Azay Quliyev İtaliyada çıxış edib

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Şurası və Yerli Demokratiya Qurumları Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Venesiya-Friuli Giulia regionunda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib. Şuradan SİA-ya verilən məlumata görə, "Fəal vətəndaşlıq və qonşu ölkələrdə yerli demokratiyanın gücləndirilməsi: qazanılmış təcrübə və Cənub-Şərqi Avropadan orta regionlara qədər olan imkanlar" mövzusunda keçirilən bu konfransda A.Quliyev vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və vətəndaşların ictimai fəaliyyət üzrə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinin Azərbaycan təcrübəsi haqda məruzə edib. Şura sədri məruzəsində QHT, hökumət, bələdiyyə orqanlarının birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan Azərbaycan təcrübəsini əhatə edərək, ölkəmizin QHT və bələdiyyə mənzərəsi, bu ictimai institutların fəaliyyətini tənzimləyən qanunvericilik bazası, Şuranın məqsədi və strukturu, QHT-lərə və bələdiyyələrə dövlət dəstəyi proqramları çərçivəsində ayrılan maliyyə yardımı və başqa məsələlərə toxunub. A.Quliyev QHT - bələdiyyə əməkdaşlığının daha da gücləndirilməsi üçün bu sahədə strategiya sənədinin hazırlanması, beynəlxalq təcrübə və informasiya mübadiləsinin aparılması, birgə qrant müsabiqələrinin elan edilməsi və bu əməkdaşlığa özəl sektorun dəstəyinin təmin edilməsi təklifləri ilə çıxış edib. Şura sədri, həmçinin, QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsinin Azərbaycan təcrübəsinin müvafiq Avropa qurumlarının beynəlxalq forumlarında ən önəmli təcrübə kimi dəyərləndirildiyini diqqətə çatdırıb. Konfrans iyunun 10-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...