"İnvestorlar başa düşürlər ki, təmiz enerji daha məntiqli seçimdir"

Saymon Stil: Bakı – Belen yol xəritəsinin icrası bütün ölkələrə potensiallarını tam aşkar etməyə şərait yaradacaq

“İqtisadi imkanların miqyasının böyük olması səbəbindən təmiz enerjiyə keçidin qarşısını almaq mümkün deyil. Təkcə bir il ərzində təmiz enerji və infrastruktura 2 trilyon ABŞ dolları həcmində sərmayə qoyulub. Əminliklə demək olar ki, bu, nümayişkaranə xeyirxahlıq jesti deyil. Bu, fosil yanacağa qoyulan sərmayə həcmindən iki dəfə çoxdur. İnvestorlar başa düşürlər ki, təmiz enerji daha məntiqli seçimdir”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil Braziliyada Riu-Branku İnstitutunda keçirilən “Təmiz enerjiyə keçidin qarşısını almaq artıq qeyri-mümkündür; maliyyə yol xəritəsi, adaptasiya və ədalətli keçid əsas amillərdir” adlı konfransda çıxışı zamanı səsləndirib.

“Hansısa ölkə geri çəkilə bilər, lakin digərləri bu boşluğu dolduraraq, böyük faydalar əldə edirlər: daha sürətli iqtisadi inkişaf, daha çox iş yerləri, daha az çirklənmə, səhiyyə xərclərinin kifayət qədər azalması və daha etibarlı, daha əlçatan enerji mənbələrinə çıxış. Qeyd etməliyəm ki, bu proses müxtəlif sürətlərlə inkişaf edir: iri iqtisadiyyatlar böyük kapital axını hesabına iqtisadi inkişafı sürətləndirir, lakin daha kiçik iqtisadiyyatlar hələ ki bu sürətli artımdan və onun verdiyi üstünlüklərdən tam faydalana bilmirlər. Buna cavab olaraq bildirmək istəyirəm ki, biz son on ildən bir qədər artıq müddət ərzində, demək olar, yox səviyyəsində olan büdcədən 2 trilyon dollarlıq investisiyaya gəlib çatmışıq. Halbuki dünya ölkələrinin üçdə ikisi hələ də iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün genişmiqyaslı tədbirlərin görülməsi məqsədilə lazımi maliyyə imkanlarını əldə etməyə çalışır", – deyə icraçı direktor vurğulayıb.

Onun sözlərinə görə, Bakı-Belen yol xəritəsinin icrası bütün ölkələrə potensiallarını tam aşkar etməyə şərait yaradacaq: "Təsəvvür edin ki, biz lazımi maliyyələşməni təmin edə bilsək və ilkin olaraq, 1.3 trilyon ABŞ dollarına başa gələcək Bakı–Belen yol xəritəsinin icrasını reallaşdırsaq, bu, bütün ölkələrə öz potensiallarını tam aşkar etməyə imkan verər. Mövcud genişmiqyaslı investisiya həcmi 2 trilyon ABŞ dollarından da qat-qat artıq məbləğə çevrilə bilər və bu, çox qısa müddətdə baş verər. Bu, dünyanın 8 milyard sakini üçün fəaliyyət göstərməyə imkan verə biləcək nəhəng sərmayədir. Bütün bunlar fosil yanacağın ətraf mühiti çirkləndirməsinin azaldılmasına və hazırda iqlim maliyyələşməsinin əsas hissəsinin yönəldildiyi bərpa olunan enerji mənbələrinə keçidə töhfə verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə