"Heç bir mental dəyər kömək istəməyinizə mane olmamalıdır" - İZAH EDİLDİ

""Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır". Bu sözləri SİA-ya açıqlamasında vəkil Əfifə Əsgərova deyib.

Vəkil bildirib ki, məişət zorakılığından zərər çəkmiş şəxs isə bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi məişət zəminində fiziki, psixi və cinsi zorakılıq, həmçinin də məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxsdir: "Sadaladığım zorakılığa məruz qalan şəxslər polis orqanlarına şikayət edə, davam edən zorakılıq varsa yerli icra hakimiyyəti orqanları və ərazi üzrə məhkəmələr vasitəsilə mühafizə orderi əldə edə bilərlər. Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.

Mühafizə orderi qısa müddətli və uzun müddətli verilir. Zorakılığı özündə daşıyan hərəkətin zərər çəkmiş şəxsə qarşı törədilməsi bu akta əsasən qadağan olunur. Otuz günə qədər yerli icra hakimiyyəti orqanı tərəfindən verilən qısa müddətli mühafizə orderi zorakılıq törədən şəxsin əməlinin qarşısını almağa kifayət etmədikdə zərər çəkən şəxs uzun müddətli mühafizə orderinin alınması üçün əsaslandırılmış ərizə ilə məhkəməyə müraciət edə bilər".

"Xüsusi bir qeyd etmək istəyirəm; Əgər şəxsə qarşı hər hansı formada zorakılıq faktı varsa və xüsusən də bu davamedicidirsə, heç bir mental dəyər hüquqlarınızın müdafiəsi üçün kömək istəməyinizə mane olmamalıdır. Düşünürəm ki, əksər ailə içində baş verən cinayətlərin, qətl hadisələrinin səbəbi vaxtında lazımi tədbir görülməsi üçün müraciətlərin edilməməsi və ya yaxınların, qohum-əqrəbanın qınamasından zorakılığa məruz qalan şəxsin çəkinməsidir.

Həmçinin də vəkil olaraq şəxsi fikrimdir ki, mühafizə orderlərinin alınması ilə bağlı məhkəmə və icra hakimiyyəti orqanlarına müraciət ərazi baxımından daha əlçatan olmalı, şəxs təkcə qeydiyyat və yaşayış yeri üzrə deyil, hadisənin baş verdiyi, davam etdiyi, hətta özünün qaçaraq gizlənməyə məcbur olduğu bütün ərazilər üzrə məhkəmə və icra hakimiyyəti orqanlarına müraciət edə bilməlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə