AzMİU-nun prorektoru TUB-un qurultayında iştirak edib FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, texnika elmləri üzrə fəlsəfə doktoru İsrafil Məmmədov Ərzurum Atatürk Universitetinin ev sahibliyi və sədrlik etdiyi Türk Keneşi Türk Universitetləri Birliyinin ikinci qurultayında iştirak edib. AzMİU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu qurumun qurultayında universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq mübadilə proqramları, qarşılıqlı tələbə, müəllim, mütəxəssis mübadiləsini nəzərdə tutan Orhun layihəsi, Avropa Təhsil Proqramına İnteqrasiyanın sürətləndirilməsi, quruma üzv olmaq istəyən Bitlis Eren Universitetinin Birliyə qəbulu və digər məsələlər müzakirə olunub, önəmli qərarlar qəbul edilib.

Eyni zamanda ortaq ikili diplomların tanınması məsələsi də müzakirə predmeti olub. Qurultayın moderatoru, türkdilli ölkələrin Türk Keneşinin baş katibi Ramil Həsənov quruma üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin 14 universitetinin rəhbərləri və səlahiyyətli nümayəndələrini, Türksoy, Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulu, Türk Akademiyasının heyətini, Türk Dünyası Yazarlar Vəqfinin təmsilçilərini, müxtəlif layihələrin rəhbərləri və konsullarını 5 türk dövlətinin müstəqilliyinin 25-ci ildönümü münasibətiylə təbrik edib. Yubileylə əlaqədar nəzərdə tutulmuş tədbirlər və onların hazırlığı barədə qurultay iştirakçılarına məlumat verilib.

Qurultayda təşkilata üzv olan universitetlərin nümayəndələrinin səsverməsi nəticəsində birliyin sədrliyi növbəti ildə Qırğızıstanın Manas Universitetinə keçib. 3 ildir birliyə rəhbərlik edən Atatürk Universitetinin rektoru professor Hikmət Koçak sədrlik postunu təntənəli şəkildə Qırğızıstan nümayəndəsinə təqdim edib. Sonrakı ildə sədrliyin Qazağıstanın Əhməd Yasəvi Universitetinə keçməsi barədə təkliflər səslənib. Məlumat üçün qeyd edək ki, Azərbaycanın üç ali məktəbi - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti Türk Keneşi Türk Universitetləri Birliyinin üzvüdür .

Bütün xəbərlər Facebook səhifəmizdə