Kiçik yaşlı uşaqlarda davranış problemləri və onların aradan qaldırılması yolları - ARAŞDIRMA

Ümumiyyətlə qeyri-adi davranışların müxtəlif səbəbləri ola bilər. Bu səbəblərə əqli inkişafda gerilik, əsas ehtiyacların təmin olunmaması (məhəbbət, qayğı, diqqət, qida , su və s), ağrı, ünsiyyət qıtlığı, qorxu, sıxıntı, təcrid olunmaq (təklik), darıxmaq, diqqətə ehtiyac və ya həddən artıq diqqət və s-ni göstərmək olar.

Çox hallarda hər zaman "yaxşı" davranan uşaqlar laqeydlik görərsə diqqəti cəlb etmək üçün "pis" davranmağa başlayırlar. Lakin uşağın müəyyən yaş dövrlərində müşahidə olunan müxtəlif davranışlar normal inkişafın bir hissəsi hesab olunur və uşağın gələcəkdə bir şəxs kimi formalaşmasında mühüm rol oynayır. Misal olaraq 18 ayından 4 yaşına qədər demək olar ki, bütün uşaqlarda rast gəlinən tərslik, inadkarlıq, eqoizm, təcavüzkarlıq, qapalılıq kimi problemləri göstərmək olar. Valideynlər bu problemlərin uşağın gələcək xasiyyətlərinin formalaşmasında mühüm rol oynadığını anlamalı və düzgün reaksiyalar göstərməlidirlər. Məsələn:

Tərslik- iradənin

İnadkarlıq – mənlik, şəxsiyyətin

Eqoizm – özünü qiymətləndirmənin

Təcavüzkarlıq – özünü müdafiənin

Qapalılıq – ehtiyatlılığın formalaşmasının əsasını təşkil edir

Bu sözlər "Çıraq" Uşaq İnkişaf Mərkəzi İctimai Birliyinin psixoloqu Natəvan Əfəndiyevaya məxsusdur.

Psixoloq davranışlara qarşı göstərilən cavab reaksiyalarını belə izah edir:

"Çox zaman valideynlərin uşaqlarının pis davranışlarına göstərdikləri reaksiyalar bunlar olur: döymək, cəzalandırmaq, əlləri bağlamaq, təcrid etmək, qaranlıq otağa salmaq, evdə tək qoymaq, ac saxlamaq və s.

Bütün bu sadalananlar davranışa göstərilən mənfi reaksiyalar sayılır və yolverilməzdir. Bunlar problemli davranışların aradan qaldırılmasına deyil, daha da pisləşməsinə gətirib çıxarır.

Bəs valideyinin göstərdiyi reaksiya necə olmalıdır?

1. Davranış baş verən anda göstərilən reaksiyalar: Uşağı qucaqlayaraq sakitləşdirmək, təhlükəsizliyini təmin etmək, fikrini yayındıraraq, aqressiv hərəkəti müsbət hərəkətə çevirmək (məsələn uşaq əlləri ilə başına döyəcləyirsə, onun əllərindən tutaraq, mahnı oxumaq və ya pəncərənin önünə gətirərək "Maşınlara bax" və s. deyərək maraqlandırmaq). Ümumiyyətlə, hər bir halda uşağın diqqətini digər tərəfə yönəltmək müsbət nəticə verir. Siz bu sahədə yaradıcı olmalısınız.

Davranışa laqeydlik edin, uşağa yox.

2 . Davranış problemini aradan qaldırmaq üçün davranışa spesifik yanaşmadan istifadə edilir.

Psixoloq spesifik yanaşma üçün atılan addımları da sayır:

Addım 1. Uşaq "pis" davranan zaman onu diqqətlə müşahidə edin və onun başvermə səbəbini diqqətlə öyrənin.

Bir və ya iki həftə müşahidə aparın. Səbəbləri daha aydın görməyə müşahidələrinizin yazılması kömək edə bilər. Uşağınızın arzuolunmaz davranışlarına səbəb ola biləcək hər bir şeyi qeyd edin.

Addım 2: Uşağın nə üçün bu cür davrandığının səbəblərini başa düşməyə çalışın.

Bu suallara cavab axtarın:

Onun arzuolunmaz davranışına nə səbəb olur və nədən başlayır?

Onun davranışı qismən də olsa , sizdən və ya başqasından eşitdiyi sözlərə görədirmi?

Uşaq bu hərəkətlərdən nə əldə edir ki, o, bunları təkrarlamaq istəyir?

Uşağın davranışı qismən də olsa qorxu və şübhə hiss etdiyi üçündürmü?

Addım3: Uşağın zəruri ehtiyaclarını və onun inkişaf səviyyəsini nəzərə alaraq real məqsəd hazırlayın

Əgər uşağın bir neçə problemli davranışı varsa, hamısı üzərində eyni anda işləmək yaxşıdır. Məqsədinizi "pis "davranışların deyil, uşaqda görmək istədiyiniz "yaxşı "davranışların əsasında müəyyən edin. Əmin olun ki, seçdiyiniz məqsədlər uşağın inkişaf səviyyəsinə uyğundur

Addım 4: Həmişə düzgün davranarkən onu qiymətləndirməklə, mükafatlandırmaqla, pis davranarkən isə laqeydlik göstərməklə və pis davranışın heç bir məmnunluq , mükafat, diqqət gətirməməsinə əmin etməklə məqsədə doğru kiçik addımlarla irəliləyin

Həmişə "yaxşı" davranışı mükafatlandırın "pis" davranışa isə əhəmiyyət verməyin

Bu spesifik yanaşmanın açarıdır, çox vacib amildir.

N.MƏMMƏDLİ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...