"Valideyn bu addımı atdıqda uşaq da ondan gördüyünü götürəcək” - EKSPERT XƏBƏRDARLIQ ETDİ

Bakı Nəqliyyat Agentliyinin metronun "Koroğlu" stansiyasının yaxınlığındakı mərkəzi dayanacağında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 163 nömrəli avtobus yolu keçmək istəyən sərnişini vurub. Sərnişin aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. Bu kimi piyadaların qaydalara əməl etməməsi səbəbindən baş verən qəzalar çoxdur. Bəs bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı SİA-nın suallarını nəqliyyat eksperti Rövşən Həsənov cavablandırıb.

Onun sözlərinə görə, mütəmadi olaraq vurğulanır ki, sürücüdən tutmuş piyadaya qədər hər bir yol hərəkəti iştirakçısı qaydalara əməl etməlidir: “Piyadalar düşünməsin ki, onlara hansısa üstünlük var, istədikləri yerdən yolu keçə bilərlər. Yolu keçmək üçün xüsusi keçidlər mövcuddur. Piyadalar bir çox hallarda keçidlər, piyada zolaqları olmayan yerlərdən keçməyə çalışırlar”.

Ekspert bildirib ki, bir sıra hallarda da qəzalar günün qaranlıq saatlarında baş verir. Burada daha diqqtəli olmaq lazımdır: “Əhalimiz daha çox tünd rəngli geyimlərə üstünlük verir: “Günün qaranlıq saatlarında nəinki keçid olmayan yerlərdə, hətta piyada zolağında belə diqqətli olmaq vacibdir. Piyadalar əminliklə hərəkət etməlidirlər ki, sağdan, soldan gələn nəqliyyat vasitələri onlar üçün risk yaratmasın”.

R.Həsənov qeyd edib ki, bu gün piyadalarda belə bir anlayış yaranıb piyada olduqları üçün yol hərəkəti qaydalarına zidd olaraq istədikləri yerdən keçə bilərlər: “Bu yanlış düşüncədir. Baş verən qəzanı törədən avtobus sürücüsü də güman ki, bunu bilərəkdən etməyib. Bu kimi halların qarşısını almaq üçün orta məktəblərdə ibtidai siniflərdən tutmuş yuxarı siniflərə qədər yol hərəkəti qaydaları işıqlandırılmalıdır və tədrisə daxil edilməlidir. Bu gün görürük ki, valideyn uşağın əlindən tutur, intensiv hərəkətin qarşısını alaraq yolu keçir. Zolaq mövcud olmayan, piyadalar üçün ayrılmayan yerlərdən yolu keçmək bəzən də ölümlə nəticələnir. Bu barədə deməkdən yorulmuşuq. Hər bir valideyn öz övladına nümunədir. Valideyn bu addımı atdıqda uşaq da ondan gördüyünü götürəcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə