“Universitetə qəbul ola bilməmək həyatın sonu deyil” - SOSİOLOQ

“Universitetə qəbul ola bilməmək həyatın sonu deyil” - SOSİOLOQ

"Hazırda cəmiyyətimizdə bir problemlə tez-tez qarşılaşırıq. Avqust ayında imtahan nəticələri açıqlanır, daha sonra seçimlər və müsabiqələr keçirilir". Bu sözləri SİA-ya açıqlamasında ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın xan Əbilov deyib.

Onun sözlərinə görə, ali məktəbə qəbul ola bilməyən, müsabiqənin birinci və ya ikinci mərhələsindən keçməyən yeniyetmə və gənclərimiz — yəni gələcəyin potensial tələbələri — bəzən valideynlər və cəmiyyət tərəfindən ciddi psixoloji təzyiqə məruz qalırlar:

"Xüsusilə valideynlər və ailənin yaxın üzvləri — babalar, nənələr, bibilər, xalalar, dayılar, əmilər, böyük qardaş və bacılar — abituriyentin imtahandan keçə bilməməsi və ya düzgün seçim etmədiyi üçün ali məktəbə qəbul ola bilməməsi ilə bağlı ona tənə və təzyiq göstərə bilirlər. Bəzən gəncin gələcəkdə hər hansı bir sahədə uğur qazana bilməyəcəyi kimi fikirlər səsləndirilir. Bu isə onun üzərində ciddi mənəvi və psixoloji təzyiq yaradır.

Xüsusilə ailələrdə valideynlərin öz övladları üzərində həddindən artıq təzyiq göstərməsinin sosial və psixoloji tərəflərinə diqqət yetirməliyik. Əslində valideynlər həm özləri, həm də abituriyenti imtahan və müsabiqələrdən əvvəl mümkün nəticələrə psixoloji cəhətdən hazırlamalıdırlar. Gənc təkcə gələcək uğurlara deyil, həm də uğursuzluqlara, ilkin məğlubiyyətlərə, müsabiqədən keçməməyə və imtahanda istədiyi nəticəni əldə etməməyə mənəvi cəhətdən hazır olmalıdır.

Təəssüf ki, bəzən bu yanaşmanı görmürük. Əksinə, uğursuzluqla qarşılaşan gəncin üzərinə daha çox təzyiq göstərilir. Halbuki imtahandan və ya müsabiqədən keçməmək həyatın sonu deyil. Bu, sadəcə müəyyən bir mərhələdə istənilən nəticəni əldə etməmək deməkdir.

Son illərdə bu mövzu ilə bağlı ictimaiyyət nümayəndələri, ziyalılar, mütəxəssislər, təhsil sahəsində çalışan şəxslər və media dəfələrlə çıxış edərək valideynlərin gənclərə qarşı münasibətini tənqid edib və daha sağlam yanaşmaya çağırıblar. Sosial mediada da bu mövzu geniş müzakirə olunub. Bu cür maarifləndirmə işlərinin davam etməsi olduqca vacibdir.

Ümumiyyətlə, cəmiyyətimizdə diplom və universitet anlayışına həddindən artıq böyük önəm verilməsi bəzən sosial-psixoloji problemə çevrilir. Xüsusilə gənclər ali məktəbə daxil ola bilməyəndə sanki həyatın bitdiyini düşünə bilirlər. Valideynlərin övladlarının gələcəyi üçün narahat olması, əlbəttə, normaldır. Lakin uşaqları həddindən artıq sıxışdırmaq, ailədə gərgin münasibətlər yaratmaq həmin gəncin gələcək inkişafına və karyerasına mənfi təsir göstərə bilər.

Bəzi valideynlər düşünürlər ki, uşaqlarını sıxışdırmaqla onlara motivasiya verirlər. Əslində isə seçilən motivasiya üsulu bəzən gəncin gələcək həyatında mənfi iz buraxa bilər. Məsələn, “Ali məktəbə daxil olsan, sənə maşın alacağam, bahalı telefon alacağam, istirahətə göndərəcəyəm” kimi vədlər verilir. Lakin nəticə istənilən kimi olmayanda bu, gənc üçün əlavə psixoloji yükə çevrilə bilər.

Halbuki hər bir insanın uğur yolu fərqlidir. Gənc bəlkə də ictimai fəaliyyətdə, incəsənətdə, texniki sahədə və ya başqa bir peşədə daha uğurlu ola bilər. Ali məktəb yeganə yol deyil. Peşə məktəbləri, texnikumlar, liseylər və müxtəlif peşə sahələri də insanın uğurlu gələcək qurmasına imkan yaradır.

Bu gün elə peşəkar ustalar, bərbərlər, media və şou-biznes nümayəndələri var ki, ali təhsilləri olmasa belə, öz sahələrində yüksək uğur qazanıblar. Digər tərəfdən, ali məktəbi bitirib uzun müddət öz ixtisası üzrə iş tapa bilməyən insanlar da var. Deməli, insanın uğuru yalnız diplomla ölçülməməlidir. Əsas məsələ seçdiyi sahədə bilik, bacarıq, zəhmət və peşəkarlıq qazanmaqdır.

Valideynlərin və cəmiyyətin gənclərə qarşı mənfi münasibəti onların mənəvi inkişafına zərər vura bilər. Uşaqları və gəncləri, əlbəttə, həvəsləndirmək lazımdır. Ancaq bunun forması düzgün seçilməlidir. Müasir dünyada baş verən dəyişiklikləri nəzərə alaraq, gənclərin dünyagörüşünə uyğun şəkildə onlara motivasiya vermək və onları başa düşmək lazımdır.

Onlara anlatmaq lazımdır ki, imtahandan və ya müsabiqədən keçməmək, ali məktəbə qəbul olmamaq dünyanın sonu deyil. Onların başqa şansları və alternativ yolları var. Xaricdə təhsil ala, peşə öyrənə, işləyə-işləyə özünü inkişaf etdirə və ya müəyyən müddətdən sonra yenidən hazırlaşaraq universitetə qəbul ola bilərlər.

Ən vacibi isə uşaqlarımızı, gənclərimizi və yeniyetmələrimizi gələcəyin perspektivli və innovativ sahələrinin peşəkarı olmağa həvəsləndirməliyik. Onlara öz bacarıqlarını tanımaq, istədikləri sahəni seçmək və həmin istiqamətdə inkişaf etmək üçün şərait yaratmalıyıq.

Düşünürəm ki, bu baxış tərzi yavaş-yavaş dəyişir. İnsanlar artıq anlayırlar ki, uşaqları sıxışdırmaq və mənfi şəkildə təzyiq göstərmək heç bir müsbət nəticə vermir. Əksinə, valideynlər öz övladlarına daha sağlam şərait yaratmalı, onların seçimlərinə nəzarətli şəkildə dəstək olmalı və istədikləri sahədə uğur qazanmaq üçün imkan yaratmalıdırlar.

Sonda tələbə adını qazanmış hər kəsi təbrik edirəm. Bu və ya digər səbəbdən tələbə adını qazana bilməyən gənclərə isə demək istəyirəm: bu, sadəcə bir mərhələdir. Siz bu uğursuzluğu enerjiyə çevirin, yenidən cəhd edin və çalışmağa davam edin.

Harada və hansı sahədə olmağınızdan asılı olmayaraq, uğur qazana bilərsiniz. İstər burada, istər xaricdə təhsil almaq, istər universitetə yenidən hazırlaşmaq, istərsə də müxtəlif peşələrdən birini seçmək — əsas odur ki, öz üzərinizdə çalışasınız.

Bir şəxsiyyət olaraq hansı sahədə olmağınızdan asılı olmayaraq, uğur qazana bilərsiniz. Sizin uğurunuz həm ailənizin, həm də cəmiyyətimizin inkişafına töhfə verə bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə