"Bu, evlənənlərin sayının azalmasına, boşananların artmasına gətirib çıxarır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanda iqtisadi dirçəlişin çox sürətlə getdiyi vaxtda, yəni neft milyardları büdcəmizə gələn zaman dövlət onu həm vətəndaşları, iş adamları arasında, həm də biznes krediti, adi kredit və maaşların qaldırılması, pensiya müavinətlərinin artırılması kimi formalarda vətəndaşlara verirdi". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bu bir çox sahələrdə olduğu kimi xidmət sahəsi iaşə və restoran, şadlıq evi sektorunun çox sürətli inkişafına səbəb oldu: "Dolayısı ilə də Azərbaycanda əyləncə sektoru və toy biznesi (kreativ biznesin bir növü) çox sürətlə inkişaf etməyə başladı. Toy biznesi özü ilə yanaşı Azərbaycanda spesifik iş sahələrinin yaranmasına səbəb oldu. Toy yanlız iki nəslin birləşməsi, iki gəncin bir ailədə nikahının təntənəlinin qeyd edilməsi demək deyil, 100-ə yaxın mərasimlər silsiləsini birləşdirir. Bunlar da 21-ci əsrin əvvəllərindən etibarən kommersiyalaşmağa, biznesin bir sahəsi kreativ xidmətə, mədəni biznesin böyük bir qoluna çevrilib. Ortalama hesablasaq, toy biznesi kənd təsərrüfatında istehsal olunmuş ərzaq, ət məhsulları, xidmət sahələri - bəzək, salon, dərzi, mebel alverçiləri, taksi sürücüləri, zərgərlik məmulatları, cehizlik alış-satışı, yeyinti sənayesi, restoran biznesi, eləcə də kreativ mədəni biznesin bir qolu sayılan musiqiçilər, rəqslər, aşpazlar, çayçılar, atəşfəşanlıq işinə baxanlar bütövlükdə haradasa bir milyona yaxın və ondan çox yeni iş yerləri yaratmış oldu. Nə qədər ki, toy sahəsi inkişaf edirdi, bu biznes sahələri də inkişaf edirdi. Əhalinin böyük hissəsi bu sahədə çalışırdı.
Biz ağıllı adamlarıq axı. Bizdə bir şey inkişaf edən kimi gözə girir. İstəyirik ki, milli televiziyalarımızı vuraq. Başladılar toyları vurmağa. "Yeməyi çox verirlər, təmtəraqlı keçirirlər" kimi mənasız söhbətlər etməyə başladılar. Mən də vaxtilə tənqid etmişəm ki, yemək çox verməyin, pulunuz çoxdursa, o pulu uşaq və qocalar evinə verin. Əgər insanlar onlara sevinc bəxş edən toy mərasimlərini keçirmək istəyirlərsə, imkanları varsa, niyə də olmasın? İndi əvvəlki dövr deyil ki, zavodlarda 3-4 min adam işləsin. Zavod avtomatlaşdırılıb, süni intellekt gəlir. Qalan 30%-i üçün iş yerləri varsa, digərlərini nə etməliyik? 70 % üçün biz turizmi inkişaf etdirdik. O cümlədən də, turizmlə bağlı olan restoran, kafe və toy biznesini inkişaf etdirdik. Bəli, əvvəlki kimi təmtəraqlı toy maşınlarını görməyəcəksiniz, çünki buna maddi imkan yoxdur;
Birinci, toyların formatı bir az dəyişib. İkincisi, toyların sayı azalıb. Üçüncüsü, iqtisadi cəhətdən toy artıq heç kimə sərf etmir. Dördüncü, insanların əvvəl 5-6 uşağı vardısa, indi yalnız 1-2 uşağı var. Onun da biri xəstə olur. Narkomaniya, işsizlik, Avropa dəyərləri və sair kimi yeni düşüncə, həyat tərzi insanları milli toylarımızdan uzaqlaşdırıb. Əgər əvvəllər ancaq öz millətimizlə ailə qururdularsa, indi əksinədir, xaricilərlə ailə qururlar. Xaricilər 50-100 min toya, cehizə pul verməkdənsə, bu pula ev alırlar, ya kirayə verirlər, ya da özləri yaşayırlar. Bizdə isə biznesləşdirilmiş toylarda hər iki tərəf borca, kreditə girir. Qonaqlar təmtəraqlı toy etdiklərini görsünlər deyə, edirlər. Toydan sonrakı problemlərlə üzləşirlər. Bu da toy sektorumuzu böhrana saldı.
Əlbəttə, çıxış yolları var. Şadlıq evləri, restoranlar tikmişik, bunlar əhəmiyyəti dərəcədə funksiyalarını dəyişməlidirlər. Yalnız toya hesablanmış şadlıq evlərinin bir çoxları mərasim evi kimi də istifadə oluna bilər. İndi evdə yemək bişirmək iqtisadi cəhətdən sərfəli deyil. Kofe, restoranda ucuzvari yeməklər verilsə, Azərbaycan milli yeməklərini bişirsələr, böyük məmnuniyyətlə, mən də daxil olmaqla hər birimiz orada yemək yeyə bilərik. Ancaq toya ünvanlanmış böyük restoranlarda mədəni proqramla, məsələn konsert, teatr səhnələri, təqdimat mərasimləri ilə çıxış edə bilərlər, qiymətlər çox baha olmasa. İkincisi, onlar təyinatı dəyişib kütləvi yeməkxana və restoran sisteminə keçə bilərlər.
Lap böyük şadlıq evləri 2-3-4 ulduzlu otellərə çevrilə bilər. Yoxsa milyardlar qoyulmuş bu sahə bədbəxt günə düşər. Yunanıstanda olimpiada üçün tikilmiş stadionlar Yunanıstanı belə iqtisadi cəhətdən iflas etdirdi. Bu olmasın deyə, Azərbaycanda da biz buna getməliyik. Toyun formatını biz dəyişməliyik. Bəlkə də, müxtəlif yanaşmalarla toyu daha rəngli etməyə çalışmalıyıq. Niyə lənkəranlı Gəncədə, gəncəli Bakıda öz toyunu edib daxili turizmin inkişafına təkan verə biləcək addımlar atmasın? Təbiət qoynunda da toy etmək olar. Necə ki, Alim Qasımov da etmişdi. Çoxlu təkliflər ola bilər. Amma cəmiyyət buna qulaq asacaqmı? Bu, problemdir".
"Toyların sayı, keyfiyyətinin azalmasına pandemiya dönəmində gizli edilmiş toylar da səbəb oldu. Milyonlar xərcləyib hədər yerə yeməkləri çölə atmaq lazım deyil. Artıq fikirləşirlər ki, bir toya qoyulmuş 100 mini uşaqlar üçün yeni iş yerləri açmaq olar. İndi həm oğlan, həm qızların normal şəxsiyyət, varlıq kimi formalaşmasında problem var. Psixoloji gərginlik, oturaq həyat tərzi, sosial şəbəkələr, internet, mobil telefonlar, tanışlığın rahat vaxtında insanlar rəsmi nikah və toya getmək istəmirlər. Öz həyatlarını kiminləsə bağlayıb, uşaq dünyaya gətirib iqtisadi cəhətdən çiyinlərinə ağır problemlər qoymaq istəmirlər. Bu da Azərbaycanda evlənənlərin sayının azalmasına, boşananların artmasına gətirib çıxarır. Dövlət bununla bağlı təcili işlər görməlidir. Yeni evlənənlərlə bağlı konsepsiya işlənməlidir. Onlara iqtisadi cəhətdən kömək etmək lazımdır. Sosial evləri yeni evlənənlərə təqdim etmək lazımdır. Yoxsa hər məmur öz qohumlarına ev alır. Bu motivasiyaedici işlər olmasa, evlənənlərin sayı 100-də 80 azala bilər" - deyə sosioloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB