"Son vaxtlar insanların mərhəmət hisslərindən sui-istifadə edən bir qrup tənbəl insanlar Azərbaycan cəmiyyətində artıq ictimai qınaq və biganəlik hədəfinə çevrilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O, bildirib ki, bir çox xarici ölkələrdə, xüsusən də, Yaponiya, Koreya kimi ölkələrdə əl uzadıb dilənçilik edən şəxslər cəmiyyətin uçurumda olan və ictimai qınağa, tənqidə hədəf olan qrupu kimi götürülür. Dilənçiyə pul vermək, ümumiyyətlə, etik sayılmır.
Azərbaycanda da tarixən görmüşük ki, nənə-babalarımız da əlsiz-ayaqsız insanlara müəyyən köməkliklər ediblər. Xüsusilə, Novruz, Orucluq bayramı zamanı sədəqə həmin insanlara verilib. Təəssüflər olsun ki, son dövrlərdə bunun obyektiv və subyektiv səbəbləri də var. Son zamanlar sosial-iqtisadi vəziyyətin çətinləşməsi, pandemiya, Qarabağ müharibəsi, dünyada gedən iqtisadi böhran və formasiyaların dəyişilməsi, SSRİ zamanından müstəqillik dövrünə qədəm qoymagımız və oturuşmuş iqtisadi-sosial təsisatların dağılması insanlarımızın bir hissəsini, xüsusilə də, onların işsiz və kasıb təbəqəsini real və virtual aləmdə dilənçiyə, başqalarından həmişə yardım istəməyə sövq edib.
Əvvəllər biz anlayırdıq ki, insanlara çətindir, məcburi köçkünlərimiz var idi. Hər kəs onlara kömək edirdi. Amma bu köməyin bir sonu olmalı idi. Onlar dövlət təminatı ilə əhatə olunandan sonra artıq bu köməklik fərdi insanlar tərəfindən azaldı. Bir çox şirkətlər, xeyriyyəçi insanlar belə insanlara kömək etsələr də, ümumən əhali cavan, gənc insanlara yardım etməyi kəsdi. Pandemiyadan sonra isə başqalarının hesabına yaşamaq istəyən şəxslərin artdığını görürük. Axşamlar paytaxtın əsas nəqliyyat qovşaqlarında çoxlu gənc adamlar görürük ki, utanmadan dilənirlər. Siqaret pulu, yol pulu istəyərək insanların mərhəmətini qazanmağa çalışırlar. Əlbəttə ki, hansısa fiziki məhdudiyyəti yoxdursa, əlil deyilsə, belə insanlara kömək etmək olmaz, çünki biz onlara kömək etdikcə cəmiyyətin digər sağlam nümayəndələrinə də pis örnək vermiş oluruq.
Keçmişdə dilənçilik edən, yardım istəyən insanlara çox pis baxılırdı, onlar cəmiyyətin yüksək qınağına hədəf olurdular. Amma indi sanki hər kəs buna normal baxır. Biz real həyatla yanaşı, virtual həyatda da - TikTok platformasında hədiyyələr dilənən, bunun üçün dəridən-qabıqdan çıxan, qız paltarı geyinmiş oğlanları, rəqs edən nənələri görür, getdikcə cürbəcür meymunluq edən şəxslərdən ibarət böyük kütləyə sahib oluruq. Bununla cəmiyyətlə yanaşı kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə də səviyyəli insanlar mübarizə aparmalıdırlar".
Sosioloq əlavə edərək deyib ki, əgər bir insan sağlamdırsa, hətta 4-5 uşağı varsa da, ona yardım etmək qəti olmaz: "Uşaqları necə dünyaya gətiribsə, zəhmət çəkib işləsin, pul qazanıb uşaqların bütün xərclərini ödəsinlər. İndi dilənçiliyin başqa forması da çıxıb. Görürlər ki, heç kim sağlam insanlara kömək etmək istəmir, 5-7 sayda dünyaya uşaq gətirərək dövlətdən və cəmiyyətdən uşaq pulu dilənməyə başlayırlar. Dövlət onların müəyyən mənada iqtisadi vəziyyətlərini düzəltmək üçün sosial yardımlar, yaxud məşğulluq idarəsi onlara avadanlıqlar verəndə həmin avadanlıqları satırlar. Yenidən televiziya, internetə çıxıb dilənirlər. Belə insanlarla cəmiyyət mübarizə aparmasa, onlara arxa çevirməsə, sayları getdikcə artacaq. Dövlət də bu cür insanların məcburi işə cəlbetmə proqramı həyata keçirməlidir.
Polis dəfələrlə dilənçiliklə məşğul olan müəyyən qrup insanları həbs edib. Məhkəmə onları sadəcə cərimələyir və buraxır. Onların yenidən dilənçiliklə məşğul olmayacaqlarına kim təminat verə bilər? Bu insanlar peşəkar dilənçi olub cinayətlə məşğul olmasınlar deyə, onların sonrakı taleyi ilə də məşğul olmaq vacibdir. Bəzi proqramlarla bu insanlar faydalı əməyə cəlb edilməli, işləyib ailələrini dolandırmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB