Şəhid Tağı Tağıyevin ölümündən 18 il keçir - REPORTAJ

Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi 15 ünvanındayıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xeyli düşməni zərərsizləşdirən şəhid Tağı Tağıyevin ailəsinin yanında. Təbii ki, tək deyilik. Şəhid Tağının 18 ildir qardaş həsrəti ilə yaşayan bacısı, körpə yaşlarından ata qayğısından məhrum olan övladları və bu övladları şəhid atalarının adına laiq böyüdən həyat yoldaşı Gülnarə xanımla bir arada. Bu gün Tağının şəhid olmasının 18-ci ildönümündə ailəsi, onu sevənlər yenə də onun ocağının başına yığılıb. Əslən Sabunçu rayonunun Balaxanı qəsəbəsində 1960-cı ildə anadan olan Tağı Tağıyev orta məktəbə də elə Balaxanı kəndində gedir. Orta məktəbi bitirdikdən sonra sovet ordusunun tərkibində hərbi xidmətə yola düşür. 2 illik hərbi xidmət zamanı onun yolu Rusiyanın müxtəlif şəhərlərindən keçərək Almaniyaya qədər uzanır. Bu illər ərzində boyük hərbi təcrübə qazanan Tağı vətənə döndükdən sonra burada da boş qalmır. Qarabağ savaşlarının ən qızğın vaxtında o könüllü olaraq vətəni qorumağa yollanır. Həyat yoldaşı Gülnarə Tağıyeva deyir ki, onun bu addımı bütün ailə üçün gözlənilən oldu. Çünki gec-tez Tağının Qarabağa yollanacağını hər kəs bilirdi. Lakin getdiyi gün bir kimsəyə bu barədə xəbər vermədi: \"Səhər evdən çıxıb gedəndə dedi ki, işə gedirəm. Amma axşam qayıtmadı. Həmin gün onu çox axtardıq. Bütün qohumlarının evinə zəng vurduq, adam göndərdik xəbər bilən olmadı. 3 gün sonra onun xəbərini cəbhədən Ağdamdan aldıq. Bu zaman başa düşdük ki o müharibə bitməyincə geri qayıdan deyil. yaxşı yadımdadır, bir gün cəbhədən bir dostu bizə gəlmişdi. Oturub Qarabağda gedən döyüşlərdən danışdılar. Axşam Tağı dedi ki, \"mənim artıq getmək vaxtımdır. Gedəcəyəm\". Mən yalvardım ki, getmə, üç uşağın var, bizi qoyub hara gedirsən, dedi ki, \"bəs, mən getməsəm o, bu getməsə onda biz bu vətənə niyə lazımıq. Heç olmasa mən hərbini bilirəm. Bir azda olsa köməyimiz dəyər\". Beləcə bir gün xəbərsiz-ətərsiz çıxıb getdi".

\"\"

Şəhidin bacısı İradə Qasımova da bu gün qardaşını ürək yanğısı ilə xatırlayır. Deyir o zaman üç qardaşım vardı və hər biri ailəmizin bir dayağı idilər. Hamısı da ayrı-ayrı xasiyyətdə: \"Qardaşlarımın xasiyyətləri nə qədər ayrı olsa da onları birləşdirən bir xüsusiyyət vardı. Hər üçü Vətəni sevən, torpağına, ailəsinə bağlı, sözündə dürüst insanlardı. Lakin Tağı onlardan fərqli olaraq daha zarafatcıl, özünü sevdirməyi bacaran, böyüklə böyük, kiçiklə kiçik kimi davranan idi. Amma nə yazıq ki, biz onun son nəfəsini görə bilmədik".

\"\"

Torpaqlarımızın müdafiəsi üçün könüllü dəstələr yaradılan vaxtlarda Tağının ilk döyüşü Ağdamda və Ağdərə istiqamətlərində keçdi. Burada o dəfələrlə ölümlə üz-üzə gəlsə də ölümün cəngindən qurtula bildi. Lakin 1994-cü ilin may ayının 3-də Tağının son döyüşü oldu. O döyüşün qızğın zamanında erməni snayperinin gülləsinə tuş gəldi. Əsgər yoldaşlarının dediyinə görə, Ağdərə istiqamətində gedən döyüşlərdə ön cərgədə gedən Tağı qəflətən tutduğu mövqedən çıxaraq bir qədər irəli gedərək bir neçə ermənini öldürdü. Lakin bu zaman qaniçən ermənilər onu snayperlə nişan alaraq əbədi susdurmağa nail oldular. Güllə onun ürəyindən dəymişdi. Və son olaraq o, \"vətən, ana və övladlarım\" deyərək gözlərini əbədi yumdu.

\"\"

Ölümündən sonra hər il ailəsi may ayının 3-də onun ocağının işığına yığışır. Körpə ikən gözü yolda qoyub getdiyi övladları artıq böyüyüb ailə uşaq sahibi olublar. Şəhidin qızı Pərvanə isə atası şəhid olan zaman körpə olduğundan atasının sağ ikən simasını xatırlamasa da onun son dəfə gördüyü solğun bənizi hər an gözlərinin önündədir. Sağlığını isə yalnız yuxularında görür: "Atam mənim yadıma gəlmir, çünki o zaman balaca olmuşam. Amma qohumlarımın, anamım, bibimin danışdıqlarından bilirəm ki, o məni daha çox istəyib. Evin balacası olduğumdan məni ərköyün böyüdürdü. Hara getsə, məni özü ilə aparırdı. İndi atamı ancaq yuxularımda görürəm. Xəyal kimi gəlib mənim saçımı sığallayır, məni oxşayır. Atamın son olaraq meyidini görmüşəm, ona görə də həyatda onu xatırlayanda yalnız solğun bənizi yadıma gəlir".

\"\"

İndi bu ailənin yeganə təskinliyi Tağıdan qalan şəkillər və hər an evlərinə şənlik gətirən bu balacaların varlığıdır. Hər gün babalarının şəkilini gördükdə onun kim olduğunu soruşan körpələr valideynlərindən öyrəndiklərini bizə də dedilər: -\"Babanın adı nədir?\", -\"Tağı baba\", -\"Bəs, Tağı baban hadadır?\", -\"Qarabağda şəhid olub".

\"\"

Sujetimizin qəhrəmanı ilə tanışlıqdan bəlli oldu ki, Tağı Tağıyev daha çox bəşəri arzularla yaşayan bir insan olub. O, hara gedibsə, orada haqqı bərqərar etmək istəyi ilə yaşayıb. O, artıq şəhidlik zirvəsindədir. Amma nə yaxşı ki, belə insanlar hələ də var. İşğalda olan torpaqlarımızı isə yalnız belə insanlar azad edə bilər...

Bütün xəbərlər Facebook səhifəmizdə