"Sosial şəbəkələrdə yayılan rəylər, məlumatlar və bəzən də dezinformasiyalar ictimai rəyin formalaşmasına birbaşa təsir göstərir. Bu təsir həm müsbət, həm də mənfi ola bilər".
Bunu SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
.jpg)
Onun sözlərinə görə, informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biri insanların məlumatlara daha sürətli çıxış əldə etməsidir:
"Bu, təkcə kommunikasiya vasitəsi deyil, eyni zamanda ictimai rəyin formalaşmasına təsir göstərən mühüm amildir. İnsanlar sosial şəbəkələr vasitəsilə müxtəlif mövzular haqqında fikir formalaşdırır və bu platformalarda qarşılaşdıqları məzmundan istər-istəməz təsirlənirlər.
Bu təsirləri bir neçə əsas istiqamətdə qiymətləndirmək mümkündür.
Birinci istiqamət siyasi və sosial məsələlərlə bağlıdır. Sosial şəbəkələr insanların müxtəlif ictimai-siyasi hadisələrə münasibətlərini ifadə etdikləri əsas platformalardan biridir. Eyni zamanda, müxtəlif dairələr tərəfindən yayılan məlumatlar ictimai rəyi dəyişə, istiqamətləndirə və hətta müəyyən kütləvi davranışlara səbəb ola bilər.
İkinci istiqamət məhsul seçimidir. Müasir dövrdə insanlar hər hansı məhsulu almamışdan əvvəl sosial şəbəkələrdə onun haqqında məlumat əldə edir, rəylərlə tanış olur və reklam məzmunlarından təsirlənirlər. Videoçarxlar, şəkillər, bloq yazıları və qısa mətnlər istehlakçı davranışına ciddi təsir göstərir.
Bu gün insanlar qida məhsullarından tutmuş geyimə, dərman vasitələrinə, elektronikaya və avtomobillərə qədər müxtəlif məhsulları seçərkən sosial şəbəkələrdə gördükləri məzmunun təsiri altında qərar verirlər. Onların seçimləri bir çox hallarda həmin platformalarda qarşılaşdıqları məlumatlar əsasında formalaşır.
Digər mühüm istiqamət həyat tərzi ilə bağlıdır. Sağlam qidalanma, idman, dəb, səyahət və digər gündəlik həyat tərzi seçimlərində sosial şəbəkələrin təsiri getdikcə artır.
Xüsusilə geniş auditoriyaya malik bloqerlər və kontent yaradıcıları izləyicilərinə müxtəlif mövzularda videoçarxlar, şəkillər və tövsiyələr təqdim edirlər. Nəticədə insanlar bu məzmunlardan təsirlənərək öz həyat tərzlərini həmin nümunələrə uyğun qurmağa çalışırlar.
Beləliklə, sosial şəbəkələr bu gün təkcə ünsiyyət vasitəsi deyil, həm də ictimai rəyin, istehlak davranışının və həyat tərzinin formalaşmasına təsir göstərən ən güclü platformalardan birinə çevrilib. Buna görə də sosial mediada yayılan məlumatlara tənqidi yanaşmaq, informasiyanın doğruluğunu yoxlamaq və dezinformasiyaya qarşı diqqətli olmaq hər bir istifadəçi üçün böyük əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB