Texnologiyanın inkişaf etdiyi, dünyanın çox xırda məsələlərə ciddi yanaşdığı bir dövrdə küçə itlərinin qeyri-qanuni formada, küçənin ortasında öldürülməsi, yandırılması vəhşilikdir, barbarlıqdır.
SİA mövzuyla bağlı araşdırma aparıb. İbtidai icma quruluşunda belə zərərsiz heyvanı öldürmək anormal bir davranış sayılırdı. Deməli belə bir davranış vəhşiliyin çərçivələrinə belə sığışmır. İnsanlar çox vaxt küçə itlərini anti-sanitar vəziyyət yaratdıqları, hürdükləri, aqressiv davranışlar göstərdikləri üçün sevmirlər. Amma bu səbəblərin hamısına ayrı-ayrılıqda baxsaq görərik ki, bunların bir çoxu bizim günahımızdır. Məsələn, bir çoxumuz küçə itlərinin yara-xora içində olduğunu, bədənlərində müxtəlif daxili və xarici parazitlər daşıdığını bilirik. Bəs bunun səbəbi nədir? Satışda ən bahalı daxili parazit dərmanının dənəsi 10 manatdır. Üç aydan bir itə qurd dərmanı verilməsi onu daxili parazitlərdən və onların törədə biləcəyi fəsadlardan qoruyur. Dürüst olaq, bir canı xilas etmək üçün 3 aydan bir 5-10 manat xərcləmək nə dərəcədə çətindir?
Gələk aqressiya məsələsinə. Biz, uşaqlarımız küçədə gördüyümüz itləri vururuq, daş atırıq. Hər bir canlı kimi insanlardan pislik görən itlər də gələn dəfə daha ehtiyatlı olur. Bir insanın əməlinin cəzasını başqa günahsız insanlar çəkir və bizdə belə bir anlayış formalaşır ki, itlər aqressiv və durduq yerə insanlara hücum edən canlılardır. Hürmək məsələsinə gəlincə, dünyada it səsi təbiətin təbii səsi kimi qəbul olunur. Külək, yağış, quş səsi təbii olduğu qədər it səsi də dünyanın, təbiətin səsidir. Onlar əşya yox, təbiətin bir parçasıdır. Dünyanın ən sadiq canlıları olan, lazım gələrsə sahibi üçün ölə biləcək qədər ona bağlı olan bu canlıları gülləyə düzmək, yaralamaq hansı insanlığa sığar.

Dünya "küçə iti" problemi ilə fərqli metodlarla mübarizə aparır. Məsələn, Yaponiyada küçə iti nüfuzu 0 faizdir. Həmçinin Avropada da bu problem yox səviyyəsindədir. Buna səbəb itlərin çoxalmasına ciddi nəzarət olunmasıdır. İnsanlar elə başa düşür ki, bunu yalnız dövlət etməlidir. Lakin dünya praktikası bu məsələnin sadəcə 20 faizinin dövlət tərəfindən həll olunduğunu göstərir. Yəni burada yükün əsas hissəsi vətəndaşların üzərinə düşür. Birinci növbədə, it sahiblənərkən qətiyyətli, əmin olmalıyıq. Bu dəqiqə küçədə gördüyümüz itlərin hamısı insanların küçəyə atdıqları itlərin öz aralarında çoxalması nəticəsində yaranan, ya da birbaşa küçəyə atılan itlərin özləridir. Bir çoxumuz anlıq həvəsə gəlib it sahiblənirik. Daha əvvəl sadəcə quş, pişik, balıq saxlayanlar itin də o ev heyvanları qədər asan qulluq tələb etdiyini düşünürlər. Buna görə də ən xırda çətinliklə üz-üzə qaldıqda it ya satılır, ya da küçəyə atılır. Qəribəsi odur ki, daha sonra eyni adamlar küçə itlərindən şikayət etməyə başlayırlar.

Sahibsiz itlər bir çox Avropa ölkəsində mütəmmadi olaraq peyvəndlənirlər, qısırlaşdırılırlar. Daha sonra onlar sığınacaqlara yerləşdirilir. Bir müddət orada qaldıqdan sonra heç kim onları sahiblənmirsə onlara evtanaziya tətbiq olunur. Yəni ağrısız formada öldürülürlər. Bu özü də etik cəhətdən mübahisəli mövzu ikən, küçənin ortasında sağlam, qısırlaşdırılmış itləri güllə ilə öldürmək, yaralamaq nədir? Bu hərəkət nə dini, nə qanuni, nə də əxlaqi çərçivəyə sığmır.
Bəs görəsən bu problemin qabağını necə almaq olar? Hansı tədbirlər görülə bilər? Belə hadisələr niyə baş verir?
Araşdırmamızı daha da genişləndirmək üçün Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan fikirlərini aldıq: "Dünyanın bir çox ölkələrində ətraf mühitə, təbiətə, heyvanlara qarşı kobud rəftarla biz tez-tez rastlaşırıq. Azərbaycanda da bu problemlər var. Əhalinin ətraf mühitlə bağlı baxışları təcili sürətdə dəyişilməlidi. Biz istər şəhəriçi, istər digər məkanlarda çox kobudcasına canlı aləmə vurulan zərbələri görürük. Bəziləri itlərin gözünü çıxarır, onları boğur, öldürür. Bununla əlaqədar çoxsayılı faktlar sosial şəbəkələrdə gün üzünə çıxarılır.
Biz tez-tez magistral yollarda çöl heyvanlarını, yolu keçən itləri, pişikləri vurub yaralı şəkildə orada qoyub gedən insanlara, aidiyyatı qurumların ev və sahibsiz heyvanlara qarşı laqeydliyinə şahid oluruq. Ancaq vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Azərbaycan xalqı belə kobudluqlara, qeyri-humanist davranışlara "yox" deməlidir. Xüsusən gənc nəslin bu barədə maarifləndirilməsinə xüsusi önəm verilməlidir. Kiçik bakteriyadan tutmuş filə qədər, həmçinin ağacların, bitkilərin bu həyatda, təbiətdə özünəməxsus yeri var. Onların məhv edilməsi həyatımızın məhv edilməsi deməkdir. Bu baxımdan istər aidiyyatı qurumlar, istərsə də əhali arasında maariflənməyə böyük ehtiyac var. İnsanlar özlərini sivil toplumun nümayəndələri kimi aparmalıdırlar. Biz sahibsiz itlərə, ev itlərinə, pişiklərinə, bir sözlə heyvanlara qarşı sayqı ilə yanaşmalıyıq. Sahibsiz it problemi ilə mübarizə aparan qurumlar onları güllələməklə, öldürməklə məsələni həll etməməlidirlər. Sahibsiz heyvanlar lazımi formada toplanıb, onlar üçün ayrılmış sığınacaqlara aparılmalıdırlar. Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəriyliyi altında fəaliyyət göstərən "İDEA" İctimai Birliyi bu barədə çox ciddi işlər görür. Onlar itlər, pişiklər üçün sığınacaqlar tikir, onların qayğısına yüksək səviyyədə qalırlar. Biz bu gözəl addımlardan ibrət götürməliyik".
Mövzumuzla əlaqədar olaraq sahibsiz itlərə təmannasız kömək edən, məsələ ilə bağlı bir çox ictimai təbliğatlar aparan, könüllü Afaq Kazımovaya da müraciət etdik: "Sahibsiz heyvanların öldürülməsi qətiyyən yol verilməzdir; həm qanunla qadağandır, həm də insanı cəhətdən qəddarlıq nümunəsidir.
Əhalinin bir hissəsi itlərdən qorxa, çəkinə bilər, burda qeyri-adi heçnə yoxdur, amma qorxmaq ölümə səbəbiyyət gətirməməli, insanlarla bu sahədə maarifləndirmə aparılmalıdır, necə ki "İDEA " İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzi mütəmadi olaraq məktəb və bağçalarda heyvanlarla davranış qaydaları haqqında maarifləndirmə tədbirləri gorür. Sakinlər anlamalıdır ki heyvanlar da bizim kimi təbiətin bir parçasıdır. Heyvana bu gün haqsızlıq olunur, həyatı əlindən alınırsa, sabah o haqsızlıq eynilə insana qarşı edilə bilər. Eləcə də digər bir kəsim heyvanları sevir, uşaqları onları bəsləyir və uşaq bəslədiyi heyvanln öldüyünü biləndə dərin sarsıntı yaşayır.
İtlərin sayının nəzarətdə olması, atmaması üçün yeganə humanist yol qısırlaşdırılma və eyni zamanda xəstəliklərin qarşısını almaq üçün mütəmadi peyvəndləmə aparılmasıdır. Həyətində, evində it saxlayan insanlar o itə ailə üzvü kimi yanaşmalı, onun bir müddət sonra küçəyə atılmasının, balalarının azdırılmasının cəza və cərimələrlə qarşısı alınmalıdır. Təəssüf ki bu sahədə kifayət qədər maarifləndirmə yoxdur, küçədə sahibsiz itlərin çoxalması da sırf insan əməlidir. Eləcə də sığınacaqlar olmalı, müəyyən sayda heyvanlar müvəqqəti sığınacaqlarda qalmalı, insanlar heyvan sahiblənərkən rəsmi cavabdehlik imzası ilə sığınacaqdan sahiblənməlidir. Bunlar hamısı mərhələli və düzgün şəkildə həyata keçirilməlidir, ancaq təkrar edim ki, insanlar evində baxdıqları heyvanları vaxtında qısırlaşdırmasalar, sağlam şəkildə ona həyatının sonuna qədər baxmasalar, küçəyə atsalar bu problemin həllini çətinləşdirəcək. Sığınacaq, qısırlaşdırma və peyvəndləmə işlərində könüllülər və dövlət birgə çalışmalıdır".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB