İnternet oyunları uşaqlara necə təsir edir? - PSİXOLOQ DANIŞDI

“İnternet oyunlarının uşaqlar üzərində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən yanaşsaq, bəzi oyunlar uşaqlarda məntiqi və strateji düşünmə bacarığını inkişaf etdirə, diqqəti cəmləmə qabiliyyətini artıra və hətta komanda ilə işləmə vərdişi qazandıra bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Lakin bu müsbət təsirlər yalnız oyunlara vaxt məhdudiyyəti qoyulduqda və yaşa uyğun məzmun seçildikdə mümkündür. Təəssüf ki, bir çox halda uşaqlar uzun müddət nəzarətsiz şəkildə internet oyunlarına vaxt ayırırlar. Bu isə bir sıra psixoloji və davranış problemlərinə yol açır. Belə ki, uşaqlarda asılılıq yarana bilər. Oyun oynamadan dura bilmirlər və daim telefon, planşet və ya kompüter axtarırlar.
Aqressiv davranışlar artır. Xüsusilə zorakılıq və rəqabət üzərində qurulmuş oyunlar uşaqlarda əsəbilik, aqressiya və dözümsüzlük yarada bilər.

Sosial bacarıqlar zəifləyir. Uşaq real ünsiyyətdən uzaqlaşır, dostları ilə təmas qurmaqda çətinlik çəkir. Yuxu rejimi pozulur. Gec saatlara qədər oyun oynamaq uşaqda yorğunluq, diqqət dağınıqlığı və dərsə marağın azalmasına səbəb olur.

Reallıqdan uzaqlaşma baş verir. Uşaqlar virtual aləmi daha cazibədar hesab edir və real həyatda motivasiyasız olurlar. Valideynlər bu məsələdə diqqətli olmalı, uşaqların nə oynadığını bilməli, oyun vaxtını gündə maksimum 1-1.5 saatla məhdudlaşdırmalı və daha çox real həyatda oynamağa, idmana və dostlarla ünsiyyətə təşviq etməlidirlər. Unutmayaq ki, düzgün istiqamətləndirilməyən texnologiya uşaq psixologiyası üçün risk yarada bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə