Azay Quliyev Belçika Senatının spikeri ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Senatının spikeri xanım Sabine de Butyun ilə görüşüb. SİA-nın məlumatına görə, Belçika parlamentində baş tutan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Şura üzvü Rəna Mirzəzadə və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşı iştirak edib.

Azərbaycan nümayəndə heyətini salamlayan xanım spiker Belçika Senatının fəaliyyəti haqqında ətraflı məlumat verib. Xanım Sabine de Butyun bildirib ki, onun ölkəsi Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.

Şura Sədri Azay Quliyev göstərilən xoş münasibətə görə, xanım Sabine de Butyuna təşəkkürünü bildirib. Azay Quliyev Şuranın xarici QHT-lərə göstərdiyi maliyyə dəstəyindən söhbət açaraq qeyd edib ki, burada əsas məqsəd Avropada və ABŞ-da fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları ilə Şura arasında uzunmüddətli əməkdaşlığın əsasını qoymaqdır. Azay Quliyev ötən il ərzində 30-a yaxın xarici QHT layihəsinin Şura tərəfindən dəstəkləndiyini vurğulayaraq əlavə etdi ki, 30 təşkilatdan 4-ü Belçikadan olan QHT-lərdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Azay Quliyev bu məsələdə Avropa İttifaqının seyrçi mövqeyindən və ikili standartlara yol verməsindən təəssüfləndiyini bildirib. Avropa İttifaqının icrası məcburi olan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinə Ermənistan tərəfindən məhəl qoyulmamasına adekvat münasibət bildirməməsinin doğru olmadığını və işğalçının cəzasız qalmasının bölgədə gərginliyin artmasına səbəb olduğunu diqqətə çatdırıb. Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində Avropa Birliyinin atdığı addımların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də atılmasının vacibliyini vurğulayan Şura sədri Belçikanı münaqişənin ədalətli həllinə töhfə verməyə çağırıb. Azay Quliyev Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgəyaşayış imkanlarını müzakirə etmək üçün Brüsseldə görüşünün keçirilməinə köməklik göstərməyi xanım Sabine de Butyundan xahiş edib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların hüquqlarının qorunması, məşğulluğun artırılması və digər mövzularda Azərbaycanın müsbət təcrübəsi haqqında Belçikanın parlament sədrinə ətraflı məlumat verib. Görüşün sonunda parlament salonunda xatirə şəkilləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə