"Evliliyi dağıdan əsas səbəb mübahisə deyil, yanlış ünsiyyət tərzidir" - PSİXOLOQ

"Evliliyi dağıdan əsas səbəb mübahisə deyil, yanlış ünsiyyət tərzidir"  - PSİXOLOQ

"Psixoterapiya sahəsində evlilik münasibətlərini uzun illər araşdıran ən tanınmış tədqiqatçılardan biri Con Gottmandır. O, minlərlə cütlüyü illərlə müşahidə edərək münasibətlərin ayrılığa aparan əsas səbəblərini müəyyən edib və bunları "Məhşərin dörd atlısı" (The Four Horsemen) adlandırıb".

Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.
Onun sözlərinə görə, bu ifadə evliliyin sonunu xəbər verən dörd əsas dağıdıcı ünsiyyət nümunəsini təsvir edir: "Gottmanın fikrincə, hər bir münasibətdə mübahisələrin olması tamamilə normaldır. Əsas məsələ mübahisənin olub-olmaması deyil, onun necə aparılmasıdır.

Birinci dağıdıcı davranış tənqiddir. Məsələn, "Qabları yenə yumamısan" demək əvəzinə "Sən həmişə məsuliyyətsizsən" kimi ifadələr işlətmək artıq davranışı deyil, insanın şəxsiyyətini hədəf alır. Bu cür ümumiləşdirici və ittihamedici yanaşma münasibətlərə ciddi zərər verir.

İkinci və ən təhlükəli faktor alçaltma və nifrətdir. Qarşı tərəfi aşağılamaq, təhqiredici sözlər işlətmək, istehzalı danışmaq, göz süzdürmək və ya lağ etmək insanın özünü dəyərsiz hiss etməsinə səbəb olur. Gottmanın araşdırmalarına görə, münasibətin dağılmasını ən güclü proqnozlaşdıran göstəricilərdən biri məhz alçaltmadır.

Üçüncü faktor müdafiəyə keçmək və ya passiv-aqressiv davranışlardır. Bəzən insanlar açıq şəkildə kobud danışmırlar, lakin ünsiyyəti kəsir, susur, qarşı tərəfi qıcıqlandıracaq davranışlar sərgiləyirlər. Xaricdən sakit görünən bu davranışların altında əslində ifadə olunmayan aqressiya yatır.

Dördüncü faktor isə uzunmüddətli küsülülük və emosional uzaqlaşmadır. Mübahisədən sonra günlərlə, həftələrlə, hətta aylarla danışmamaq münasibətdə təhlükəsizlik hissini azaldır və tərəfləri bir-birindən uzaqlaşdırır. Zaman keçdikcə insanlar "Bir söz desəm yenə küsəcək" düşüncəsi ilə ünsiyyətdən çəkinməyə başlayırlar.

Bəs bunun əvəzinə nə etmək olar? İlk növbədə, söhbətə yumşaq şəkildə başlamaq vacibdir. "Sən dili" əvəzinə "mən dili"ndən istifadə etmək daha sağlam nəticə verir. Məsələn, "Sən məni heç vaxt dinləmirsən" demək əvəzinə, "Mən dinlənilmədiyimi hiss edirəm" ifadəsini işlətmək qarşı tərəfin müdafiəyə keçmə ehtimalını azaldır.

Bundan əlavə, yalnız narazılıqları deyil, qarşı tərəfin müsbət xüsusiyyətlərini də ifadə etmək vacibdir. Müsbət geribildirimdən sonra narahat edən məsələni söyləmək ünsiyyəti daha konstruktiv edir.

Əgər mübahisənin həddindən artıq gərginləşdiyini hiss edirsinizsə, vəziyyəti yumşaldan siqnallardan istifadə edin. Səmimi təbəssüm, əlini tutmaq, "gəl, bir az sakitləşək" kimi ifadələr gərginliyi azaltmağa kömək edir. Çünki həmin anda deyilən incidici sözlərin təsirini sonradan aradan qaldırmaq çox çətin olur.

Digər vacib məqam isə məqsədin haqlı çıxmaq deyil, ortaq həll yolu tapmaq olmasıdır. Mübahisə zamanı hər iki tərəf özünü haqlı hesab edir. Ancaq sağlam münasibətdə əsas məqsəd qarşı tərəfi məğlub etmək deyil, onu anlamaq və birlikdə çıxış yolu tapmaqdır. Bunun üçün aktiv dinləmə bacarığı çox önəmlidir.

Nəhayət, terapiyalarda cütlüklərə öz hisslərini tanımaq və onları açıq şəkildə ifadə etmək öyrədilir. Qarşı tərəfi ittiham etmək əvəzinə, "bu davranış məni incitdi", "mən bu vəziyyətdə özümü dəyərsiz hiss etdim" kimi ifadələrdən istifadə etmək həm empatiyanı artırır, həm də müdafiə reaksiyasını azaldır.

Bu ünsiyyət bacarıqları tətbiq olunduqda mübahisələr daha sağlam şəkildə idarə olunur, münasibətdə emosional yaxınlıq qorunur və uzunmüddətli perspektivdə evlilik daha möhkəm və konstruktiv olur".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə