Vətən qəhrəmanları ilə öyünür - MASALLIDA TƏDBİR

Masallı rayon Mərkəzi Kitabxanasında şəhid Əbdülrza Rəfibəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə başlamazdan öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Əbdülrza Şəmməd oğlu Rəfibəyli 2 iyun 1998-ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub.

O, 2004-2015-ci illərdə N.Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb.

Məktəbi bitirdikdən sonra 27 iyul 2016 ci ildən 4 yanvar 2018 - ci ilə kimi Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət edib. Hərbi təlimlərdə döyüş vərdişlərinə yiyələnərək topçu ixtisası üzrə təcrübə qazanmışdı.

Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzə ilə çıxış edib. O, çıxışında qəhrəman şəhidimizin şərəfli döyüş yolu haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, 2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra Əbdülrza Rəfibəyli cəbhəyə könüllü getmək üçün müraciət etmişdi. O, sentyabrın 21-dən hərbi təlimlərə qatılmışdır. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib.

Qeyd olunub ki, oktyabrın 23-də Əbdülrza Rəfibəyli Xocavənd- Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasna həlak olub.

Şəhid olandan 40 gün sonra nəşi tapılıb.

Dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə