Rəbiyyət Aslanova: “Rusiyanın Ermənistana verdiyi silahlar təhlükə mənbəyidir” - MÜNASİBƏT

"Rusiyanın Ermənistana satdığı silahlarla bağlı ATƏT-in əvvəlki sessiyalarında çıxışlar olub. Bunlarla əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti öz münasibətini bildirib. ATƏT-in payız sessiyası zamanı Rusiya ilə Ermənistan arasında imzalanan yeni hərbi sazişlə bağlı yenidən Azərbaycan nümayəndə heyəti öz münasibətini bildirəcək. Bu müqavilənin region üçün nə qədər təhlükəli hal olduğunu biz dilə gətirəcəyik". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib. Onun sözlərinə görə, Rusiyanın Ermənistanı silahla təchiz etməsi regionunu silah balansının dəyişilməsinə səbəb olub: "Rusiya tərəfi bunun mənfi tərəfini gündəmə gətirmir. Hətta Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrovun bəyanatı da oldu ki "Burada heç bir təhlükə mənbəyi olmayacaq". Amma əslində gerçəklikdə belə deyil. Çünki, hamı bilir ki, gələn silahlar yeni silahlardır və müasir tələblərə cavab verir. Əgər artıq bu silahlar Ermənistanda cəmlənirsə bu çox təhlükəlidir. Bu isə gerçəklikdə regionun silah balansının dəyişilməsinə səbəb olub".

 

R. Aslanova bildirib ki, Rusiya adi silahlar haqqında sazışın şərtlərinə əməl etməli, silahların sayı və ünvanları barəsində dəqiq məlumatlar verməlidir: "Verilən silahların konkret ünvanı da olmalıdır. Rusiyanın Ermənistana yerləşdirdiyi hərbi bazalar təhlükə mənbəyidir. Beynəlxlaq təşkilatlar əgər sülh siyasəti yeridirlərsə sülhün və təhlükəsizliyin təmin olunmasına özlərini qarant rolunu oynayan təşkilat kimi göstərirlərsə bu hərbi müqaviləyə bir mövqedən çıxış etməlidirlər. Çünki həm Azərbaycan, həm də Ermənistan ATƏT-in üzvüdür. ATƏT-in isə əsas prinsipi əməkdaşlıq və təhlükəsizlikdir. Bu zəmində Azərbaycan öz mövqeyini ortaya qoyacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə