Dünya daha sürətlə bir-birinə yaxınlaşır. Təhsil, iş, turizm və ya miqrasiya, bu yollarla hər gün minlərlə insan yeni bir mədəniyyətlə qarşılaşır. İlk baxışda rəngarənglik cazibədar görünür: fərqli yeməklər, fərqli dillər, fərqli adətlər. Amma bütün bunların arxasında çox vaxt gözə görünməyən bir sarsıntı gizlənir – Kültür şoku.
Kültür şoku sadəcə “yeni mühitə öyrəşməmək” deyil, insanın öz kimliyi ilə yad bir sistem arasında yaşadığı toqquşmadır. Adi bir gündəlik detal belə bu toqquşmanı qabarıq göstərə bilər. Məsələn, metroda susqunluğu öyrənmiş bir gəncin Azərbaycanda avtobusda sərnişinlərin səsli ünsiyyətinə təəccüblənməsi və ya əksinə, ailəvi istilik mühitinə öyrəşmiş bir azərbaycanlının Skandinaviyada fərdi sərhədlərin sərt qorunması ilə qarşılaşanda özünü təcrid olunmuş hiss etməsi.
Burada məsələ təkcə fərdi emosiyalar deyil. Kültür şoku, sosioloji baxımdan, mədəniyyətlərin toqquşduğu məqamda yaranan gizli gərginlikdir. İnsan öz doğma mühitində adət etdiyi hərəkətləri avtomatik şəkildə edir, amma yeni məkanda eyni davranışlar gözlənilməz reaksiya doğura bilir. Bu da həm fərdin özünü dərk etməsinə, həm də cəmiyyətlə münasibətinə təsir göstərir.
Məsələni daha aktual edən isə qloballaşmadır. Bugünkü gənclik bir kliklə dünyanın istənilən nöqtəsindəki insanlarla ünsiyyət qura bilir. Lakin virtual yaxınlıq real həyatda mədəniyyətlərarası fərqlərin itməsi demək deyil. Əksinə, internet yeni bir fenomen doğurub – virtual kültür şoku. Onlayn ünsiyyətdə mədəniyyətlərarası kodlar toqquşanda yanlış anlamalar, hətta sosial konfliktlər yaranır.
Kültür şoku bəzən mənfi emosiyalarla müşayiət olunsa da, onun arxasında bir fürsət də gizlidir: insanın dünyaya baxışını genişləndirmək, öyrəşdiyi normaları yenidən qiymətləndirmək və fərqli mədəniyyətlər arasında körpü qurmaq. Amma bu fürsəti dəyərləndirmək üçün əvvəlcə həmin şokun necə formalaşdığını, hansı mərhələlərdən keçdiyini və hansı sosial nəticələr doğurduğunu anlamaq vacibdir.
“Kültür şoku” ifadəsi ilk dəfə 1950-ci illərdə antropoloq Kalvero Oberg tərəfindən işlədilmişdi. O, xaricdə yaşayan insanların yaşadığı emosional çətinlikləri izah edərkən bu anlayışı ortaya atdı. Ancaq bu fenomenin mahiyyəti sadəcə psixoloji sarsıntıdan ibarət deyil. Əslində, kültür şoku mədəniyyətlərin toqquşma nöqtəsində ortaya çıxan sosial təcrübədir.
Hər bir insan doğulduğu mədəniyyətin görünməyən qaydaları ilə yaşayır. Salamlaşma forması, yemək yemə üsulu, şəxsi məkan anlayışı, hətta zarafatların sərhədi bunların hamısı fərqli mədəniyyətlərdə başqa cür qurulub. İnsan öz mühitində bu qaydaları sorğulamadan qəbul edir, çünki onlar “təbiilik” kimi görünür. Amma fərqli mədəniyyətə daxil olanda həmin “təbiilik” dağılıb gedir. Məsələn, Azərbaycanda ailə üzvlərinin gündə bir neçə dəfə bir-birinə zəng etməsi adi haldır, lakin Almaniyada bu davranış şəxsi sərhədlərin pozulması kimi qəbul edilə bilər. Burada insan sadəcə yeni normalara uyğunlaşmır, həm də öz kimliyi ilə bağlı suallar qarşısında qalır.
Sosioloji baxımdan kültür şoku normativ sistemlərin toqquşmasıdır. Yəni fərdin öyrəşdiyi sosial kodlarla yeni mühitin kodları bir-birinə uyğun gəlmir. Bu zaman insan “düz” bildiyi davranışların qəfil “səhv”ə çevrildiyini görür. Belə anlarda mədəniyyətin görünməz gücü üzə çıxır: normalar yalnız o pozulanda fərq edilir.
Kültür şokunu anlamaq üçün onu sadəcə fərdi adaptasiya problemi kimi görmək kifayət deyil. Bu, həm də hakim mədəniyyətlə “qonaq” mədəniyyətin güc münasibətləri ilə bağlıdır. Çünki bir insan yeni mühitə daxil olanda sadəcə fərqli adətləri deyil, həm də o cəmiyyətin sosial iyerarxiyalarını, gizli güc mexanizmlərini yaşayır. Məsələn, miqrantların çox zaman “ikincil vətəndaş” kimi hiss etməsi, sadəcə dil baryerindən deyil, cəmiyyətin onları qəbul etmə formasından qaynaqlanır.
Ən maraqlı məqam isə budur ki, kültür şoku yalnız beynəlxalq miqyasda baş vermir. Bir ölkənin özündə də fərqli regionlara, etnik qruplara və ya sosial təbəqələrə daxil olanda oxşar təcrübə yaşanır. Bakıdan kəndə köçən gəncin həyat tərzindəki dəyişikliklər, ya da kənddən paytaxta gələn tələbənin ilk illərdəki “yadlıq” hissi də eyni mexanizmlə işləyir. Yəni kültür şoku fərqli dünyaların sərhədində baş verən insan təcrübəsidir.
Kültür şoku çox vaxt fərdi bir sarsıntı kimi görünür: insan özünü təcrid olunmuş, anlaşılmamış və bəzən də köməksiz hiss edir. Amma bu, sadəcə emosional vəziyyət deyil, arxasında həm psixoloji, həm də sosial mexanizmlər dayanır.
Yeni mədəniyyətlə ilk qarşılaşma bəzən maraq və həyəcan yaradır. Ancaq bu həyəcan tezliklə qarışıqlıqla əvəz olunur. İnsan özünün “kiçik səhvlərinin” ard-arda böyüyən anlaşılmazlıqlara çevrildiyini görəndə çaşqınlıq yaranır. Bu çaşqınlıq isə stress, qəzəb, qorxu və nostalji hissləri doğurur. Bir çox miqrant və tələbə üçün “ev həsrəti” yalnız doğma şəhərin darıxılması deyil, həm də təhlükəsizlik və tanış normaların itirilməsi hissidir.
Psixoloqlar qeyd edirlər ki, kültür şoku bəzən “identiklik böhranı”na gətirir. Çünki insan özünü necə təqdim etməli, hansı davranışı “normal” hesab etməli olduğunu bilmir. Bu vəziyyət, xüsusilə gənclərdə, özünüifadə imkanlarını məhdudlaşdırır və “mən kiməm?” sualını daha kəskin hala gətirir.
Sosioloji baxımdan isə məsələ daha genişdir. İnsan yeni mühitdə sadəcə emosional çətinlik çəkmir, həm də sosial əlaqə qurmaqda problem yaşayır. Dil baryeri, iş qaydaları, təhsil sistemi, hətta zarafatların anlamı fərdin sosial inteqrasiyasını çətinləşdirir.
Məsələn, kollektivdə söhbətlərə qoşula bilməmək, “dilini anlamadığın gülüşlər” arasında qalmaq, insanı getdikcə daha çox təcrid edir. Bu təcrid isə özünü sosial xarici kimi hiss etməyə səbəb olur. Burada artıq sadəcə fərdin psixoloji reaksiyası yox, cəmiyyətin qəbul etmə mexanizmi də işə düşür. Çünki uyğunlaşma yalnız fərdin öyrəşməsi ilə bitmir, ev sahibi cəmiyyətin “yeni gələnlərə” verdiyi reaksiya da həlledici olur.
Sosioloqlar bunu “mədəniyyətlərin qarşılıqlı baxışı” adlandırır. Yəni, yeni gələnlər cəmiyyətə uyğunlaşmağa çalışdığı kimi, cəmiyyət də onları qəbul etmək üçün öz davranışlarını nəzərdən keçirir. Əgər bu qarşılıqlılıq zəifdirsə, kültür şoku dərinləşir və uzun müddətli gərginliklər doğurur.
Tədqiqatçılar göstərirlər ki, kültür şoku birdən-birə baş verən xaotik bir proses deyil. O, çox vaxt müəyyən mərhələlərdən keçir. Bu mərhələlər hər kəsdə eyni şəkildə yaşanmasa da, ümumi dinamika oxşardır.
Yeni ölkəyə və ya yeni mühitə düşən insan ilk günlərdə əksər hallarda həyəcan və maraq hissi ilə yaşayır. Hər şey fərqli, gözəl və unikal görünür. Dilin ritmi, küçələrin görüntüsü, yeməklərin dadı, bütün bunlar ekzotik bir təcrübə kimi qavranılır. Məsələn, Avropaya köçən bir azərbaycanlı ilk günlərdə supermarketlərin bolluğunu, ictimai nəqliyyatın nizamını heyrətlə izləyə bilər. Bu mərhələ romantik bir “bal ayı” dövrünü xatırladır. Bal ayı tez bitir. Fərqli adətlər, gündəlik ünsiyyət çətinlikləri və sosial kodlar insana yad gəlməyə başlayır. Bu mərhələdə ən kiçik detallar belə əsəb yarada bilər. Məsələn, salamlaşmada soyuqluq, qonaqpərvərlik gözlənən anda rəsmiyyət, ya da sadəcə dil baryerindən doğan susqunluq. İnsan özünü getdikcə daha çox “yad” hiss edir. Burada həm nostalji, həm də “burada mənim yerim yoxdur” düşüncəsi güclənir.
Bu mərhələ “kölgədən çıxış” mərhələsi də adlana bilər. İnsan artıq sadəcə çətinlikləri görmür, onları aşmaq üçün yollar axtarır. Dil öyrənmək, dost çevrəsi qurmaq, yeni qaydaları qəbul etmək kimi addımlar atılır. Burada ən vacib məqam odur ki, insan başa düşür: uyğunlaşmaq, “özünü itirmək” demək deyil. Əksinə, fərqli mədəniyyətin kodlarını bilmək özünü daha rahat ifadə etməyə kömək edir.
Sonuncu mərhələdə insan yeni mühitdə öz yerini tapmağa başlayır. Bu, tam assimilyasiya demək deyil. Çox vaxt fərd həm öz doğma mədəniyyətini qoruyur, həm də yaşadığı mühitin qaydalarını mənimsəyir. Bu zaman “ikiqat aidiyyət” hissi formalaşır. Məsələn, illərdir xaricdə yaşayan biri Azərbaycana qayıdanda orada öyrəndiyi qaydaları buraya gətirir, amma eyni zamanda öz milli adətlərini də qoruyur. Beləcə, insan həm orada, həm burada “öz” ola bilir.
Bugün dünya heç vaxt olmadığı qədər bir-birinə bağlıdır. Bir ölkədən digərinə köçmək, təhsil almaq və ya işləmək artıq nadir hal deyil. Təyyarə bileti, Erasmus mübadilə proqramı, beynəlxalq şirkətlər milyonlarla insanı mədəni sərhədlərin o üzünə aparır. Amma qloballaşma prosesi mədəniyyət fərqlərini silmir, əksinə, onları daha çox üzə çıxarır. Son illərdə Azərbaycan gənclərinin Avropada və Amerikada təhsil alması artıb. İlk baxışda bu, yalnız yeni bilik qazanmaq fürsəti kimi görünür. Amma əslində onlar həm də mədəniyyətlərarası sınaqdan keçir. Bir azərbaycanlı tələbə üçün “dərs sonrası müəllimlə çay içmək” adi hal ola bilər, amma qərbdə bu, müəllim–tələbə sərhədini pozmaq kimi görünə bilər. Eyni zamanda Avropadan Azərbaycana gələn tələbələr üçün ailə qonaqpərvərliyinin sıxlığı, şəxsi həyatın “ortaq məsələ” kimi görülməsi təəccüblü ola bilir. Bu cür kiçik situasiyalar, əslində, gündəlik mədəni şokların parlaq nümunələridir.
Kültür şokunun daha sərt formasını işçi miqrantlar yaşayır. Onlar yalnız dil və adətlər fərqi ilə deyil, həm də sosial status və güc münasibətləri ilə üzləşirlər. Məsələn, Orta Asiyadan Avropaya gedən işçilər çox vaxt peşə bacarıqlarına görə deyil, yalnız ucuz əmək qüvvəsi kimi qəbul edilirlər. Bu, təkcə iqtisadi yox, həm də sosial kimlik böhranı yaradır. İnsan özünü həm mədəni, həm də sosial olaraq “kənarda” hiss edir.
Qloballaşmanın yeni bir məkanı da sosial mediadır. İnsanlar onlayn ünsiyyətdə bəzən fərqli mədəniyyətlərin kodlarını anlamadan münasibət qururlar. Bu isə “virtual kültür şoku”nu yaradır. Məsələn, qərb auditoriyası üçün sadəcə “məzəli” olan bir ifadə, başqa mədəniyyətdə təhqir kimi qəbul edilə bilər. Yaxud bir fotoşəkil paylaşmaq bir mədəniyyət üçün azadlıq rəmzi, digərində isə ailə dəyərlərinə zidd hərəkət sayılır. Virtual məkanda bu yanlış anlaşmalar daha sürətlə böyüyür, çünki qarşı tərəfi tanımaq və konteksti dərk etmək çətindir.
Bütün bu proseslərin nəticəsində isə yeni bir fenomen yaranır: hibrid kimliklər. İnsanlar artıq yalnız bir mədəniyyətin daşıyıcısı olmur, həm də fərqli mədəniyyətlərdən elementlər götürərək öz kimliklərini formalaşdırırlar. Məsələn, bir gənc gündəlik həyatında Azərbaycan ailə dəyərlərini yaşadır, amma iş üslubunda Qərb individualizmini tətbiq edir. Bu qarışıq kimlik bəzən güc qaynağı, bəzən də qarışıqlıq yaradır.
Kültür şoku adətən stress, təcrid və çətinliklərlə əlaqələndirilir. Amma diqqətlə baxanda bu təcrübənin insana verdiyi müsbət tərəflər heç də az deyil. Çünki “şok” yalnız dağıdıcı təsir göstərmir, həm də öyrədici və transformativ güc daşıyır. Kültür şoku fərdi avtomatizmləri sındırır. İnsan doğma mədəniyyətdə çox vaxt sorğulamadan yaşadığı normaları ilk dəfə başqa prizmadan görür. Məsələn, fərdi sərhədlərə böyük önəm verən bir skandinava Azərbaycan qonaqpərvərliyi əvvəlcə “həddən artıq yaxınlıq” kimi görünə bilər. Amma zamanla o, kollektiv münasibətlərin verdiyi istiliyi kəşf edir. Eyni şəkildə, azərbaycanlı gənc qərbdə öyrənir ki, şəxsi sərhədin qorunması hörmətsizlik yox, qarşı tərəfə dəyər vermək formasıdır. Beləcə, insan dünyanı təkcə “öz gözü ilə” deyil, çoxsaylı pəncərələrdən seyr etməyi öyrənir.
Kültür şokunu yaşayan insan məcburən yeni yollar tapır. Bu, onun yaradıcılıq potensialını gücləndirir. Dil baryerini aşmaq üçün bədən dili, vizual jestlər və alternativ ifadələrdən istifadə etmək, yeni sosial kodları öyrənmək, bütün bunlar fərdin çevikliyini artırır. Tədqiqatçılar deyirlər ki, mədəniyyətlərarası təcrübəsi olan insanlar daha tez adaptasiya olunur və problem həllində daha yaradıcı olurlar.
Kültür şoku yalnız fərdi dəyişmir, həm də cəmiyyətləri zənginləşdirir. Çünki mədəniyyətlərarası qarşılaşmalar yeni ideyalar və davranış formaları doğurur. Bu proses “mədəniyyətlərin dialoqu” adlanır. Məsələn, mətbəxdəki qarışıqlar (sushinin dünyanın hər yerində məşhur olması və ya dolmanın müxtəlif ölkələrdə fərqli adlarla yaşaması) sadəcə yemək mədəniyyətinin deyil, mədəniyyətlərarası uyğunlaşmanın da nəticəsidir. Hər bir qarışıq yeni bir “ortaq dil” yaradır.
Nəhayət, kültür şoku fərdin şəxsi inkişafına təkan verir. Özünü yad mühitdə sınayan insan daha çox özünə güvənir, sərhədlərini tanıyır və daha geniş üfüqlərlə baxmağa başlayır. “Mən bunu bacara bilərəmmi?” sualının cavabını yalnız həmin təcrübəni yaşayan tapır.
Nigar Şahverdiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə