"Bir xanımın ən böyük rəqibi dost bildiyi xanımdır" - AYDINLIQ GƏTİRİLDİ

"Depressiya ən çox yayılan psixoloji pozuntu olmaqla Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə inkişaf etmiş ölkələrdə vaxtında müalicə olunmadıqda ən çox əlilliyə səbəb olan 3 xəstəlikdən biridir". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist, yaşam və ilişki koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, depressiya bir sıra ağır xəstəliklərin, xüsusilə onkoloji, mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar xəstəlikləri, artıq çəki problemi və s. yaranmasına səbəb ola bilər: "Təxminən hər 7 insandan biri həyatının hər hansı bir zamanında depressiv epizod keçirir. Hər bir insan zaman-zaman özünü kədərli və bədbəxt hiss edir. Sevdiyi işlə məşğul olmamaq, yaxud sevdiyi işindən, kollektivindən ayrılmaq, sevdiyindən rədd cavabı almaq, yaxud xəyanətlə üzləşmək, əvvəlki sevgi və diqqəti görməmək, itirmək və ya uğur qazana bilməmək, özünə və bədən üzvlərinə qarşı həddən artıq tənqidi yanaşmaq insanı motivasiyadan salan və depressiyaya aparan səbəblərdəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Depressiya zamanı daha çox rast gəlinən əlamətlər bunlardır: Əhval-ruhiyənin aşağı olması, zövq aldığınız işlərin artıq zövq verməməsi, maraqsız gəlməsi, insanın özünü günahkar hiss etməsi, əsəbilik, kiçik şeylərin həddindən artıq gərginləşdirməsi, yuxu pozulması (həddindən artıq yuxu istəyi və ya yuxusuzluq), günlərlə sürən yorğunluq hissi, adaptasiya pozulması, diqqətsizlik, ümidsizlik, iştahsızlıq, özgüvənin itməsi, ölüm və ya intihar barədə düşünmək".

Onun sözlərinə görə, bu cür düşüncələr insanın normal halda rahatlıqla edə biləcəklərini çətinləşdirir, həyat keyfiyyətini olduqca aşağı salır: "Depressiyaya hər yaşda rast gəlinə bilər. Lakin araşdırmalar göstərir ki, qadınlar daha çox və daha tez-tez depressiyaya düşürlər. Məsələn, yeniyetmələr arasında qızlar oğlanlara nisbətən depressiyadan daha çox əziyyət çəkirlər. Alimlərin fikrincə, bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən bir neçəsini - bədənin formalaşması zamanı baş verən dəyişikliklər, hormon dəyişiklikləri və ya genetik faktorları misal çəkmək olar. Elm adamları qeyd ediblər ki, oğlanlara nisbətən qızlarda genetik faktorlar daha çox özünü büruzə verir. Bir çox hormonal amillər, həmçinin üzərinə düşən iş və ev vəzifələri, təkbaşına uşaq böyütmək, yaşlı valideynlərə qayğı göstərmək kimi əlavə stresslər qadınlarda depressiyaya səbəb ola bilər. Qadınların bir çoxu ana olduqdan sonra hormonal və fiziki dəyişikliklər, habelə yeni həyatın əlavə məsuliyyətinin təsiri ilə depressiyaya düşürlər. Əhvalın pisə doğru dəyişməsi yeni analar üçün adi bir hadisə olsa da, depressiv sindromun baş verməsi aktiv müdaxilə tələb edir. Bundan başqa bir çox hallarda qadınlar öz həmcisnlərindən daha gözəl görünmək istəyirlər və bu zaman özgüvəni aşağı olan xanımlar başqa qadınları daha gözəl hesab edib depressiyaya düşə bilirlər. Qadınların depressiyaya düşmələrində dost və rəfiqə hesab etdikləri xanımların rolu da çox olur. Necə deyərlər, bir xanımın ən böyük rəqibi dost bildiyi xanımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə