"Xəstəliyin qarşısını vaxtında almaq onu sonradan müalicə etməkdən daha asandır" - HƏKİM DANIŞDI

"Xəstəliyin qarşısını vaxtında almaq onu sonradan müalicə etməkdən daha asandır"  - HƏKİM DANIŞDI

"Müasir həyatın qaça-qaçında, iş-gücün arasında çox vaxt pasiyentlər özlərinə vaxt ayıra bilmirlər və bədənlərinin onlara verdiyi siqnalları görməzdən gəlirlər". Bu fikirləri SİA-ya açıqlamasında ailə həkimi Fidan Həsənli deyib.

Onun sözlərinə görə, çoxumuz başımız ağrayanda bir ağrıkəsici atıb keçirdirik, halsız olanda isə bunu sadəcə iş çoxluğuna və ya hava dəyişikliyinə bağlayırıq. "Bir az dincələrəm, keçər", — deyib həkimə getməyi həmişə sonraya saxlayırıq:

"Amma tibbi praktikada ən ağır və müalicəsi çətin olan xəstəliklər məhz vaxtında önəm vermədiyimiz, "keçib gedər" dediyimiz bu xırda narahatlıqlardan başlayır.

İnsanların ən çox gözardı etdiyi halların başında nə qədər yatsaq da keçməyən can ağrısı, səbəbsiz yerə sürətlə arıqlamaq, stressdən elədiyini düşünüb ağrıkəsicilərlə sakitləşdirdiyimiz davamlı baş ağrıları gəlir. Həmçinin bir az hərəkət edən kimi və ya pilləkən qalxanda nəfəsin təngiməsi, günlərlə davam edən yüngül qızdırma, ayaqlarda və topuqlarda yaranan şişkinliklər, eləcə də qəbizlik və ya ishal kimi mədə-bağırsaq pozuntuları da çox vaxt adi bir hal kimi qarşılanır.

Bu ilkin əlamətləri vaxtında yoxlatmamaq orqanizmdə gizlicə böyüyən çox ciddi xəstəliklərin sonradan qarşısıalınmaz mərhələyə çatmasına şərait yaradır. Məsələn, hər gün hiss etdiyimiz o adi yorğunluğun arxasında qanazlığı, zob xəstəliyi və ya bədəni daxildən yeyən gizli infeksiyalar dayana bilər. Heç bir pəhriz saxlamadan, öz-özünə sürətlə çəki itirmək və bədən temperaturunun azca da olsa davamlı yüksək qalması çox vaxt xərçəng xəstəliyinin ilk xəbərdarlığı olur və vaxtında üstünə düşməsək, xəstəlik bütün bədənə yayıla bilir. Ağrıkəsicilərlə keçirdiyimiz baş ağrıları beyindaxili təzyiqin, damar genişlənməsinin və ya gizli mikroinsultun əlaməti ola bilər ki, bu da gələcəkdə qəfil insulta və beyin qansızmasına yol açır. Adi bir nəfəs darlığı ürək çatışmazlığından və ya ağciyər damarlarının tutulmasından xəbər verir və bu, sonradan qəfil infarktla nəticələnə bilər. Həzm sistemindəki pozuntular, xüsusilə də ayaqyoluna çıxanda görünən kiçik qan ləkələri, vaxtında müalicə olunmasa, gələcəkdə bağırsaq xərçənginə çevrilə bilən poliplərin nişanəsidir. Ayaqlardakı şişkinliklər (ödemlər) isə böyrəklərin yaxşı işləməməsinin və ya damarlarda hər an qopub insanın həyatına son qoya biləcək qan laxtasının (trombun) göstəricisidir.

Xəstəliyi vaxtında tutmaq tibbdə həyat qurtaran ən böyük imkandır. Bədəninizdə normal olmayan, sizi narahat edən bir şey hiss edirsinizsə, onu dərmanlarla yatırtmaq yerinə mütləq kökündə nə durduğunu öyrənmək lazımdır. Heç bir şikayətiniz olmasa belə, ildə bir dəfə sadə bir qan analizi vermək, ultrasəs müayinəsindən (USM) keçmək və ürəyi yoxlatmaq sizi gələcəkdə qarşılaşa biləcəyiniz böyük bəlalardan qoruyar. Əgər hər hansı bir narahatlıq iki həftədən çox çəkirsə, bilin ki, bu artıq sadə bir yorğunluq deyil və mütəxəssis həkim baxmalıdır. Unutmayın ki, xəstəliyin qarşısını tezdən almaq, onu sonradan yatağa düşüb müalicə etməkdən qat-qat asan, ağrısız və ziyansızdır. Sağlamlığınıza qarşı laqeyd olmayın, çünki bədəniniz sizə pıçıldayanda qulaq asmasanız, o, sonradan qışqırmaq məcburiyyətində qalacaq və onda gec ola bilər".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə