"Təminatlı gələcəyimiz üçün məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəyək"

Azərbaycanda sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır.

İşəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər qeyd olunan sahəyə öz mənfi təsirini göstərir və bu istiqamətdə müvafiq sağlamlaşdırma tədbirlərinin tətbiqi mütəmadi davam etdirilməkdədir. Bununla belə, aparılan maarifləndirmə işlərinə və görülən müvafiq tədbirlərə baxmayaraq, işçilərlə əmək müqavilələrinin bağlanmaması, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsi hallarına rast gəlinməkdədir. Təəssüf doğuran odur ki, bu kimi halların müşahidə olunmasına işçilərin öz hüqüqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir. Unutmaq olmaz ki, hər bir şəxs işlədiyi yerdə əmək müqaviləsi imzalamadan çalışmaqla və yaxud aldığı əmək haqqının tam miqdarda rəsmiləşdirilməməsinə göz yummaqla özünü gələcək pensiya və müavinət təminatından məhrum etmiş olur.

Dövlət Sosial Müdafiə Fondu bir daha əhalini məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənməsində aktiv iştirak etməyə çağırır. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək, gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnəcəkdir. Ona görə də təminatlı gələcəyimiz üçün məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəyək.

Bütün xəbərlər Facebook səhifəmizdə