Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

Emin uşaqlıqdan fərqli xarakterə malik idi. Mən bir ata kimi həmişə hiss edirdim ki, bu uşaq adi ömür yaşamayacaq. Onda elə bir iradə, elə bir işıq vardı ki, insan istər-istəməz onun gələcəyinə böyük ümid bəsləyirdi. Hündürboy, yaraşıqlı, gülərüz, mərd və həmişə birinci olmağa çalışan bir övlad idi. Məktəbdə də, dostları arasında da seçilirdi, heç vaxt gördüyü işi yarımçıq qoymurdu.

İdman onun həyatının ayrılmaz hissəsi idi. Kinqboksinq, cüdo, sambo, sərbəst və klassik güləş, uşu-sando, boksla məşğul olmuş, hər birində uğurlar qazanmışdı. Müxtəlif idman klublarında diplom və mükafatlara layiq görülmüş, 2014-cü ildə isə uşu-sando üzrə Azərbaycan birincisi adını qazanmışdı. Mən inanırdım ki, o, gələcəkdə tanınan şəxslərdən biri olacaq. Oldu da...

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında Aprel döyüşləri şəhidi Emin Bağırovun atası İmran Bağırov deyib.

İ.Bağırov Eminin uşaqlıqdan vətənpərvər olduğunu, üzünə bayraq şəkli çəkərək düşməndən Xocalının qisasını alacağını dediyini bildirib.

“Xocalı hadisəsi baş verəndə Emin heç dünyaya gəlməmişdi. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istədi. Təəssüf ki, arzusunu həmin il reallaşdıra bilmədi. Ancaq bu uğursuzluq onu ruhdan salmadı. Elə həmin ilin oktyabrında hərbi xidmətə yollandı. Əvvəl Lənkəranda, sonra Beyləqanda xidmət etdi. Qısa zamanda öz bacarığı və fiziki hazırlığı ilə seçilən Emin kursdan keçərək Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qəbul olundu. Bir gün mənə zəng edib dedi: "Ata, mənə halallıq ver, mən hərbçi olacağam". O an başa düşdüm ki, artıq ürəyinin yolu Vətən xidmətindən keçir.

Xidmət etdiyi komandirləri və döyüş yoldaşları onun haqqında yalnız xoş sözlər deyirlər. Cəsarəti, intizamı və peşəkarlığı ilə hamının hörmətini qazanmışdı. Deyirdilər ki, Eminin atdığı heç bir güllə hədəfdən yayınmırdı. O, hər tapşırığa böyük məsuliyyətlə yanaşır, ən çətin sınaqlardan üzüağ çıxırdı. Beş yüz nəfər arasından seçilən iyirmi nəfərdən biri olması onun necə fiziki və psixoloji cəhətdən hazırlıqlı və iradəli hərbçi olduğunu göstərirdi. Bir dəfə bir dostu ondan soruşub ki, hərbi xidmətindən razısan? Deyib, şəhid olana qədər razı deyiləm. O, şəhid olmaq üçün yaşayırdı..." – deyə o, söhbəti davam etdirir.

Şəhidin atasının sözlərinə görə, Emin təkcə güclü döyüşçü deyildi, həm də ailəsinə çox bağlı bir övlad idi. Evdə hamının qayğısına qalır, ailə üzvlərini sevindirməyə çalışırdı: "Onun gülüşü evimizə sevinc gətirirdi. Elə bil evimizin dayağı idi. Mart ayında sonuncu dəfə evə gəlmişdi. Heç ağlıma gəlməzdi ki, bu, onun evimizdən son gedişi olacaq. Aprel döyüşləri başlayanda son dəfə aprelin 2-də mənə zəng etdi. Səsində böyük inam hiss olunurdu. "Ata, yəqin xəbərin var, müvəffəqiyyət bizim tərəfdədir", – dedi. Bu sözlərdən sonra əlaqə kəsildi. Nə qədər zəng etsəm də, onunla bir daha danışa bilmədim. O an ürəyimə qəribə bir nigarançılıq doldu. Elə bil hiss etdim ki, oğlumla son dəfə danışmışam”.

2016-cı il Aprel döyüşləri Eminin ilk və son döyüşü oldu. Aprelin 4-də Talış istiqamətində gedən ağır döyüşlərdə Emin böyük şücaət göstərdi. Döyüş yoldaşı Təbriz Əsgərov şəhid olanda onu döyüş meydanından çıxarmaq üçün tərəddüd etmədən irəli atıldı. Elə həmin an düşmənin atdığı mərmi onun həyatına son qoydu. O, cəmi 19 yaşında Vətən uğrunda canından keçdi. Oğlum son nəfəsinə qədər əsgər andına sadiq qaldı və qəhrəmanlıq zirvəsinə ucaldı.

Atası deyir ki, aprelin 5-də son dəfə evə gəldi: “ Bu dəfə onun özünü deyil, üçrəngli bayrağa bükülmüş tabutunu qarşıladıq. Aprelin 6-da Emini doğulub boya-başa çatdığı Bakının Binəqədi rayonunda son mənzilə yola saldıq. O gün bizim üçün təkcə bir övlad itkisi deyildi, bir ömürlük həsrətin başlanğıcı idi. Ancaq xalqın sevgisi, göstərdiyi hörmət bizə təsəlli verdi. Bu gün də insanlar onun şəkillərini görüb ehtiramla yad edir, qəhrəmanlığından danışırlar. Bu, bir ata üçün həm ağır dərddir, həm də böyük qürurdur.

Mən Eminin atası olmaqla fəxr edirəm. Allah mənə qısa ömürlü, amma şərəfli bir övlad nəsib etdi. O, arxasında silinməyəcək bir ad, qəhrəmanlıq salnaməsi qoydu. Dövlətimizin onu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif etməsi də bu qəhrəmanlığın təsdiqidir. Emin artıq təkcə bizim oğlumuz deyil, Vətənin əbədi yaşayan igid övladlarından biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə