İşə giriş və çıxış saatlarında sərnişin sıxlığının qarşısını necə almaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

"XX əsrin əvvəlindən etibarən bütün dünyada gedən proseslər Azərbaycana da təsir etdi". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Ekspert sözlərinə belə davam edib: "İstər urbanizasiya, şəhərləşmə, istər qloballaşma Azərbaycanın kiçik qəsəbələrindən tutmuş orta tutumlu şəhərlərində, o cümlədən, iri meqapolis sayılan Sumqayıt, Gəncə, paytaxt Bakıda müəyyən problemləri ortaya qoydu. Şəhərləşmə, nəqliyyat infrastrukturu, paytaxtın planlı küçələri, metro, trolleybus, tramvay, avtobus, marşrut taksiləri, elektrik qatarı kimi çox maraqlı nəqliyyat növlərinin yaranmasına səbəb oldu. Hələ əvvəllər Bakıda bizim bilmədiyimiz “Azadlıq Meydanı”ndan vertolyot qalxırdı. Xəzər dənizində də sərnişin gəmiləri var idi. Milyonlarla insan il ərzində şəhərin müxtəlif yerlərinə, Azərbaycanın müxtəlif bölgələrinə səfər edirdi. Bu, getdikcə böyük problemə çevrilməli idi. Bunu paytaxtımızda artıq müşahidə edirik.

Nəqliyyatın tənzimlənməsi, planlaşdırılması, optimallaşdırılması və sərnişinyönümlü olması ilə əlaqədar həm dünyanın ən aparıcı ölkələrində, meqapolislərində, həm də Azərbaycanda müxtəlif vaxtlarda cürbəcür islahatlar olub. Azərbaycan həmin maraqlı ölkələrdəndir ki, funikulyoru var. Azərbaycanda nəqliyyatın şaxələnməsi, sistemləşdirilməsi hər zaman ehtiyac olunan bir proses kimi bizim şəhərləşmə mədəniyyətimizin bir hissəsinə çevrilmişdir. Son illər Bakının dünyanın aparıcı beyin və iqtisadiyyat mərkəzlərindən, geosiyasi nöqtələrindən birinə çevrilməsi ona gətirib çıxardı ki, ölkəmizin paytaxtına bölgələrdən, hətta yaxın xarici ölkələrdən – Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İran - Cənubi Azərbaycan, Pakistan, Əfqanistan kimi və Avropa ölkələrindən bu prosesə qoşulanlar oldu. Çoxsaylı əhali, turistlər, işləməyə, yaşamağa gələn əcnəbiləri də saysaq, şəhər sürətlə inkişaf etdi. Amma şəhərimizin həm torpaq problemi, həm də qədim şəhər olduğu üçün planlaşdırılmamış küçələri var idi. Bu küçələr isə bu qədər əhalini daşımaq üçün heç cür nəqliyyat sıxlığını aradan qaldıra bilmir. Ona görə də son vaxtlar Bakıda həm də ictimai nəqliyyat, avtobuslar üçün xüsusi xətlər çəkilib, yolların bir hissəsi onlara verilib və digər fərdi nəqliyyata isə günün müxtəlif saatlarında oraya daxil olmaq qadağan edilib. Bu nəqliyyatda sıxlığın aradan qaldırılması, tıxacların yaranmaması üçün düşünülmüş, atılmış addımdır. Hələ ki, bunun effektivliyini görmürük. 50-ci illərdən sonra Azərbaycanda metro tikintisi sürətlə getdi.

Eyni zamanda, şəhərin kənarlarına, kəndlərə elektrik qatarları işləməyə başladı. Son vaxtlar isə metro ilə, elektrik qatarları ilə yanaşı, avtobus və aradan çıxan trolleybus, tramvayları da yada salsaq, marşrut avtobusları, ictimai nəqliyyatın ən çevik növü olan taksilər, bu sıxlığı aradan qaldırmaq üçün həm dövlət, həm sahibkarlar tərəfindən görülən işlər, müxtəlif statistik məlumatlara görə 3 və 5 milyon olan nəqliyyatın sıxlıq problemini aradan qaldıra bilmədi. Hamı bu problemi görür, təkliflər var. Ölkənin müxtəlif düşüncə adamları, o cümlədən mən də tez-tez bununla əlaqədar həm verilişlərə, saytlara, qəzetlərə verildiyimiz açıqlamalarda təkliflər səsləndiririk. Orta, ali məktəb, dövlət orqanları, özəl sektorun işə başlama və işi bitirmə saatları dəyişilməlidir, həm də şəhərin mərkəzindən torpaq və yolların kiçik olduğu yerlərdən onların köçürülməsi nəzərə alınmalıdır. Bununla bağlı paytaxtda Qış parkı salınıb, köhnə məhəllələr sökülür, əvəzinə yüksək mərtəbəli binalar tikilirdisə, orada yollar da genişləndirilib. Biz bunu 28 may ətrafında görürük. Amma yenə də sıxlıq var. Bir çox ölkələrdə ictimai nəqliyyatdan əlavə şəxsi maşınların nömrələrinə uyğun olaraq tək nömrəli maşınları həftənin tək günləri, cüt nömrəli maşınları cüt günlər şəhərə buraxırlar.

Ümumiyyətlə, Bakının mərkəzinə, İçərişəhər də daxil olmaq şərtilə fərdi avtomobillərin girişi qadağan edilməlidir. Tezliklə daxili yanma mühərriki ilə işləyən ictimai nəqliyyatın və taksilərin hərəkəti də qadağan edilməlidir. Şəhərin mərkəzinə, Tarqovuda biz bunu görürük, “Fəvvarələr meydanı”nda, “Dənizkənarı park”da da görürük ki, elektrobuslara ehtiyac var. Fərdi nəqliyyatı isə, xüsusi dayanacaqlar tikməklə yerləşdirmək olar ki, sıxlıq olmasın. İş qrafiki dəyişilməlidir, ictimai nəqliyyatın elektrikləşdirilməsi, elektrik mühərriki ilə işləyən avtobusların həm Azərbaycanda istehsalına başlanılması lazımdır. Artıq bu, tənzimlənir, Çin müəssisələri ilə danışıqlar aparılır və yaxın gələcəkdə Sumqayıtda baş verəcək. Həm də insanlarda velosiped, piyada gəzmək vərdişini təbliğ etmək lazımdır. Metrodan 100 addımlıq yolu da maşınla getmək istəyirlər".

Aydın Xan Əbilov sözlərinə belə davam edib: "Metronun qrafiki dəyişilməlidir və ona uyğun olaraq da qatarlararası pauza, zaman qısaldılmalıdır. Metro tikintisi sürətlə getməlidir. Yalnız yeraltı metro yox, həm də yerüstü metro ilə şəhərin müxtəlif ucqar yerlərini birləşdirmək olar, hətta Sumqayıta da getmək lazımdır. Bunun üçün potensial da var. Yolların genişləndirilməsi ilə bağlı sürətli işlər aparılmalıdır. Şəhərin mərkəzində Moskvada, digər meqapolislərdə olduğu kimi, yerüstü metronun da tikintisini düşünməliyik. Bəzi təkliflər var ki, tramvaylar olsun. Amma tramvaylar həm texniki cəhətdən köhnə nəqliyyat vasitəsi sayılır, həm də elektrobuslar olan yerdə ehtiyac yoxdur. Sıxlıq və tıxacın qarşısını almaq üçün Azərbaycanın bir çox şəhərlərinə ali məktəblərimizi, dövlətin bəzi 2 və 3-cü dərəcəli qurumlarını köçürmək olar. “Ağıllı şəhər” konsepsiyası ilə qurulan Qarabağın bir çox şəhərlərinə böyük meqapolis funksiyasını vermək və bir çox ali məktəbləri də Qarabağda yerləşdirmək olar. Bununla şəhərin sıxlığını nisbətən azaltmaq olar. Bütün dünyada olduğu kimi daha çox fiziki hərəkətə, gəzintiyə üstünlük vermək lazımdır. Çünki bu, həm də sağlamlıqdır. Bu, məktəblilərin, tələbələrin, gənc nəslin də sağlam böyüməsinə kömək edəcək. İnzibati məsuliyyəti və cərimələnməni artırmaq, şəhər ictimai nəqliyyat mədəniyyətini yüksəltmək, bunlarla bağlı maarifləndirici, faktiki layihələr həyata keçirilməlidir. Yaxın gələcəkdə bunlarla bağlı addımlar atmalıyıq, çünki getdikcə şəhər yüklənir, şəhərdə günün əvvəli və sonunda hərəkət etmək mümkün deyil. Amma hələ ki, optimallaşdırma davam edir. Bizi yaxın gələcəkdə nə gözləyir, texniki tərəqqi bunu göstərəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə