"İnsan orqanizmində aclıq və toxluq hissi hormonlar, yuxu rejimi, əvvəlki günün qidalanması və ümumi həyat tərzi ilə sıx əlaqəlidir".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, əgər axşam saatlarında ağır, yağlı və ya yüksək kalorili qidalar qəbul edilibsə, mədənin boşalma prosesi uzana bilər və səhər saatlarında aclıq hissi yaranmaya bilər: "Bundan əlavə, gec saatlarda yemək yemək və ya tez-tez qəlyanaltı etmək də səhər iştahasını azalda bilər.
Yuxu rejimi də mühüm rol oynayır. Yuxusuzluq və ya nizamsız yuxu, aclıq hissini tənzimləyən hormonlar – qrelin və leptinin fəaliyyətinə təsir göstərərək iştahada dəyişikliklər yarada bilər. Bəzi insanlarda stress, gərgin iş qrafiki və ya psixoloji amillər də səhərlər yemək istəməməyə səbəb olur.
Səhər iştahasının olmaması, xüsusilə özünü yaxşı hiss edən, gün ərzində normal qidalanan və çəkisində səbəbsiz dəyişiklik olmayan insanlarda adətən normal fizioloji xüsusiyyət hesab edilir. Hər kəsin bioloji ritmi fərqlidir və bəzi insanlar günün ilk saatlarında daha az ac olurlar.
Lakin səhər iştahasızlığı uzun müddət davam edirsə, ürəkbulanma, qarın ağrısı, həzm problemləri, halsızlıq, səbəbsiz çəki itkisi və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, bu, mədə-bağırsaq sistemi, hormonal pozuntular və ya digər sağlamlıq problemlərinin göstəricisi ola bilər. Belə hallarda həkim müayinəsi məqsədəuyğundur.
Sağlam qidalanma baxımından səhər ac olmayan insanlara özlərini məcbur etmədən günə su ilə başlamaq, yüngül seçimlərə – qatıq, meyvə, kefir və ya kiçik porsiyalı səhər yeməklərinə üstünlük vermək tövsiyə olunur. Əsas məqsəd gün ərzində qida ehtiyacını balanslı şəkildə qarşılamaqdır. Səhər yeməyi vacib olsa da, onun vaxtı və miqdarı insanın fərdi ehtiyaclarına uyğun tənzimlənməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB