Azərbaycan hotellərinin gəlirləri 27 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 % artaraq 468,5 milyon manat olub. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunun 62,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 24,8 faiz səviyyəsində olmuşdur (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8 faiz). Bu göstərici Şabranda 63,2 faiz, Naftalanda 45,3 faiz, Bakıda 39,7 faiz, Qusarda 26,6 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə