Qəsdən adam öldürmədə təqsirli bilinən şəxs həbs edilib

Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda iki nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, aparılan araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı yaşadıqları evdə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə