət Məcəlləsinin “Qadını nikaha daxil olmağa məcburetmə” (maddə 176.1.) maddələrinə əsasən müəyyən olunmuş cərimə və azadlıqdan məhrumetmə cəzaları barədə məlumat verilib.

Eyni zamanda, təlim iştirakçılarına özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən Azərbaycan ailə modeli barədə, ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyəti, nikahdan əvvəl tibbi müayinənin sağlam ailələrin qurulmasına təsiri, ailə adət-ənənələri, nikah münasibətləri, ailə mədəniyyəti, ailə psixoloqu anlayışları haqqında məlumat verilib. Erkən nikahların əsas fəsadları kimi, körpə və ana ölümü hallarının çoxalması, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması və onların daha çox fiziki və cinsi zorakılığa məruz qalmaları amilləri iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin keçirilməsində məqsəd qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında erkən nikahla bağlı maarifləndirmə işinin aparılması olub.

Təlim iştirakçıları müzakirələrdə fəal iştirak edib və bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini irəli sürüblər. “Erkən nikahların qarşısının alınması” mövzusunda buklet iştirakçılara paylanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə