"Hər bir dövlət öz mentalitetinə və tərbiyə metodlarına malikdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanda valideyn-övlad münasibətləri dəyişir: yeni nəsil daha rasional düşünür və valideynlərin təzyiqi getdikcə azalır.” Bu sözləri SİA-ya açıqlamasında Şüuraltı üzrə mütəxəssis, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil deyib.

Onun sözlərinə görə, hər bir millət, hər bir dövlət öz mentalitetinə və tərbiyə metodlarına malikdir: "Azərbaycanda da mən deyərdim ki, illərlə deyil, əsrlərdir ki, valideyn-övlad münasibətləri xüsusi bir format üzərində qurulmuşdur. Daha çox övlada şəxsiyyət kimi baxmaq əvəzinə, onu bir ustad kimi yetişdirmək prinsipi ön planda olmuşdur. Buradan irəli gələrək biz deyə bilərik ki, artıq Azərbaycanda uzun əsrlərdir ki, övladlara təzyiq göstərilməklə onların tərbiyə metodları formalaşdırılmışdır. Burada həm müsbət, həm də mənfi məqamlar var.

Müsbət məqam odur ki, əgər bu gün hələ də övladlarımız təzyiqlə tərbiyə olunursa, demək ki, onların daxili sisteminin və ruhlarının bu cür formalaşmağa ehtiyacı var. Yəni, biz bu məsələyə şüuraltı prizmadan baxsaq, görərik ki, heç bir halda biz özümüzə uyğun olmayan valideyni və ya övladı seçə bilmərik. Əgər bir valideyn və övlad artıq bir aradadırsa, deməli, onların bir-birlərinə öyrədəcəyi dərin dərslər var.
Azərbaycanda mənəvi dəyərlər əsasında hər zaman valideynlər seçici və hökmlü olub. Düzdür, son 20 ildə bu məsələ müsbət istiqamətdə dəyişir. Bunun əsas səbəbi odur ki, artıq yeni nəsil bu gün doğulan uşaqlar daha rasional düşüncəyə malikdirlər, nə istədiklərini bilirlər və öz istiqamətlərini seçməyi bacarırlar. Lakin əvvəlki dövrlərdə fərqli bir yanaşma mövcud idi. İnsanlar cəmiyyətin diktə etdiyi qaydalar əsasında yaşayırdılar və şəxsi seçimlərinə çox da yer verilmirdi.

Mentalitetimiz bu məsələdə mühüm rol oynayır. Buna görə də valideynlər bir çox hallarda məcbur olub övladlarına təzyiq göstəriblər – istər təhsildə, istər gələcək planlarında, istərsə də ailə qurmaq məsələsində. Dediyim kimi, indi insanlar daha rasional düşünür, nə istədiklərini daha yaxşı dərk edirlər. Bu səbəbdən valideynlər də övladlarına daha az təzyiq göstərirlər və bu getdikcə sürətlə azalacaq. Azərbaycanda da uşaqların üzərindəki təzyiq zamanla azalacaq, çünki onlar artıq daha rasional düşüncəyə sahibdirlər və nə istədiklərini daha yaxşı bilirlər".

İlahə Adil həmçinin qeyd edib ki, əgər valideyn təzyiq göstərirsə, burada rasional təzyiqdən söhbət gedir: "Yəni, hər bir halda bu, övladın gələcək uğurları və düzgün istiqamətləndirilməsi üçün atılan bir addımdır. Lakin burada valideynlərin eqosu da rol oynayır. Bəzən valideynlər özlərinin gənclikdə reallaşdıra bilmədikləri arzularını, uğurlarını övladlarına yükləməyə çalışırlar.

Məsələn, bir valideyn gəncliyində həkim olmaq istəyib, lakin bu arzusunu həyata keçirə bilməyib. Övladı isə həkim yox, müəllim və ya memar olmaq istəyir. Ancaq valideyn bunun fərqində olmadan övladına öz reallaşmamış arzularını yükləyir və onu məcburən həkim olmağa yönləndirir. Bu, valideynin şüuraltı istəyindən irəli gəlir, çünki ona heç kim izah etməyib ki, o, öz yaşamamış həyatını övladına ötürməyə çalışır.
Eyni vəziyyəti ailə qurmaq məsələsində də görə bilərik. Valideynlər “Mən daha yaxşı bilirəm, daha yaxşı görə bilirəm” düşüncəsi ilə hərəkət edərək övladlarını seçim etmədən, məcburi şəkildə evləndirirlər. Lakin artıq cəmiyyətimizdə azad düşüncə formalaşır. XXI əsrdə qloballaşma bu məsələdə mühüm rol oynayır. İnsanlar artıq öz seçimlərini etməyə başlayıblar – kim olmaq, kimlə ailə qurmaq, təhsilini necə davam etdirmək kimi məsələlərdə özləri qərar verə bilirlər.

Bir mütəxəssis kimi vurğulamaq istəyirəm ki, biz hələ də keçid dövründəyik. Nə yeni düşüncə tərzi tam formalaşıb, nə də köhnə mental dəyərlər tamamilə aradan qalxıb. Buna görə də valideynlər üçün ən önəmli məsələ övladlarına nəzarət etməkdir. Bu, onların şəxsiyyət kimi yetişməsi üçün vacibdir. Valideynlər övladlarına sevgi və anlayışla yanaşaraq münasibətlərini düzgün qurmalıdırlar.

Bəs övladları tamamilə nəzarətsiz buraxa bilərikmi? Xeyr, bu, mümkün deyil. Çünki mental dəyərlərimiz hələ tam formalaşmayıb və biz Avropa ölkələrində olduğu kimi “18 yaşın tamam oldu, artıq sərbəstsən” yanaşmasını qəbul etməyə hazır deyilik. Bizim cəmiyyətdə gənclər birdən-birə müstəqil buraxılsalar, çox vaxt hansı istiqamətdə gedəcəklərini bilmirlər və yollarını aza bilərlər. Ona görə də indiki dövrdə valideyn kimi orta mövqeni tutmalıyıq: həm övladlarımıza nəzarət etməli, həm də tədricən aqressiv təzyiqləri azaldaraq onların müstəqil addımlar atmaq qabiliyyətini uşaqlıqdan formalaşdırmağa çalışmalıyıq.

Uşaqlıqdan da yetişdirilmə necə olmalıdır? Yəni, uşaq bu gün nə yemək istəyir? Məsələn, əgər uşaq yalnız fast food yemək istəyirsə, valideyn ona düzgün qidalanma vərdişləri aşılamağı bacarmalıdır. Uşaq hansı rəngdə paltar geyinmək istəyir? Bu, təbii olaraq gələn azad seçimlərin formalaşdırılmasıdır. Eyni zamanda, uşaqlara söz hüququnun verilməsi də vacibdir. Artıq 21-ci əsrdə, rasional inkişaf etmiş hər bir Azərbaycan ailəsində arıq övladların söz hüquqları var.

Biz mütləq şəkildə uşaqların üzərindəki aqressiv təzyiqləri azaltmalı və rasional yanaşmanı tətbiq etməliyik ki, bu da onların gələcəyinə müsbət təsir göstərsin. Valideynlərin düşüncələrinə hörmət edərək və eyni zamanda uşaqların azadlığını nəzərə alaraq ortaq məxrəcə gəlməli və bu məsələni həll etməyi bacarmalıyıq. Bu proses Azərbaycanda da inkişaf edir, çünki cəmiyyətimiz daim rasional inkişafdadır və bu inkişaf getdikcə davam edəcək".

Müəllif: Zeynəb Cəfərli

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə