"Bu hallar münaqişəyə qədər gətirib çıxara bilər" - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

"Evlilik və boşanma bəşəriyyətin ilkin zamanından bu yana həmişə insanları düşündürmüş və müxtəlif konfliktlərə, hətta müharibələrə aparıb çıxarmışdır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Sosioloq bildirib ki, keçmişdən bu yana padşahlar, şahlar, xanlar, krallar, çarlar qonşu ölkələrlə əlaqələri möhkəmləndirmək, müharibədə ittifaqa girmək, müttəfiq tapmaq üçün öz övladları ilə rəqib ölkənin rəhbərlərinin övladlarını evləndirirdilər: "Qız verib qız alırdılar, ya da padşah özü şahın qızı ilə evlənirdi. Bu da bütövlükdə insanlar arasında konfliktlərin daha da qızışmaması üçün yönəlmiş geosiyasi addım idi. İllər keçdi, evlilik və nikahla bağlı yalnız məişət səviyyəsində yox, həm də böyük mənada düşünməyə başladılar. Bununla əlaqədar çoxlu araşdırmalar, kitablar yazıldı. İstər qərbdə, istər şərqdə bizim şərq müdriklərinin, alimlərin, filosofların, yazıçıların məhz evlilik, sevgi, nigah, boşanma ilə bağlı külli miqdarda əsərləri var. Ailə həyatı necə olmalıdır?, Evlilik zamanı tərəflər özlərini necə aparmalıdır?, Qızı necə seçmək lazımdır?, Gələcək nişanlı, yaxud yarını necə yoxlamaq lazımdır? kimi mövzularla əlaqədar çoxlu sayda əsərlər var. Hətta "Kitabi-Dədə Qorqud"a, digər dastan və nağıllarımıza baxsanız, eyni zamanda çəkilmiş filmlərdə də var ki, bu yarışmalar Azərbaycanda da olub. Məşhur yazıçı Y.V.Çəmənzəminlinin "İki od arasında" əsərində belə bir hissə var. Şuşada, düzəngahda Novruz bayramı ərəfəsində əhali seyrəngaha axışırdı. İnsanlar övladlarını evləndirmək üçün bir-birinə bəy və xanım axtarırdılar, onları sınaqdan keçirirdilər".

"Azərbaycanda nişanlanma mərasimi kimi adlandırılır. 6 ay ərzində bizdə "nişanbazlıq" deyilən ifadələr var idi, "Məşədi İbad" filmində bu, bir az lağlağıya qoyulub. Əslində bəyin xanımı görməsi, bəyin qohumlarından xala və bibinin o xanımı hamamda yoxlaması, əmi və dayıların bəyi yoxlaması, evlənəcək tərəflərin fizioloji və psixoloji vəziyyətinin normal olmasının yoxlanılması Azərbaycanda da olub. 6 ay -1 il ərzində gənclərə müddət verilirdi ki, gənclər və qohumlar yaxından tanış olsunlar. Sabah da hansısa problem olanda nigah boşanma ilə əvəzlənməsin. Bu daha sivil metod idi. Xalqımızın böyüklüyünü, məişət səviyyəsinə qədər birgəyaşarlığın necə olmasını nümayiş etdirir. Amma Sovet dövründə bunların çoxu, nədənsə, yaxşı cəhətləri unudulmağa başladı. Sovet dövründən sonra isə toylarımızın şou-biznesin bir hissəsinə - kreativ mədəniyyətə çevrilməsi, şadlıq saraylarına ötürülməsi ona gətirib çıxardı ki, bir çox adət-ənənələr biznesləşdirildi, ya da unuduldu. Elçilik, hərisini almaq, xınayaxdı, ciyər axşamı, paltar kəsdi və sair çoxlu sayda adətlər var idi ki, iki tərəfi möhkəmləndirmək, tərəflər arasında bağları daha da bərkitmək üçün düşünülmüşdü. Bu da boşanmaların qarşısını böyük mənada ala bilirdi.

İndiki boşanmaların səbəblərindən biri bu olsa da, burada digər obyektiv və subyektiv səbəblər - sosial məsələlər, işsizlik var, gənclərin sağlamlığında problemlər, kənddən şəhərə axışmaq, Azərbaycandan xaricə işçi qüvvəsinin getməsi, cavanlarımızın bir hissəsinin sağlamlıqlarını itirməsi və şəhid olması kimi faktorların hamısı bu və ya digər dərəcədə boşanmalara səbəb olur. Eyni zamanda qərbdə oturuşmuş, amma bizə təzə gələn, heç bir özəlliyi olmayan liberal azadlıq, fərdiyyətçilik birdən-birə insanlara, gənclərimizə təsir etməsi ona gətirib çıxardı ki, boşanmaların sayı getdikcə artır. Bir şeyi də nəzərə alaq. Əvvəl 10 uşaqdan 1-2-si boşananda, problem yarananda ata-anaya o qədər də təsir etmirdi. İndi hərənin 1-2-3 uşağı var. Uşaq böyüyəndən sonra ailə quranda bir problem ortaya çıxan kimi o dəqiqə boşanmaya gedirlər. Çünki hər kəsin övladı ona əzizdir.

Boşanmaların ən böyük səbəblərindən biri də maddi səbəblərdir. Azərbaycanda televiziya verilişlərində olarkən görürəm ki, namusdan, qeyrətdən dəm vururlar, amma 90% ya qızını geri qaytarıb, ailment, ya da ki, evi bölmək, uşaqdan silah kimi istifadə edirlər. Buna subyektiv yox, obyektiv baxmaq lazımdır. Geniş mənada ictimai düşüncəmizdə müzakirələr aparıb aydınlaşdırmaq lazımdır. Ailə institutları, tədqiqat mərkəzləri işləməlidir ki, niyə Azərbaycanda 80%-ə qədər yeni yaranmış ailələr boşanır. Bunlar olmasa, bizdə problem daha da böyüyəcək, hətta nəsillər arasında münaqişəyə qədər gətirib çıxara bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə