"Sürücülər avtomobillərini qış mövsümünə hazırlamalıdırlar" -BAŞ İNSPEKTOR XƏBƏRDARLIQ ETDİ

“Qış mövsümünün gəlişi ilə əlaqədar olaraq sürücülərdən ilk olaraq tələb olunan məsələ avtomobillərini mövsümə hazır vəziyyətə gətirməkdir”. Bu barədə SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə mövsümə uyğunlaşdırmaq baxımından təkərlərə və nəqliyyat vasitəsinin digər texniki göstəricilərinə diqqət etmək lazımdır: “Qışda mühərriklərində problem yaranmaması üçün lazımi qatqılar düzgün istifadə edilmədir. Ümumilikdə avtomobilin qış mövsümünə hazırlığı ilə bağlı hər bir sürücü texniki təhlükəsizliklə bağlı lazımi işləri görməlidir. Anidən havaların kəskin dəyişməsi vaxtında bu işləri görməyən şəxslər üçün yollarda özlərinə və ətraflarındakı insanlara problem yarada bilər. Yarana biləcək problemlərin qarşısını almaq üçün hər bir nəqliyyat vasitəsinin sahibi texniki sazlığa, vaxtında qulluğa diqqət yetirməlidir”.

Baş inspektor qeyd edib ki, Yol Hərəkəti Haqqında qanunun 50-ci maddəsi sürücülərdən tələb edir ki, meteoroloji vəziyyətə uyğun olaraq hərəkət sürətini, görmə məhdudiyyətini düzgün qiymətləndirib yolda ona uyğun formada rəftar etsinlər: “Sürücülər unutmamalıdır ki, yol hərəkəti təhlükəsizliyi qaydaları həyati əhəmiyyətlidir, hər bir mövsümə uyğun formada da nəqliyyat vasitəsini düzgün təchiz edib diqqətdə saxlamaq onları baş verə biləcək ağır yol-nəqliyyat hadisələrindən sığortalamaq üçün ən vacib məsələdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə