“Azərbaycandan gedən gənclərin çoxu uğur qazanır və gələcəkdə geri dönəcəyi gözlənilir” - SOSİOLOQ ŞƏRH ETDİ

"Qlobal dünyada insanlar onlara sərf edən iqtisadi məkanlara can atırlar. Bu çərçivədə azərbaycanlılar da bilirsiniz ki, 50 milyondan 60 milyona yaxın azərbaycanlı var və onların sadəcə 10 milyondan bir az çoxu məhz bizim tarixi vətənimizdə, Şimali Azərbaycanda yaşayır. Qalan digərləri isə müxtəlif ölkələrin bir çox sahələrində, kənd təsərrüfatından tutmuş, mədəniyyətdən tutmuş, biznesdən, İT sahəsindən, sənayeyə qədər, ticarətə qədər, səhiyyə və tibb sahələrində öz uğurlu karyeraları ilə dünyada tanınmaqdadırlar". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultoloq, sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Azərbaycan kiçik iqtisadi məkana malik bir ölkədir: "Biz nə qədər iqtisadi uğurlar qazansaq da, son illərin demoqrafik partlayışı, yəni 1980-ci illərin axırlarında 5 milyondan tutmuş, indiyə qədər 3 milyondan çox artım, yəni 40%-ə qədər əhali artımı ona gətirib çıxarmalı idi ki, bizim insanlar artıq dünyanı zəbt etmək üçün mühacirətə üz tutmalı idilər. Bir çox ölkələrin əksinə, bizdə Allaha şükür, nə vətəndaş müharibəsi var, nə siyasi repressiyalar var, nə də siyasi rejim o qədər sərt deyil ki, insanlar siyasi baxışlarına görə ölkədən getsinlər. Hətta bu bəhanə ilə ölkədən getmiş şəxslərin çoxu, o ölkələrdə vətəndaşlıq ala bilməyib, oradan deport olunub və yenidən Azərbaycana qayıdıb.

Azərbaycanda hal-hazırda növbəti gənclərdən ibarət beyin axınının, mütəxəssislərin axınının şahidi oluruq. Bunun bir çox müsbət və mənfi tərəfləri var. Müsbət tərəf odur ki, azərbaycanlılar artıq dünyanın bir çox iqtisadi sahələrini zəbt eləmək üçün xaricə üz tuturlar. Gənclər öz karyeralarını qurmaq, uğurlu gələcəklərini təmin etmək, Azərbaycan diasporasını gücləndirmək üçün ölkə kənarında iş qururlar.

Mənfi tərəfi isə odur ki, onsuz da bizdə son illər ailə institutu dağılmaqdadır, milli-mənəvi dəyərlərimizə müəyyən zərbələr dəyib. Demoqrafik böhran yaşanır, 60% boşanma və ailələrdə sadəcə bir uşağın dünyaya gətirilməsi bir çox sosial problemlər yaradır. Bu, sosial yükün artmasına səbəb olur. Azərbaycan olaraq, biz buna qədər bu proseslərin qarşısını almağa çalışmışıq, müəyyən addımlar atılıb. Amma indi artıq bunun mənfi tərəflərini görməyə başlamışıq. İnsanların ölkədən üz tutması bir çox iqtisadi, sosial, mənəvi, mədəni və demoqrafik problemlər ortaya qoya bilər. Ona görə də Azərbaycanın daxilində də bu axını kompensasiya etmək üçün ailələrə dəyər verilməli, onların dövlət tərəfindən dəstəklənməsi üçün xüsusi proqramlar hazırlanmalıdır".

Sosioloq fikrlərinə davam edərək bildirdi ki, mühacirətin müasir dalğası əslində aydındır: "Çünki, Avropada bir həkimə 10 min avro maaş verilirsə, sözsüz ki, son illər 10 minə yaxın tibb sahəsinin adamları, həkimlər Azərbaycandan Avropaya axın etməlidirlər. Yaxud qlobal brendlər var, bu həm sosial şəbəkələrə, həm İT-yə, həm süni intellektlə bağlı şirkətlərə aiddir, onlara yeni beyinlər lazımdır. Bu beyinləri əvvəllər Pakistan, Hindistan, İran, Türkiyə və digər Asiya ölkələrindən, Çin və Koreyadan alırdılar. İndi onların əksəriyyəti öz ölkələrinə qayıdaraq, ölkələrinin iqtisadiyyatını gücləndirmək üçün fəaliyyətə başlayıblar. İndi Hindistan, İran, Türkiyə kimi bir çox şərq ölkələrində çox innovativ biznes strukturları yaranır. Azərbaycandan indi gedən gənclərin çoxu da İT sahəsində, süni intellekt, tibb və biznesin müxtəlif sahələrində uğurlar əldə edirlər. Və biz düşünürük ki, bu mühacirət dalğası geri dönüş edəcək. Onlar gəlib Azərbaycanda və ümumilikdə Şərq ölkələrində bizneslərini quracaqlar və Azərbaycanın növbəti biznes dairələrini yaradacaqlar. Vaxtilə biz bunu Rusiyada görmüşdük. Rusiyaya gedib ticarətlə, bazarlarla məşğul olan gənclərimiz sonradan böyük strukturlar yaratdılar, qazandıqları pulları həm Azərbaycanda, həm xaricdə biznesə yatırdılar və çox uğurlu Azərbaycanlı milyarderlər ortaya çıxdı.

İndi isə Facebook, Instagram, Tesla, Cənubi Koreya İT şirkətlərində azərbaycanlı gənclər çalışırlar. Onlar müxtəlif texnoloji yeniliklər edirlər. Mənim tanıdığım və tələbəm olan bir çox şəxslər də artıq xaricdə böyük biznes strukturları, İT və internet, süni intellekt, İKT nəhəngləri qurublar və dünyanın bir çox ölkələrində biznesə başlayıblar. Bu, sevindirici haldır. Həm də onlar artıq Azərbaycana qayıdır, Qafqazda, Orta Asiyada müəyyən şirkətlər qururlar. Məsələn, bir zamanlar "BP"-də yalnız əcnəbilər işləyirdisə, indi "BP"-in regional rəhbərliklərində azərbaycanlılar var. "BP"-in Azərbaycandakı strukturunda çoxsaylı azərbaycanlı mütəxəssislər çalışır. Bu da sevindiricidir.

Əlbəttə, cənab Prezident vaxtilə gənclərlə görüşündə qeyd etdiyi kimi, biz elə etməliyik ki, Azərbaycanda elə bir şərait yaransın ki, insanlar xaricə axın etməsin, əksinə Azərbaycanda işləyib qazansınlar. Amma hələ ki, biz buna tam nail ola bilməmişik. Ona görə də hələlik, gedən gənclərin qayıdışını gözləməliyik. Bəli, nəsillərarası münasibətlərin soyuması, ailələrin zəifləməsi, sosial kapitalın azalması və digər bu kimi hallarla qarşılaşırıq. Amma mühacirətin müsbət tərəfi mənfi tərəflərindən daha çoxdur".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə