Zərifə Əliyevanın doğum günü qeyd edildi FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın görkəmli oftalmoloq alimi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş respublika üzrə "Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışın final oyunu keçirilib.

Öncə Zərifə Əliyeyanın xatirəsinə həsr olunmuş "Nur dolu ömür" adlı film nümayiş olunub.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlərdən biri də bu intellektual bilik yarışmasıdır: "Tədbirin təşkilatçılığında əməyi keçən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova öz dərin təşəkkürümü bildirirəm. Zərifə xanım kimi gözəl, nurlu insanın yaddaşlarda yaşaması təbiidir. O, öz humanizmi, vətənpərvərliyi, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında Azərbaycan qadının ən gözəl nümunəsinə çevrilib. Zərifə xanım bir çox sahələrin pioneri olub, uşaq və gənclərin inkişafı üçün hər zaman dəstək göstərib. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana kimi də yaddaşlarda iz buraxıb. Müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayan Zərifə Əliyeva Ulu Öndərin yaxın silahdaşı, cənab prezident İlham Əliyevin tərbiyəçisi olub. Çox istərdik ki, gənclər, məktəblilər belə ziyalıların, alim və ictimai xadimlərin həyat və yaradıcılığını öyrənsinlər, onlardan nümunə götürsünlər".

Hicran Hüseynova qeyd edib ki, uşaqların hərtərəfli inkişafında, intellektual və ictimai biliklərə yiyələnməsində belə müsabiqələrin xüsusi rolu var: "Bu tədbirlər nəticəsində məktəblilər özlərini daha aktiv göstərmək imkanına sahib olurlar. Ona görə də uşaqlara tövsiyyə edirik ki, müsabiqələrdə iştirak etsinlər, öz intellektual bilik və bacarıqlarını nümayiş etdirməkdən çəkinməsinlər. Dünyada öz sözünü demək, beynəlxalq arenada yerini tutmaq üçün yüksək intellektə malik olmaq lazımdır. Müasir dövr bilik, təhsil dövrüdür. Gənc nəslin müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin yaradılması Azərbaycan Hökumətinin qarşısında duran əsas istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət uşaq siyasəti artıq milli strategiyaya çevrilib. Ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir".

Qurum sədri bildirib ki, ölkəmizin və xalqımızın gələcəyi bilikli, bacarıqlı gənclərdən asılıdır: "Biz sizlərə böyük ümidlər bəsləyirik. Sizlər Azərbaycanın taleyinə biganə qalmamalı, onun gələcək inkişafı istiqamətində fəaliyyətinizi davam etdirməlisiniz. Azərbaycanda çox bilikli, savadlı gənc nəsil yetişir. О gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. İnanıram ki, gənclərimiz Azərbaycanı daha uğurlu, inamlı gələcəyə aparacaq".

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında bildirib ki, Azərbaycan elminin tarixinə adını qızıl hərflərlə yazan, dünya elminə töhfə verən Zərifə Əliyeva bütün bunlarla yanaşı, digər dəyərli xüsusiyyətləri daim fərqlənib: "O, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anası, gözəl insan, gözəl mütəxəssis olub".

Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov isə bildirib ki, XX əsr Azərbaycan tibb elminin inkişafında müstəsna rol oynamış Zərifə Əliyeva dünya şöhrətli alim olub: "Zəirifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həmin dövrlərdə Azərbaycanda oftalmologiya sahəsində müəyyən problemlər, insanlar arasında görmə qabiliyyətinin itirilməsi ilə bağlı müəyyən patologiyalar var idi. O dövrdə milyonlarla insan traxoma xəstəliyindən əziyyət çəkirdi. Z.Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı tədiqatlar bu xəstəliklə mübarizədə uğurlara səbəb oldu. Sonralar da bu istiqamətdə tədqiqatlar genişləndi və ölkəmiz traxomadan xilas oldu. Z. Əliyeva SSRİ-də görmə orqanlarının peşə patologiyaları sahəsində də tədqiqat aparan ilk şəxslərdən biri olub və buna görə SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Z.Əliyevanın oftalmologiya sahəsi üzrə apardığı tədqiqatlara həsr olunmuş kitablar bu gün də həkimlərin stolüstü kitablarına çevrilib".

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikada tibb elminin inkişafında müstəsna xidmətləri ilə yaddaşlara yazılıb: "Zərifə xanım oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib".

Bütün xəbərlər Facebook səhifəmizdə